Azərbaycanda mülki silah necə əldə edilir? - QAYDALAR
26 noyabr 2021 15:21 (UTC +04:00)

Azərbaycanda mülki silah necə əldə edilir? - QAYDALAR

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu mülki silahın əldə edilməsi ilə bağlıdır.

Məlumdur ki, Azərbaycanda xidmət sahələrinə görə, qanuna uyğun olaraq xidməti  silah verilir. Bəs görəsən sadə vətəndaşlar odlu silahı necə əldə edə bilər?

Rubrikamızın sualına Daxili İşlər Nazirliyindən aydınlıq gətirilib.

Bildirilib ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır:

Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir.

Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

Ərizə (polis orqanından alınmış blank doldurulur)

Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

Sağlamlıq haqqında tibbi arayış;

3x4 sm ölçüdə iki ədəd fotoşəkil.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.

Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir. Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır. Onlar xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Silahın Azərbaycan Respublikasından aparılma müddəti pozularsa həmin silah müsadirə olunur.

Bundan əlavə, odlu silah əldə etmək üçün tələb olunan dövlət rüsumlarının miqdarı da açıqlanıb:

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının qanununun 18.55-ci bəndinə əsasən odlu ov və ya idman silahının saxlanılması,  təyinatı üzrə istifadə edilməsinə şəhadətnamənin verilməsi üçün 
 
-   ilkin qeydiyyata görə 10 manat;
-   idman silahlarının təkrar qeydiyyatına görə 5 manat;

xidməti silahın əldə edilməsinə icazənin verilməsinə:
-   ilkin qeydiyyata görə 10 manat;
-   təkrar qeydiyyatına görə  5 manat
dövlət rüsumunun ödənilməsi nəzərdə tutulub.

DİN-dən bildirilib ki, aşağıdakı hallarda vətəndaşa mülki silah əldə etməsinə xüsusi icazə verilməsindən imtina edilir:

“Onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən çox odlu ov və ya idman silahı olduqda;

Haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks-göstərişi olduqda;

Ağır cinayətlərə görə, habelə silah və sursatdan və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

Ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya sursatdan istifadə etməklə törədilmiş digər xətalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən 1 il müddətində);

Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

Silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda;

Yaşayış yeri müəyyən olunmadıqda”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4833
avatar

Mehman Nəbiyev

Oxşar yazılar