Yağıntılı hava şəraiti Lənkəranın dağ kəndlərinə gedən yollarda növbəti uçqunlara səbəb olub.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, leysan xarakterli yağışlardan sonra Lənkəran rayonunun 7 kəndinə aparan yolda uçqunlar olub. 22 km-lik Hirkan-Daşdatük-Biləsər yolundakı deformasiyalar bir neçə vaxtdır ki, nəqliyyatın hərəkətinə çətinliklər törədir.
Dağ yamaclarından keçən bu yol 2018-ci ildə dövlət investisiyası hesabına çəkilərək istifadəyə verilib. Sakinlərin bildirdiyinə görə, yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Yolda elə hissələr var ki, çökmə nəticəsində təxminən 1 metr yarım enində, 15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var. Bu da istənilən anda yeni uçqunları qaçılmaz edir.
AAYDA-nın Lənkəran 48 №-li Yol İstismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov məsələ ilə bağlı APA-ya müsahibəsində bildirib ki, yol yüksək səviyyədə tikilib istifadəyə verilsə də, yolun 7-9-cu kilometrliyindəki ərazilər sürüşməyə tez-tez məruz qalır. “Əsasən də payız-qış dövründə yağış, qar sularının təsirindən aşağı yol yamaclarında sürüşmələr baş verir. Təşkilatlardan mütəxəssislər dəvət etmişik, hamısı bu işlə maraqlıdırlar. Lazım olan təklifləri hazırlayıb, aparmışlar. Yaxın gələcəkdə onların köməyi ilə çalışacağıq ki, bu çətinlikləri aradan qaldıraq”.
Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulsa da, bu, sözügedən yolda yaşana biləcək bədbəxt hadisələrdən sığortalamır. Təmir-bərpa işləri başlayan vaxta kimi ümid edək ki, yoldan istifadə edən sürücülər ehtiyatlı davranaraq özlərinin və sərnişinlərinin həyatını riskə atmayacaqlar.