Xəbər verdiyimiz kimi, İranda həbs edilmiş Fərid Səfərli Azərbaycana qaytarılıb.
Lent.az xəbər verir ki, Anası Dilarə Kazımova şəxsi “Facebook” hesabında oğlu Fəridin həbs edilməsiylə bağlı status paylaşıb. O bildirib ki, 18 Yanvar 2025, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi:
Əlbəttə mən istəyərdim daha tez olsun, amma açığını desəm, Fəridin Sepah adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dediklərini eşidəndən sonra düşünürəm ki, bu vəhşilər uşağı günahsız yerə edam da edə bilərmişlər. Biz onun 1 aya azad olunacağı ümidləri ilə yaşayarkən, Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona: "Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir”.
O, bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirib:
“Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Bu işdə iştirak etmiş hər bir əməkdaşa xüsusən, səfirimiz Əli müəllimə, səfirliyin əməkdaşı Fariz müəllimə təşəkkür edirəm!
Fəridin başına gələnlər haqqında bütövlükdə danışsam düşünürəm ki, bir statusa sığmaz, bəlkə də bir kitab yazmaq olar. Ona heç bir aiddiyatı olmayan mövzularla uşağı saatlarca dindirməklə mənəvi cəhətdən məhv ediblər. Məsələn, yapışıblar yaxasından ki, cavab ver “Niyə Azərbaycan dövləti İsraillə dostluq münasibətləri saxlayır?” və sair və sair.Və düşünün ki, Avropada təhsil almış bir gənci başı əmmaməli molla ittiham edir (İranda inqilab məhkəməsində hakimlər, hüquqşünaslar deyil, mollalardır). Deyir bütün bu işləri görən adamlar, hələ azanın vaxtı gələndə tez prosesi dayandırıb, qaçırdılar ibadət etməyə və bu riyakarlıq oranı daha da dözülməz edirdi. İnsana ən çox təsir edən də bu vəhşilər uşağa əziyyət ediblər ki, sən casussan və öz tapşırığını yerinə yetirmək üçün bizim bir qızımızdan istifadə etmisən, halbuki bu uşaq ora sadəcə pak, həqiqi hisslərlə getmişdi. Əslində, isə istər Sepahın terroristləri, istərsə də rejimin mollaları özləri xanımlardan bütün məqsədləri üçün sui-istifadə edirlər.
Sepahın istintaqı gedərkən ilk 51 gün ( ilk 3 gün 2 kv.m -lik kiçik bir hücrədə)kiçik bir otaqda tək- tənha asılmaq təhlükəsi ilə yaşamaq, ailəsini bir də görə bilməyəciyini düşünmək, hər gün ailəsinə, vətəninə yağdirilan söyüşləri eşitmək nə qədər dəhşətlidir, hələ başqa nələr”.
O qeyd edib ki, bütün bunlar Fəridi dərin depressiya vəziyyətinə salıb:
“Bunu onu təhvil alan DTX əməkdaşları da təsdiq edə bilər.Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər.Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir. Biz onun sağlamlığına qovuşması üçün əlimizdən gələni edəcəyik və ümidvaram ki, TƏBİB də bu məsələdə əlindən gələn köməyi bizə göstərəcək.
Statusumu Fəridin sözləri ilə bitirmək istəyirəm:
“İran rejimi 23 ay azadlıqdan daha çoxunu aldı məndən. Sanki Oruellin həmin məşhur, mental olaraq işgəncə və dəhşət dolu əsərini reallıqda yaşamaq kimi idi bu.”
Sonda bu azadlığa sevinən, məni təbrik edən hər kəsə təşəkür edirəm!
Prezident Administrasiyası, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında “casusluq” ittihamı ilə saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
***
20 yanvar
Saat 17:49
Fərid Səfərli Azərbaycana qaytarılıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
***
16:04
İranda günahsız yerə həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda Azərbaycandadır.
Qeyd edək ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə məlumat verməkdən imtina edib.
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.
Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib./musavat.com