Polis mayoru və İcra Hakimiyyətinin şöbə müdiri qətl sifariş veriblər
08 may 2009 14:00 (UTC +04:00)

Polis mayoru və İcra Hakimiyyətinin şöbə müdiri qətl sifariş veriblər

MTN xüsusilə ağır ictimai təhlükəli cinayətin qarşısı alıb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş preventiv əməliyyat tədbirləri nəticəsində, qabaqcadan əlbir olaraq əmlakı qəsdən məhv etmək məqsədilə yandırma və partlatma, habelə sifarişlə qəsdən adam öldürmə cinayətlərinin törədilməsini planlaşdıran bir qrup şəxs bu niyyətlərini reallaşdırmaq ərəfəsində zərərsizləşdirilib, xüsusilə ağır ictimai təhlükəli cinayətin qarşısı alınıb.


MTN ictiami əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları - Ağamirov İbrahim Miriş oğlu, Quliyev Bulud İnqilab oğlu, Cəlilov Şahbaz İsmayıl oğlu və Ələkbərov Ələkbər Rövşən oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında 2009-cu ilin aprel-may aylarında aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Rüstəmov Fizuli Yəhya oğluna külli miqdarda ziyan vurmaq məqsədilə ona məxsus əmlakı yandırmaq və partlatmaq yolu ilə məhv etməyə cəhd göstərib, eləcə də onun qəsdən öldürülməsi üçün hazırlıq işləri görüblər.


Müəyyən edilib ki, Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin rəisi polis mayoru İbrahim Ağamirov xidmət etdiyi ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fizuli Rüstəmovla aralarındakı şəxsi münasibətlər zəminində ondan qisas almaq niyyətilə əvvəlcə Fizuli Rüstəmovun Ağcabədi rayonunun girəcəyində yerləşən “Yəhya-Petrol” yanacaq doldurma məntəqəsini yandırmaq və partlatmaq yolu ilə ona külli miqdarda ziyan vurmaq, bundan sonra isə onu öldürmək qərarına gəlib.

İbrahim Ağamirov bu məqsədlə tanışı, Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Ağcabədi rayon sakini Bulud Quliyevlə görüşüb öz niyyətini açıqlayıb və «Yəhya-Petrol» yanacaq doldurma məntəqəsini yandırmağı və partlatmağı, bundan sonra isə Fizuli Rüstəmovu öldürməyi ona sifariş verib.

Bu cinayət əməlinin yerinə yetirilməsinə razılıq verən Bulud Quliyev sifarişin icrası üçün tanışı, qəsdən adam öldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Şahbaz Cəlilov ilə Bakı şəhərində görüşərək, Ağcabədi rayonunda yaşayan bir nəfərlə aralarında ədavət olduğundan həmin şəxsə məxsus yanacaq doldurma məntəqəsini yandırmağı və partlatmağı tapşırıb, bunun müqabilində 3 min, onu öldürmək üçün isə 10 min ABŞ dolları verəcəyini vəd edib.

Bulud Quliyevin bu təklifi ilə razılaşan Şahbaz Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbər Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirib, Ağcabədi rayonunun girəcəyində yerləşən «Yəhya-Petrol» yanacaq doldurma məntəqəsinin yandırılması və partladılması müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından 1 minini özünə götürəcəyini, 2 min ABŞ dollarını isə ona verəcəyini vəd edib.

Bundan başqa, Şahbaz Cəlilov həmin yanacaq doldurma məntəqəsinin sahibinin öldürülməsi müqabilində isə sifarişçinin onlara daha 10 min ABŞ dolları verəcəyini də deyib və Ələkbər Ələkbərov bu təkliflə razılaşıb.


2009-cu il mayın 2-də Şahbaz Cəlilov Bulud Quliyevə onun sifarişini yerinə yetirəcək bir nəfəri tapdığını və həmin şəxsi onunla görüşmək üçün Ağcabədi rayonuna göndərdiyini bildirib, həmçinin Ələkbər Ələkbərovun istifadəsində olan mobil telefon nömrəsini də ona verib.

Bulud Quliyev və Ələkbər Ələkbərov Beyləqan-Ağcabədi yolunda yerləşən «Görüş-Petrol» adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmək barədə razılaşıblar. Bulud Quliyev özünün «KIA-Sorento» markalı avtomobili ilə Ələkbər Ələkbərovu qarşılayıb və onu Ağcabədi rayonunun girəcəyində yerləşən Fizuli Rüstəmova məxsus «Yəhya-Petrol» yanacaq doldurma məntəqəsinin yanına gətirərək buranı nişan verib.

Beləliklə, Bulud Quliyev və Ələkbər Ələkbərov qeyd olunan yanacaq doldurma məntəqəsinin elə həmin gecə saat 01-03 radələrində yandırılması və partladılması barədə razılaşıblar.


Bulud Quliyev qeyd olunan yanacaq doldurma məntəqəsinin sahibinin öldürülməsini də planlaşdırdıqlarını və bu barədə Şahbaz Cəlilovla əvvəlcədən razılaşdıqlarını, bunun müqabilində ona 10 min ABŞ dolları məbləğində pul verəcəyini vəd etdiyini, lakin hazırda 8 min ABŞ dolları pullarının olduğunu Ələkbər Ələkbərova bildirib. Sonuncu sifarişli qətli bu məbləğ müqabilində də yerinə yetirəcəyinə razı olub. Sonra Bulud Quliyev ilkin olaraq «Yəhya-Petrol» yanacaq doldurma məntəqəsini yandırmağı və partlatmağı Ələkbər Ələkbərova tapşırıb və bu işin görülməsi üçün ona 500 ABŞ dolları məbləğində beh verib, pulun qalan hissəsini isə tapşırıq icra edildikdən sonra ödəyəcəyini vəd edib.

MTN-in keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri ilə bu təhlükəli cinayətin qarşısı vaxtında alınmış, onu törətmək istəyən şəxslər yaxalanıblar. Şahbaz Cəlilov tərəfindən qardaşı Elşən Cəlilovun yaşadığı Bakı şəhərindəki mənzildə gizlədilmiş 1 ədəd «Makarov» tipli tapança, ona aid 1 ədəd tapança darağı və 20 ədəd patron sonuncu tərəfindən könüllü olaraq təhvil verilib. Eyni zamanda, Şahbaz Cəlilovun özünün yaşadığı Bakı şəhərindəki mənzilindən 14 ədəd 5,45 mm çaplı avtomat patronu, Ələkbər Ələkbərovun üzərindən 1 ədəd «RQD-5» tipli əl qumbarası, 1 ədəd «UZRQM» tipli qumbara alışdırıcısı və cinayətin törədilməsi məqsədilə beh kimi Bulud Quliyevdən qəbul etdiyi 500 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq), 28,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq), 29,186.2.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd) və 29,186.2.2-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla

və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. İbrahim Ağamirov, Bulud Quliyev, Şahbaz Cəlilov və Ələkbər Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar