Badamdarda sürüşmə davam edir
03 dekabr 2012 18:01 (UTC +04:00)

Badamdarda sürüşmə davam edir

Bakının Səbail rayonu ərazisində baş verən sürüşmə zonasında vəziyyət kritik olaraq qalır. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, “Bəyoğlu” restoranın qarşısındakı sürüşmə zonasında gərginlik hələ də davam edir, stabilləşmə yoxdur. Hadisə yerində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sürüşmə dinamikası ilə bağlı monitorinqlər aparır.

Nazirliklərin nümayəndələri bildiriblər ki, sürüşmənin baş verməsinə səbəb həmin ərazidən yuxarıda yerləşən su-kanalizasiya xətləri sularının yamaca axıdılması olub. Sürüşmə ərazisində dekabrın 1-də 10 metr, dekabrın 2-də 1 metr, bu gün isə 0,5 metr hərəkət müşahidə edilib. Sürüşmə ərazisindən yuxarıda 8-9 qaya parçaları hələ də asılı vəziyyətdə qalıb. Onların gələcəkdə hərəkət etməsi isə həm yola, həm də yaşayış evlərinə təhlükə yarada bilər. Bundan əlavə, yamacın orta hissəsi orada baş verən qırılmadan sonra yuxarıda qalıb və əraziyə təhlükə yaradır. Onun hərəkət etməsi yolun tamamilə bağlanmasına səbəb ola bilər. Sürüşmə baş verən ərazidən yuxarıda isə xeyli sayda həyət evləri, hətta beşmərtəbəli bina var. Hadisə baş verdikdən sonra Səbail rayon İcra Hakimiyyətinin xəbərdarlığına əsasən, sakinlər evlərindən çıxarılıb və qohumlarının, tanışlarının evlərində məskunlaşıblar.

Sürüşmə baş verən ərazidə maşınların hərəkəti də məhdudlaşdırılıb. Ötən gün axşamdan etibarən həmin əraziyə bütün istiqamətlərdən maşınların hərəkətinə qadağa qoyulub. Lakin hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, bəzi maşınların sürücüləri qadağaya baxmayaraq, yolun bağlandığını bildirən beton plitələri, trubaları kənara çəkərək nəqliyyatın hərəkətini təmin edirlər. Nazirlik nümayəndələri də bildirib ki, belə sürücülərə yolun bağlı olması barədə nə qədər xəbərdarlıq edilsə də, onlar buna heç bir əhəmiyyət vermədən sürüşmə ərazisində nəqliyyatın hərəkətini davam etdirirlər.

Qeyd edək ki, sürüşmə hadisəsi Badamdar yaylasının şərq yamacında qeydə alınıb. Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədər olub. Hazırda sürüşmə zonası çətin və mürəkkəb ərazi olduğuna görə həmin zonaya texnika cəlb etmək mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294

Oxşar yazılar