ABŞ prezidenti Barak Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirləndirilən Pol Kevin Kertis zaminə buraxılıb. İş üzrə aprelin 24-nə təyin olunmuş dinləmələr isə ləğv olunub
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, zamin qismində çıxış etmiş şəxsin kimliyi açıqlanmayıb.
Xatırladaq ki, aprelin 15-16-da prezident Obama və bir neçə senator tərkibində öldürücü ritsin zəhəri olan məktub alıb. Senatorlara tərkibinə öldürücü ritsin zəhəri hopdurulmuş məktubları göndərməkdə şübhəli bilinən 45 yaşlı Kennet Kertis adlı şəxs həbs olunub.
Kertis bütün ittihamları rədd edir və özünü təqsirli saymır. O, təqlidiçi musiqiçidir. Səhnədə Elvis Presli və Baddi Hollini yamsılayır. Qohumları onun konspirologiya ilə də məşğul olduğunu deyiblər. Onların sözlərinə görə, K.Kertis öz bloqunda ABŞ hakimiyyətinin insan orqanlarının alveri ilə qanunsuz məşğul olmasından da yazıb.