Almaniya “Google” şirkətini istifadəçilərin fərdi məlumatlarını toplamasına görə 145 min avro cərimələyib.
Lent.az-ın Rabitə və İnofrmasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Hamburq İnformasiya Mühafizəsi üzrə Dövlət Agentliyi “Google” şirkətinə məxsus “Street View” servisi üçün fotoşəkillər çəkən avtomobilin köməyi ilə mühafizəsiz simsiz şəbəkələrdən istifadəçi məlumatlarını toplaması ilə bağlı qərar çıxarıb.
İstifadəçi parolları, elektron poçt ünvanları və fotoşəkillər daxil olmaqla məlumatlar 2008-2010-cu illər arasında yığılıb. “Google” şirkəti isə bildirir ki, heç vaxt istifadəçilərin fərdi məlumatlarını özündə saxlamayıb.
Qeyd edək ki, oxşar pozuntulara görə şirkət 2011-ci ildə Fransa hüquq tənzimləyiciləri tərəfindən 100 min avro məbləğində cərimə olunmuşdu.