Böyük Britaniyada tikilməkdə olan atom elektrik stansiyası siçovullarla dolub.
Lent.az “The Guardian”a istinadla bildirir ki, Somersetdəki “Hinkley Point C” atom elektrik stansiyasının işçiləri gəmiricilərin istilasına görə məyus olduqlarını deyiblər. Onların sözlərinə görə, siçovulların populyasiyası o qədər çoxalıb ki, insanlar artıq onlardan qorxmurlar. "Baxırsan - onlar orada oturub sənə baxırlar. Yeməkxanaların yaxınlığında daha da pisdir" deyə inşaatçılardan biri paylaşıb.
Həmkarlar ittifaqları tikinti prosesinə nəzarət edən Fransanın EDF enerji korporasiyasına rəsmi şikayət verib. “Hinkley Point C”nin sözçüsü problemin həll olunacağına söz verib: "İri tikinti sahələrində bəzən zərərli heyvanların olması da müşahidə oluna bilər. Xüsusi şirkət vəziyyəti qiymətləndirib və artıq tədbir görür".
“Hinkley Point C”nin tikintisinə 2018-ci ildə başlanılıb. İşlərin tamamlanma tarixləri dəfələrlə təxirə salınıb və maliyyə xərcləri ilkin təxminləri xeyli üstələyib. Reaktorun 2030-cu illərin birinci yarısında istismara verilməsi gözlənilir.