Çində labubu oyuncağı verilməyən azyaşlı oğlan hirslənib və təxminən 56 min dollar dəyərində əmlakı sındırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, zərərçəkmiş kişinin sosial şəbəkələrdə yazdığına görə, qohumları uşaqları ilə birlikdə evlərinə qonaq gəlib. Oğlan labubu kuklasını, üzərində bahalı aksesuarlarla bəzədilmiş halda görüb və onu istəyib.
Rədd cavabı alanda isə əsəbiləşərək pultu tavana atıb, güzgülü şüşə panelləri sındırıb, ardınca italyan istehsalı kristal çilçırağı zədələyib. Mənzil sahibinin sözlərinə görə, uşaq baş verənlərdən sonra heç bir peşmanlıq da göstərməyib.
Oğlanın valideynləri bütün zərəri ödəmək üçün çox kasıb olduqlarını bildiriblər və 2800 dollar məbləğində kompensasiya təklif edərək bunu iki mərhələdə ödəyəcəklərinə söz veriblər. Onlar həmçinin hadisənin ictimaiyyətə çıxarılmamasını xahiş ediblər, bunu oğullarının “emosional vəziyyəti” ilə izah ediblər.