Braziliyanın Qoyas ştatında yerləşən Qoyatuba xəstəxanasının iki həkimi 2 yaşlı oğlan uşağının ölümünə görə ehtiyatsızlıqdan adam öldürmə və səhlənkarlıqda ittiham olunur. Həkimlər, uşağın burnunda ilişib qalan popkorn dənəsini çıxarmaq üçün sıxılmış hava şlanqından istifadə etməyə cəhd göstəriblər ki, bu da onun ağciyərinin və mədəsinin cırılmasına səbəb olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, valideynlər yad cisimi özləri çıxara bilmədiyi üçün xəstəxanaya müraciət ediblər. Həkimlər əvvəlcə pinsetlə uğursuz cəhd ediblər, sonra isə hava şlanqından istifadə etmək qərarına gəliblər. İki “üfürmə” cəhdindən sonra ata uşağın qarınının qeyri-təbii şəkildə şişdiyini görüb. Sonradan məhkəmə-tibbi ekspertiza təsdiqləyib ki, hava təzyiqi uşağın ağciyərini və mədəsini parçalayıb.
Təhlükəli simptomlara baxmayaraq, həkimlər uşağa qaz əmələ gəlməsinə qarşı dərman verərək evə göndəriblər. Bir müddət sonra körpənin vəziyyəti kəskin pisləşib və xəstəxanaya aparılarkən yolda vəfat edib. Polis təsdiqləyib ki, bu metodun uşaqlara qarşı istifadəsi qəti qadağandır.
Valideynlər vəkil tutub və günahkarların cəzalandırılması üçün mübarizə aparmaq niyyətindədirlər. Araşdırma davam edir, bu faciə isə ölkədə tibbi xidmətin keyfiyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib və geniş ictimai rezonans doğurub.