Kuba və Böyük Britaniya alimləri yalnız Kubanın şərqində yaşayan Polymita cinsinə aid nadir ağac ilbizlərinin qorunması layihəsinə start veriblər. Bu mollyusklar qəribə naxışlı parlaq qabıqları ilə tanınır, buna görə də onlar dünyanın ən gözəl ilbizləri kimi ad qazanıblar.
Lent.az ekoloji mətbuata istinadla xəbər verir ki, heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyan məhz onların gözəlliyidir: qabıqlar kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilir və zinət əşyalarının hazırlanmasında istifadə olunur. “Polymita”nın Kubadan ixracına dair beynəlxalq qadağalara baxmayaraq, ilbiz qabığı ticarəti davam edir və populyasiyanı məhv olmağa doğru aparır.
Ən çox nəsli kəsilməkdə olan növ mavi naxışlı və parlaq zolaqlı açıq yaşıl rəngi ilə seçilən “Polymita sulphurosa”dır. Brakonyerlikdən başqa, ilbizlər meşələrin qırılması və iqlim dəyişikliyinin təzyiqi altındadır.
“Polymita”nın altı məlum növünü qoruyub saxlamaq üçün ioloqlar iki istiqamətdə iş aparırlar: Kubalı mütəxəssislər ilbizləri əsirlikdə yetişdirir, Nottingem Universitetinin komandası isə onların genetik kodunu təhlil edir. Bu, molyuskların təkamülünü və onların unikal rənglənməsinin səbəblərini dərk etməyə, həmçinin onların qorunmasına dair tədbirləri inkişaf etdirməyə kömək edəcəkdir.
“Şərqi Kuba dünyada bu ilbizlərin rast gəlindiyi yeganə yerdir. Əgər indi tədbir görülməsə, onları həmişəlik itirə bilərik”, - deyə təkamülçü genetik və layihənin iştirakçısı professor Anqus Devison vurğulayır.
Alimlər ümid edirlər ki, tədqiqatların nəticələri və beynəlxalq ictimaiyyətin birgə səyləri təkcə “Polymita”nın heyrətamiz rəngini deyil, həm də bu nadir növlərin özünü qoruyub saxlamağa imkan verəcək.