Yay ikinci əl avtomobil almaq üçün ən pis vaxtdır. 2023–2024-cü illərdə 40 milyondan çox müqaviləni təhlil edən analitik şirkət bildirir ki, isti mövsümdə sərfəli təklif tapmaq ehtimalı üçdə birdən çox azalır.
Lent.az xəbər verir ki, xüsusilə iyun ayında avtomobili bazar qiymətindən 5% ucuz almaq şansı ilin orta göstəricisi ilə müqayisədə 30,4% azalır. May və iyulda vəziyyət bundan çox da yaxşı deyil. Azalma müvafiq olaraq 27,8% və 22,5% təşkil edir. Bayram və istirahət günlərində isə sərfəli təklif tapmaq daha da çətinləşir.
Bunun səbəbi sadədir: yayda tələbat artır, insanlar daha tez-tez avtomobil alır və dilerlər qiymətləri endirməyə ehtiyac görmürlər.
Qış alış üçün ideal vaxtdır
Əksinə, qışda vəziyyət tamamilə dəyişir. Yanvar sərfəli alış üçün ən yaxşı ay hesab olunur: belə təkliflərin payı illik ortalamadan 41,1% daha yüksəkdir. Dekabr və fevral da qənaət imkanı yaradır: bu aylarda göstəricilər 30%-i keçir. Xüsusilə Yeni il günləri əlverişlidir: bu dövrdə qiyməti bazardan azı 5% aşağı olan avtomobillərin sayı demək olar ki, 50% artır.
Mütəxəssislər bunu soyuq hava və bayram qayğıları səbəbindən alıcı axınının azalması ilə izah edirlər. Dilerlər diqqət cəlb etmək üçün endirimlər təklif etməyə məcbur qalırlar. Onlar alıcılara yalnız reklam stikerlərinə aldanmamağı, avtomobilin qiymətinin həqiqətən də bazar dəyərindən 5% aşağı olub-olmadığını diqqətlə yoxlamağı məsləhət görürlər.