Futuroloqların yeni araşdırması görünür ki, alimləri uzun illər düşündürən qədim suala cavab tapıb. Onlar kainatın məhz necə sonlanacağını və bunun nə vaxt baş verəcəyini açıqlayıblar.
Lent.az xəbər verir ki, Oksford Universitetinin futuroloqu Tobi Ordun məlumatına görə, 75 il ərzində bütün insanlar sivilizasiyanın fəlakətli və tam çökməsi nəticəsində məhv olacaq.
Onun həmkarı Nik Bostrom isə daha da bədbin yanaşır. O, insanlığın növbəti əsrə qədər məhv olma ehtimalını dörddə bir nisbətində qiymətləndirir.
Pulitser mükafatı laureatı, yazıçı Cared Daymond isə proqnozlaşdırır ki, bizim növün 2050-ci ildən, yəni cəmi 25 ildən sonra sağ qalma şansı yarı-yarıya bərabərdir. Yəni 50/50-dən yaxşı deyil.
Tədqiqatçılar insanlığın üzləşdiyi çoxsaylı ekzistensial təhlükələri göstərirlər: təkcə nüvə silahı deyil, həm də idarəolunmaz iqlim dəyişiklikləri, süni yaradılmış viruslar və hətta öz super silahını istehsal edə biləcək süni intellekt.
Bu arada alimlər kainatın sonunu təxmin edən bir model hazırlayıblar. Bu modelə görə, kainatın sonu təqribən 33,3 milyard il sonra baş verəcək “Böyük sıxılma” olacaq. Hazırda kainatın yaşı 13,8 milyard ildir, bu da onun sonuna qədər hələ 20 milyard il qalması deməkdir.