Məşum bir qətldən siyasi olimpə qədər... - HƏYAT HEKAYƏTİ –
O, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratik rejimlə əvəz edən Xalq Gücü İnqilabına başçılıq etməsi ilə tarixə adını yazdı.
1986-cı ildə “Taym” jurnalı onu “İlin Qadını” adlandırdı.
O, Filippinin ilk qadın prezidenti oldu.
“Taym” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratiyanın Müqəddəsi” adlandırmışdı.
Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir.
“Taym” jurnalı 1999-cu ildə onu 20-ci yüzilliyin “20 ən nüfuzlu Asiyalı”sı siyahısına daxil etdi.
2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Menecment İnstitutu İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu.
2006-cı ildə isə “Taym” jurnalı onu “Asiyanın 65 qəhrəmanı” siyahısına daxil etdi.
1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap olunan “Dünya tarixini formalaşdıran 100 qadın” kitabına onun da adı salındı...
Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın adını Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazon Aquinodur.
Mariya Korazon (Maria Corazon "Cory" Sumulong Cojuangco Aquino) 1933-cü ilin 25 yanvarında zəngin bir ailədə dünyaya göz açıb. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi. Məktəbi fərqlənmə ilə bitirsə də yaponların Manilanı işğal etməsi nəticəsində təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya Müharibəsindən sonra isə atası onu bacı və qardaşları ilə birlikdə ABŞ-a göndərdi. Gənc xanım Mariya Korazon vaxtını Nyu-Yorkdakı və doğma şəhəri Paniqidəki evləri arasında bölüşdürmüşdü. ABŞ-da keçirdiyi yay tətillərində atası onu paytaxt Vaşinqtona və “Kraliça Mariya” gəmisi ilə trans – Atlantik səyahətinə göndərərdi.
1948-53-cü illərdə ABŞ-da təhsil alarkən onda fransız dilinə maraq oyanmışdı. İngilis, taqaloq və kapampanqandan əlavə, o, fransız dilində də mükəmməl danışırdı. ABŞ-da təhsilini başa vuran Mariya Korazan riyaziyyat müəllimi və fransız dili tərcüməçisi kimi vətənə dönür. O, Uzaq Şərq Universitetində hüquq təhsili almağa başlayır.
Tale bir gənc xanımı, yəqin heç onun özünün də bilmədiyi (fərqinə varmadığı), daha doğrusu, planlaşdırmadığı yerə, mövqeyə çəkirdi. Yollar qurtarmır, amma dəyişirdi... Yollarla yanaşı (özü də bilmədən!) Zirvəyə yürüyən yolçunun da daxili aləmi dəyişir, zənginləşir, təzə üfüqlərə yön alırdı.
...Bu gənc qızın həyatı hər ötən ildə yeni-yeni təcəllalara səhnə olacaq, ömür səhifələri yeni mənəvi ünvanlar tapacaqdı. Zəngin bir ailəyə mənsub olan bu gənc qız zənginlik sözünün maddi anlamından daha çox mənəvi anlamına önəm verəcək, yalnız özünün, ailəsinin deyil, bütövlükdə xalqının da mənəvi zənginliyi, tərəqqisi üçün əməli çalışmaları ilə ün qazanacaqdı. Və vaxt gələcəkdi o, mənsub olduğu ölkənin, xalqın və mədəniyyətin beynəlxalq miqyasda təmsilçisi olacaq, milli-mədəni dəyərlərin ümumbəşəri dəyərlərlə uzlaşması üçün özünəməxsus iz salacaqdı...
***
Hələlik isə... onun öz seçimi ilə ailə həyatı qurması ilə həyatının asan illəri də bitmiş olur...
O zamanlar populyarlaşmaqda olan siyasi lider, Milli Assambleyanın sabiq sədrinin oğlu Beninyo Aquino ilə ailə qurduqdan sonra təhsilini yarımçıq qoyur. Bu evlilikdən onların 5 övladı (4 qız, 1 oğul) var (Maria Elena (Ballsy) Aquino Cruz, Aurora Corazon (Pinky) Aquino Abellada, Benigno Simeon III (NoyNoy) Aquino, Victoria Eliza (Viel) Aquino Dee və Kristina Bernadette (Kris) Aquino).
Beninyo Aquino uğurlu siyasətçilərdən idi. Onun siyasi karyerası çox surətlə yüksəlirdi. Mariya Korazan, əri 1955-ci ildə Konsension şəhərinə mer təyin edildikdən sonra burada yaşamalı olur. Əyalət həyatına alışmaqda çətinlik çəkən Amerika təhsilli Aquino Konsepsiondakı yaşayışı maraqsız hesab etsə də ailəsi və ailəsinin gələcəyi onun üçün hər şeydən üstün idi.
Siyasi karyera və həyatın sonuna doğru irəliləyiş...
Liberallar Partiyasının üzvü olan Beninqo Aqiuno ölkənin ən gənc qubernatoru, sonra isə (1967-ci ildə) Filippin senatının ən gənc senatoru oldu. Əri siyasi karyerasını qurduğu zaman o evdə uşaqlarının tərbiyəsi ilə məşğul olurdu. Qezon-sitidəki evləri həmişə qonaq-qaralı olardı. Bu evə gələnlər xanım Aquinonun qonaqpərvərliyindən məhəbbətlə danışırdılar. O, ərinin seçki kampaniyaları zamanı onunla səhnəyə çıxmaz, arxada durub ona qulaq asardı. Ancaq buna baxmayaraq onun fikirlərinə böyük hörmət bəsləyən həyat yoldaşı siyasi məsələlərdə həmişə onunla məsləhətləşərdi. O, hətta ərinin seçki kampaniyasını dəstəkləmək məqsədilə ona miras qalmış bir çox qiymətli şeyləri satmışdı. Ərinin və özünün maddi imkanlarının geniş olmasına baxmayaraq, xanım Aquino çox sadə həyat tərzi keçirirdi.
İstedadlı natiq və parlaq siyasətçi olan Beninyo Aquino tezliklə Ferdinand hökumətinin tənqidçisinə çevrildi. O, həmin zamanlar – 1973-cü ildə Ferdinandı əvəz etmək üçün prezident seçkilərində namizədliyə dəvət olunmuşdu. Ancaq 3-cü dəfə prezident seçilmək hüququ olmayan Ferdinand Markos 1972-ci il sentyabrın 21-də ölkədə hərbi rejim elan etdi və sonra da 1953-cü il Konstitusiyasını ləğv etməklə özünün ömürlük hakimiyyətdə qalmasını “təmin etdi”. Əsas müxalif rəqiblər, başda Aquino olmaqla, həbs edildi.
Vəfalı qadın, sadiq yoldaş...
Həbsdə olduğu dövrdə Beninyo Aquino vaxtını messaya getməklə və dualar oxumaqla keçirirdi. Əri ilə həmrəylik əlaməti olaraq Kori uşaqlarına qonaqlığa getməyə icazə vermirdi, özü isə gözəllik salonuna getmir, təzə paltar almırdı. İş o yerə çatdı ki, keşiş duruma müdaxilə edərək, ona və uşaqlarına mümkün qədər normal həyat yaşamağı məsləhət gördü.
Beninyo Aquinonun həbsdə olduğu 7 il ərzində Mariya Korazon Aquinonun həyat yoldaşını dəstəkləyən çıxışlar etməsiylə onun siyasi karyerası başladı. 1978-ci ildə, öncə etiraz etməsinə baxmayaraq, Beninyo Aquino parlament seçkilərində iştirak etməyə razılıq verdi. Mariya Korazon Aquino ərinin əvəzinə kampaniya aparır və ömründə birinci dəfə siyasi çıxışlar edirdi.
1980-ci ildə ABŞ prezidenti Cimmi Karterin işə qarışmasından sonra Markos senator Aquinonu həbsdən azad etdi və ailəsi ilə birlikdə ABŞ-a getməsinə icazə verdi. Onlar Bostonda yerləşdilər və sonralar Korazon Aquino burada keçirdiyi 3 ili ailə həyatının ən xoşbəxt günləri kimi xatırlayırdı. Ancaq 1983-cü il avqustun 21-də Beninyo ailəsini ABŞ-da qoyaraq, Filippinə qayıtdı...
Və o müdhiş hadisə!..
Kiminə görə gözlənilən, kiminə görə ağlagəlməyən qətl hadisəsi törədildi. Onu burada, daha sonralar onun şərəfinə adlandırılacaq Manila Hava Limanında qətlə yetirdilər! Bir neçə gün sonra Korazon ərinin dəfn mərasimi üçün Filippinə qayıtdı və burada xanım Aquinoya iki milyondan (!) çox insan qoşuldu. Bu həm Filippin, həm də dünya tarixində ilk belə hadisə idi. Bu, xalqın xanım Aquinoya mesajı idi...
Prezident seçkiləri kampaniyası
Ərinin qətlindən sonra Aquino, Markos rejiminə qarşı yürüş və etirazlarda fəal iştirak edirdi. O, ərinin missiyasını, liderlik vəzifəsini öhdəsinə götürdü və Markos rejiminə qarşı siyasi müxalifətin simvoluna çevrildi. O, Prezident Markosun hərbi rejiminə, onun siyasi zorakılığına qarşı müxalifətin müqavimətini gücləndirdi. Və… 1985-ci il noyabrın sonuncu həftəsi prezident Markos Amerika televiziyasına verdiyi müsahibədə ölkəsindəki rejimin legitimliyini təsdiqləmək üçün 1986-cı ilin fevralında seçkilər keçirəcəyini açıqlamaqla hamını təəccübləndirdi. Bununla belə, təəccüb yeni siyasi təşəbbüslərə, təklif və təşviqə təkan verdi. Hər keçən gün Filippini böyük dəyişikliyə doğru aparırdı. Bu dəyişikliyə çalışan təşkilatlanmış qüvvənin ən önündə gedənlərdən biri o – xanım Aquino olacaqdı... Tale ona bu missiyanı cızmışdı.
Beninyo Aquinonun uşaqlıq dostu və keçmiş senator Salvador Laurel müxalifəti seçkilərdə təmsil etmək üçün ilk favorit hesab olunurdu. Ancaq bəziləri Laurelin qalib gəlmək şansı olduğuna şübhə edirdilər. Dirənişçilər onun əvəzinə Beninyo Aquinonun dul arvadı Korinin Markosa qarşı xalqı birləşdirə biləcəyinə inanırdılar. Öncə həvəssiz olan Aquino prezidentliyə namizədliyini , nə az-nə çox – düz 1 milyon imza toplandığını gördükdən sonra irəli sürdü.
Laurel yaxın dostunun dul arvadına birbaşa yol vermədi. Ancaq o, Manila arxiyepiskopu Ceym Kardinalın məsləhətindən sonra Koriyə bu işdə yoldaşlıq etməyə razılaşdı. Kompromis olaraq, Kori öz namizədliyini, ölkənin ən böyük müxalifət partiyası olan Birləşmiş Millətçi Demokratik Təşkilatlar Partiyasından irəli sürdü. Bununla da Markos rejiminə və 20 illik hərbi rejimə son qoyan Aquino–Laurel kampaniyası başlamış oldu.
Sonrakı siyasi hadisələrdə Markos Aquinonun kommunistlər tərfindən dəstəkləndiyini irəli sürərək əgər seçilərsə onlarla hakimiyyəti bölüşdürəcəyini bildirdi. Siyasətdə yeni olan Aquino bu iddiaları rədd edərək, seçildikdən sonra kabinetinə bir nəfər də olsun kommunist təyin etməyəcəyini açıqladı. Markos isə öz növbəsində Filippindəki Klark Hava bazasında və Subik Gəmiçilik Bazasında hələ də ABŞ hərbi qüvvələrinin qaldığını nəzərə alaraq Aquinonu ABŞ-la “siyasi futbol” oynamaqda günahlandırdı. Sonra isə Aquinonun qadın olmasından istifadə edərək onun bir qadın kimi yerinin ancaq yataq otağı olduğunu qeyd etdi. Rəqibinin təhqirlərinə cavab olaraq Kori, sadəcə olaraq, “qoy daha yaxşı qadın bu seçkidə qalib gəlsin” şərhi ilə kifayətləndi. Markos Aquinonun siyasi təcrübəsinin olmadığını dilə gətirərək, xalqa belə bir insanın prezident seçilməsinin fəlakət olacağını deyirdi. Aquino isə buna ağıllı və istehzalı cavab verərək “aldatmaqda, ictimaiyyətə yalan danışmaqda, dövlətin pulunu oğurlamaqda və siyasi rəqiblərini öldürməkdə” heç bir təcrübəsinin olmadığını boynuna aldı. Siyasi təcrübəsinin olmamasına baxmayaraq, Aquino təcrübəli lider, ilhamverici natiq və istedadlı təşkilatçı idi… O, “alın yazısı”nın fərqinə varmışdı, deyəsən…
Markosun fevralın 7-nə təyin etdiyi seçkilərdə kütləvi fırıldaq, zorakılıq və vətəndaşların səs hüquqlarının əllərindən alınması halları baş verdi. Seçki günü qanlı olaylarla keçdi. Həmin gün Markosun tərəfdarları Aquinonun siyasi silahdaşı, Antikdən olan qubernator Evelio Xavieri vəhşicəsinə qətlə yetirdilər. Seçki komissiyası tərəfindən səslərin sayılması prosesində 30 kompüterçi, səslərin Markosun xeyrinə sayılamsına etraz əlaməti olaraq, küçəyə çıxdılar. Ancaq bütün bunlara baxmayaraq, fevralın 15-də Markos yenidən prezident elan edildi. Buna etiraz olaraq Aquino “Xalq Qələbə yürüşü” adı altında etiraz yürüşü çağıraraq, əslində qalibin özü olduğunu və Filippinliləri Markosun yaxınları tərəfindən idarə olunan kompaniyalarda istehsal olunan ərzaqları və xidmətləri boykot etməyə çağırdı. Manilada baş tutan yürüşə minlərlə insanın toplanması Filippinlilərin Markosun 20 illik hakimiyyətindən bezməsinin əlaməti idi. Şübhəli seçkilər həm yerli qərargahlardan, həm də xarici ölkələrdən gələn ciddi reaksiyalara səbəb oldu. Filippinin katolik yepiskopu seçkilərdəki zorakılığı və fırıldaqçılığı qınayan “açıqlama” ilə çıxış etdi. ABŞ Senatı seçkiləri tanımadı. Aquino ABŞ prezidenti Ronald Reyqan tərəfindən gərginliyin azalmasına yardım etmək məqsədi ilə göndərilən xüsusi elçi Filip Habibin hakimiyyəti bölüşdürmək təklifinə razı olmadı.
Seçilmiş Prezidentin ...təyin olunmağı
Seçkilərin ardından həftələrlə davam edən gərginliklərdən sonra hərbi nümayəndələr - müdafiə naziri Juan Ponce Enrile və general Fidel V. Ramos fevralın 22-də Markos rejimindən bezdiklərini və Aquinonun seçkilərin yeganə qalibi olduğuna inandıqlarını açıqlamaqla, bütün xalqı və dünyanı təəccübləndirdilər. Enrile və Ramosun Markos rejimindən imtina etmələrindən xəbər tutduqdan sonra Aquino Filippinliləri onları dəstəkləməyə çağırdı. Nəhayət, bütün dünyanı heyrətə salan hadisə baş verdi - Markos rejiminə son qoyuldu! Fevralın 25-də xanım Aquino azad şəkildə seçilmiş yeni prezident kimi təntənəli törənlə and içdi və bu hadisə yeni dövr Filippin tarixinə “1986-cı il Xalq Hakimiyyət İnqilabı” kimi düşdü...
“Tita Kori”nin Prezidentliyi
Dinc Xalq Hakimiyyət Hərəkatının zəfəri və Aquinonun hakimiyyətə gəlməsi Filippin üçün yeni eranın başlanğıcının siqnalı idi. Aquinonun hakimiyyətə gəlməsi münasibəti ilə dünya ictimaiyyəti yalnız onu deyil, bütün Filippin xalqını alqışladı. Filippinin ilk qadın prezidenti demokratik islahatların simvolu oldu. “Taym” jurnalı onu ilin qadını elan etdi və onun Nobel Ödülünə namizədliyi irəli sürüldü.
Aquinoun prezidentliyinin ilk aylarında ölkə radikal dəyişikliklərə və demokratik islahatlara şahid oldu. Aquinonun ilk və ən cəsarətli addımlarından biri Markosun fırıldaqla əldə etdiyi mülklərin müsadirə edilməsi, Yaxşı İdarəetmə üzrə Prezident Komissiyasını yaratması oldu.
Aquino, Markosun tərəfdarlarının onun demokratik islahatlarına mane olmasının qarşısını almaq məqsədi ilə hərbi rejimin yaratdığı parlamenti (Batasang Pambansa) buraxdı və Ali Məhkəmənin müstəqilliyini təmin etdi. 1986-cı ilin mayında yeni təşkil olunmuş Ali Məhkəmə Aquino hökumətini “de-fakto yox, hüquqi hökumət” elan etdi və bunun legitimliyi Millətlər Komissiyası tərəfindən təsdiq olundu. Ali Məhkəmənin bu qərarı Aquinonu Filippinin yeni, legitim və hüquqi lideri kimi təsdiq etmiş oldu.
Xanım Prezident səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra inqilab hökuməti yaradılması üçün “açıqlama” verdi. O, hərbi rejim dövründə qüvvədə olan 1973-cü il Konstitusiyasını ləğv edərək, yeni – 1986-cı il Konstitusiyasını xalqın öhdəsinə verdi. Yeni Konstitusion hökumətin bərpa edilməsi və yeni Xartiyanın yazılması prosesini sürətləndirmək üçün Aquino keçmiş aktivist, Ali Məhkəmənin hakimi Sesiliya Munyoz Palmanın da daxil olduğu 48 nəfərdən ibarət 1986-cı il Konstitusiya Komissiyası təyin etdi. Komissiya sonuncu layihəsini 1986-cı ilin oktyabrında tamamladı. Aquino hakimiyyətdə olduğu müddətdə Filippində demokratiyanın bərpası üçün yeni Konstitusiyanın qəbuluna nail oldu ki, bu da prezidentlik səlahiyyətlərini məhdudlaşdırdı və iki palatalı qanunverici orqanı yaratdı. 1987-ci il fevralın 2-də vətəndaş azadlıqları, insan hüquqları və sosial ədalətə xüsusi yer verən Filippin Konstitusiyası xalq tərəfindən təsdiq edildi. Konstitusiyanın ratifikasiya olunması həmin ildə konqresin və senatorların seçilməsi ilə başa çatdı. Onun administrasiyası vətəndaş azadlıqlarına, insan haqlarının qorunmasına böyük önəm verirdi. O, hətta ölkənin inkişafı və sabitliyin yaranması üçün kommunist üsyançılar və separatçılarla da danışıqlara başladı. Aquinonun iqtisadi siyasəti ölkə iqtisadiyyatını dirçəltməyə və ona inamı artırmağa yönəlmişdi. Aquino administrasiyası demokratiyanı bərpa etməklə, iqtisadiyyatda investisiya üçün inam yaratmaqla və Konstitusional islahatlar keçirməklə vacib nailiyyətlər əldə etdi.
Aquino ailə münasibətlərində vətəndaş hüququnu təmin edən 1987-ci il Ailə Məcəlləsi və icraedici hakimiyyətin strukturunu yeniləyən 1987-ci il Administrativ Kodeksi kimi iki hüquqi məcəllənin qəbuluna nail oldu. Digər nailiyyət, milli hakimiyyət səlahiyyətlərinin yerli hökumətlərə təhvil verilməsini nəzərdə tutan 1991-ci il Yerli Hokumət Məcəlləsinin qəbul edilməsi oldu. Yeni məcəllə yerli hökumətlərə vergi normaları təyin etmək hüququ verdi və onlara milli büdcədən pay ayrılacağına təminat verdi.
Aquino prezidentliyinə zəif iqtisadiyyatla başlamışdı. 20 illik Markos rejimindən sonra ölkə iqtisadiyyatı iflas olmuşdu. O, Markosun uzun illər boyu yürütdüyü iqtisadi siyasət sistemini darmadağın etdi. Markosun yaxınları tərəfindən idarə olunan bir çox monopoliyaları ləğv etdi. O, bir daha sübut etdi ki, bir nəcib insan, zərif məxluq haqq-ədalət uğrunda nə qədər cəsarətli və sərt addımlar ata bilər… Necə deyərlər, qadınlıq qadınlıqdı, ədalət ədalət!
Xanım prezident sələfindən qalan 26 milyard dollarlıq xarici borcun öhdəsindən tezliklə gəldi. Aquino öncə yaranmış bütün borcların ödənişinə zəmanət verdi. Onun bu qərarı ölkə daxilində az dəstəklənsə də o, bunun ölkənin etibarını özünə qaytarmaq və iqtisadiyyatı inkişaf etdirmək üçün yeganə həll yolu olduğunu dedi. Çünki iqtisadi inkişafa nail olmaq üçün əsas məsələ iqtisadiyyata sərmayələr cəlb etmək idi. Qısa zaman ərzində Aquino hökuməti beynəlxalq etibar və gələcək bazarların diqqətini cəlb etmək üçün ölkə borclarının 4 milyard ABŞ dollarına bərabər bir həcmini ödədi.
Büdcə çatışmazlığını aradan qaldırmaq məqsədi ilə Aquino maliyyə nizamlanması prosesini həyata keçirdi. Onun dövründə həm də “Tik–İşlət–Ötür” Qanunu,” Xarici investisiya” Aktı, “İstehlakçı Müdafiəsi və Sosial Rifah” Aktı qəbul edildi. Onun Prezidentliyinin ilk ilində iqtisadiyyatda 3,4%-lik müsbət artım qeydə alındı.
Bütün bu deyilən faktlar göstərdi ki, onun daxili aləmi yalnız nəciblik və cəsarətliliklə süslənməmiş, həmçinin daha artıq dərəcədə peşəkarlıq kateqoriyası ilə seçilməyə başlayır. Zatən məhz bu sonuncu fakt mövcud olmasaydı, az keçməmiş nəciblik və cəsarətlilik də bir şey ifadə etməyəcəkdi…
Bu yerdə onu da əlavə edək ki, Mariya Korazon (artıq xanım prezidentin “özkeçmiş”indən də gördüyünüz kimi) siyasi olimpin zirvəsinə şəxsi istək və arzuları üçün deyil, həyat yoldaşının yarıda qırılmış ideallarının ardınca, xalqın istək və arzularının ardınca getmişdi. Prezidentlik onunçün, məşhur ifadə ilə desək, məqsəd deyil, vasitə idi.
Aqrar islahatlar ölkəni islahatdan salır
Hakimiyyətə gəldikdən sonra Aquinonun sosial qanunvericilik gündəliyində əsas yeri aqrar və torpaq islahatları tuturdu. Ancaq onun ailəsinin varlı sosial təbəqədən olması torpaq islahatları gündəliyinin tənqidinə əsas səbəb oldu. 1987-ci il Konstitusiyasının qəbul olunmasından 3 həftə sonra - 1987-ci il fevralın 22-də kənd təsərrüfatı işçiləri və fermerlər həqiqi torpaq islahatı tələbi ilə yürüş etdilər. Ancaq dinc keçməsi nəzərdə tutulan yürüş qanla bitdi; fermerlər polis tərəfindən təyin olunmuş demarkasiya xəttini keçdikləri üçün dəniz qüvvələri onlara atəş açdı. Bu hadisə nəticəsində 12 fermer həlak oldu, 19-u isə ağır yaralandı. Faciəvi insident Aquino kabinetinin görkəmli nümayəndələrinin hökumət postundan getməsi ilə nəticələndi. Aquinonun bu işlə peşəkar və ya şəxsi əlaqəsinin olmamasına baxmayaraq, onun administrasiyası ölkədə torpaq mübahisəsini həll edə bilmədiyinə görə günahlandırıldı. Buna cavab olaraq, prezident 1987-ci il iyul ayının 22-də çuğundur sahələri də daxil olmaqla torpaq islahatları proqramını özündə əks etdirən qərar verdi.
ABŞ Korazan Aquinonun prezidentliyi dövründə Filippindəki hərbi bazalarını geri çəkdi.
İnsanlar da müxalif, təbiət də: fəlakətlər və dağıntılar dövrü
Bütün bu nailiyyətlərə baxmayaraq, onun hakimiyyəti hamar olmamış, 1986-87-ci illərdə administrasiyasına üst-üstə 6 dəfə hücum təşkil olunmuşdu. Lakin 6 hakimiyyət çevrilişi cəhdinin hamısı uğursuzluqla nəticələnmişdi. 6-cı çevriliş cəhdi zamanı isə 53 nəfər ölmüş, 200-dən artıq insan yaralanmışdı. Yaralananlar arasında Aquinonun oğlu da var idi. 1989-cu ildəki sonuncu çevriliş cəhdi 99 nəfərin ölümü ilə nəticələnsə də yenə uğursuzluğa düçar oldu.
Xanım dövlət başçısını təbiət də sınağa çəkmiş və prezidentlik müddətinin sonuna (1992-ci ilə) qədər ölkəsi dəfələrlə dağıdıcı təbii fəlakətlərlə üzləşmişdi...
Prezident Aquino, hakimiyyətinin son iki ili ərzində bir neçə təbii fəlakət və dağıntılarla üzləşdi. Bunlardan 1600 nəfərin həyatına son qoyan 1990-cı il zəlzələsi və Mərkəzi Luzon əyalətindəki kənd təsərrüfatı sahələrini tamamilə məhv edən və XX yüzilin ikinci ən iri vulkan püskürməsi (1991-ci ildə) oldu. 1991-ci ilin noyabrında Ormok şəhərində Filippin tarixində ən öldürücü tayfun kimi qeydə alınan, 6000 insanın həyatına son qoyan Telma tropik qasırğası baş verdi. Aquinonun hakimiyyəti dövründə Donya Paz gəmisinin batması dünyanın ən böyük fəlakətlərindən oldu (1700 nəfərin həyatına son qoyan bu fəlakət 1987-ci ilin dekabrında baş vermişdi).
Ən çətin problemlərdən biri isə elektrik təminatı ilə bağlı yaranmışdı. Həddindən artıq köhnələn elektrik stansiyalarının yenilənməsi istiqamətində öncəki hakimiyyətlərin görmədiyi işlər özünün mənfi nəticələrini göstərməyə başlamışdı. Elektrik təminatının kəsilməsi Manilada adi hal almağa başlamışdı. Paytaxtda enerji təminatının kəsilməsi bəzən 7 saatdan 12 saata kimi davam edərək, bir çox biznes sahələrinin işinə mane olurdu. (Qeyd edək ki, xanım prezidentin dövründə bu istiqamətdə görülməyə başlayan işlər, ancaq ondan sonra hakimiyyətə gələn Fidel Ramosun zamanında öz həllini tapdı).
Prezident 1992-ci il seçkilərinə əl qoyur
Prezidentliyi sona çatdıqca yaxınları və məsləhətçiləri Aquinonun 1987-ci il Konstitusiyası müddətində and içmədiyini nəzərə alaraq, onun yenidən 1992-ci il seçkilərində iştirak etmək hüququ olduğunu iddia edirdilər. Prezident Aquino isə “prezidentliyin ömürlük olmadığını siyasətçilərə və vətəndaşlara göstərmək üçün” bu xahişləri rədd etdi.
Öncə o, 1992-ci il prezident seçkilərində iştirak üçün Filippin Nümayəndələr Palatasının spikeri (mərhum ərinin yaxın dostu) Ramon Mitranı təklif etdi. Ancaq sonra o geri çəkildi və üsyanlarda, hücumlarda onun hökumətini dəstəkləyən müdafiə naziri Fidel Ramosun namizədliyini irəli sürdü. Onun qəfildən fikrini dəyişməsi təkcə liberal və sosial-demokratik cərəyanlardan olan tərəfdarlarının deyil, Mitranın protestant olmasına görə Aquinonun onu dəstəkləməyəcəyini iddia edən müəyyən dini dairələrin də qəzəbinə səbəb oldu. Ancaq Aquinonun təqdim etdiyi namizəd seçkilərdə qalib gəldi və 1992-ci il iyunun 12-də Filippinin 12-ci prezidenti kimi and içdi.
Prezidentlikdən sonrakı dövrü və siyasi fəaliyyəti
1992-ci il iyunun 30-da Prezident Aquino rəsmi və dinc şəkildə hakimiyyəti yeni seçilmiş prezident Fidel Ramosa təhvil verdi. O, artıq sadə bir vətəndaş olduğunu təsdiqləmək üçün yeni seçilmiş prezidentin andiçmə törəninə hökumətin ona verdiyi dəbdəbəli “Mercedes”də deyil, özünün aldığı ağ rəngli “Toyota”da gəlmişdi.
Prezidentlik fəaliyyətindən sonra Aquino şəxsi həyatına çəkilsə də ölkədə liberal ənənələrə və demokratik əsaslara təhlükə yarandıqda öz səsini eşitdirməyə davam edər, fəal ictimai qüvvələr, media ondan mütəmadi olaraq ayrı-ayrı siyasi məsələlərə dair rəy və şərhlərini soruşardı.
1997-ci ildə Aquino, tərəfdaşı Manila Arxiyepiskopu Ceymi Kardinal Sinlə birlikdə Fidel Ramosun prezidentlik müddətini uzatmaq məqsədi ilə 1987-ci il Konstitusiyasına dəyişiklik etmək cəhdinə etiraz etmək üçün yürüş təşkil etdi. 1998-ci ildə Aquino keçmiş polis generalı və Manilanın meri olmuş Alfredo Limin prezidentliyə namizədliyini dəstəklədi. Ancaq Lim o zamankı vitse-prezident Cozef Estradaya məğlub oldu. Növbəti il Aquino yenə kardinal Sinlə birlikdə prezident Estradanın iqtisadi siyasəti və Konstitusiyaya dəyişikliklər etmək niyyətinə etiraz əlaməti olaraq yürüş təşkil etdi. 2000-ci ildə Aquino rüşvətxorluqda, qumarda və korrupsiya skandallarında adı hallanan Estradanın istefasını tələb edən minlərlə səsə qoşuldu ki, bu da nəhayətdə Estradanın istefası ilə nəticələndi. 2001-ci ilin yanvarında o, keçmiş vitse-prezident Qlori Makapaqal-Arroyonun hakimiyyətə gəlməsini dəstəklədi. Filippin tarixində ikinci dəfə bir qadın ölkə prezidenti oldu. Növbəti seçkilərdə qanun pozuntularına yol verilməsindən sonra o, zorakılığı və qan tökülməsinin qarşısını almaq üçün Arroyonu istefa verməyə çağırsa da ikinci bu addımı atmadı və bundan sonra 2008-ci ilin dekabrında Aquino Arroyonu hakimiyyətə gətirən 2001-ci il inqilabında iştirak etdiyinə görə peşman olduğunu açıqlamağa məcbur oldu.
2009-cu ilin iyununda, ölümünə iki ay qalmış Aquino Arroyonun 1987-ci il Konstitusiyasına dəyişilkik cəhdini “utanmadan hakimiyyətdən sui-istifadə etmə” cəhdi adlandırdı.
2007-ci il Senat seçkilərində Aquino, namizədliyini irəli sürən və müxalifətə qalib gələn oğlu Noynoy Aquinonun namizədliyini dəstəklədi.
Prezidentliyi tərk etdikdən sonra Aquino xarici ölkələrə səyahət edərək çıxışlar etmiş və demokratiya, inkişaf, insan haqları və qadın hüquqları ilə bağlı mülahizələr söyləmiş, mühazirələr oxumuşdur. Kəlküttəli Tereza Ananın dəfn mərasimində iştirak etmişdi. 2000-ci illərin əvvəllərində Aquino Birmanın demokratik lideri Aunq Sanqın azad edilməsi ilə bağlı dünya liderləri ilə görüşmüş və 1994-cü ildə YUNESKO-nun Manilada keçirilən konfransında bununla bağlı çıxış etmişdi. O, 2005-ci ildə Papa İohan Pavelin dəfnində iştirak etmişdi.
Siyasi nümayişlərdə iştirakından başqa, Aquino xeyriyyə tədbirlərində və sosial-iqtisadi təşəbbüslərdə də iştirak edirdi. Aquino 1992-ci ildən vəfatına qədər, ərinin sui-qəsdindən sonra onun şərəfinə əsasını qoyduğu Aquino Junior Fonduna başçılıq etdi. Sonra o, yoxsul və evsizlər üçün sosial mənzil təchizetmə layihəsində iştirak edirdi. 2007-ci ildə Aquino yoxsullar üçün mikromaliyyə proqramları və layihələri təşkil edən könüllü təşkilatın əsasını qoydu.
O, həm də Dünya Qadın Liderləri Şurasının ömürlük üzvü idi.
Prezidentlikdən rəssamlığa
Prezidentlikdən sonra Aquino rəssamlıqla məşğul olmağa başlamışdı. O, müxtəlif günlərdə evində və Makatidə tanınmış Filippin rəssamları və professorlarından özəl dərslər alırdı.
Bacarıqlı rəssam oldu. Onun mövzusu qızılgüllər, pionlar və qızılgül bağçaları idi. Xanım Aquino bəlkə də siyasi fəaliyyətlə ürəyi istədiyi kimi gül-gülüstana çevirə bilmədiyi ölkəsini, heç olmazsa kətan üzərində, tablolarda gül-çiçəyə qərq etmək istəyirdi…
O, heç vaxt əsərlərini satmırdı. Onları ancaq yaxın ailə üzvlərinə, Katolik Kilsəsinin üzvlərinə, dostlarına, dünya liderlərinə, diplomatlara hədiyyə edirdi.
Aquinonun əsərləri onu xatırlayanların evlərində, iş yerlərində bu gün də asılıdır.
2009-cu ilin dekabrında, vəfatından 4 ay sonra, Sinqapurlu sənət əşyaları satıcısı şəxsi kolleksiya üçün tanışlarında birinin uşaqlarından onun əsərini almağa çalışdı. Uzun müddət mübahisələrdən sonra əsərin qiyməti nə az, nə çox - 2 733 190 ABŞ dollarına (!) razılaşdırılsa da uşaqların anası sonra buna razılıq vermədi. O, əsərin Filippin Milli Muzeyinə verilərək uşaqlarına miras qalmayacağını açıqladı.
2008-ci ilin martında Aquinonun ailəsi Filippinin demokratiya simvolunun xərçəng xəstəliyinə tutulduğunu (anası Dosa Demetria "Metring" Sumulong Cojuangco da eyni xəstəlikdən vəfat etmişdi) açıqladı. Həkimlərinin ancaq 3 aylıq fiziki ömrünün qalmasını açıqlamasına baxmayaraq, o, tibbi müalicə və kimyəvi terapiya qəbul etdi. Ölkə boyu keçmiş katolik prezidentə şəfa diləmək məqsədi ilə messalar təşkil olundu. 2008-ci ilin 18 mayında onun üçün təşkil olunmuş messada Aquino müalicəyə müsbət cavab verdiyini və qan nəticələrinin müsbət olduğunu açıqladı. Ancaq saz tökülməsi və iştahasızlıq artıq nəzərəçarpacaq dərəcədə artmışdı.
2009-cu ilin iyuluna kimi Aquinonun səhhətinin ciddi şəkildə pisləşdiyini nəzərə alaraq onu iştahasızlığa və xroniki keçəlləşməyə görə Mekati Tibb Mərkəzinə yerləşdirdilər. Daha sonra elan edildi ki, Aquino və ailəsi kimya terapiyasının və digər müalicə növlərinin saxlanılmasına qərar veriblər.
2009-cu il avqustun 1-də ilyarımlıq mübarizədən sonra Aquino 76 yaşında Mekati Tibb Mərkəzində vəfat etdi… Gerçək Aquino əfsanəsi fiziki olaraq başa çatdı…
Filippin öz anasını və “milli xəzinə”sini itirdi
Aquinonun ölümü barədə xəbər tutan kimi həmin vaxt ABŞ-da səfərdə olan Arroyo ölkədə 10 günlük matəm elan etdi və ona hökumət tərəfindən dəfn mərasimi təşkil olunması üçün rəsmi qərar verdi. Ancaq Aquinonun ailəsi anaları üçün hökumətin dəfn mərasimi təşkil etməsini qəbul etmədilər.
Filippindəki bütün kilsələr dəfn mərasimi üçün dualar təşkil etdi, bütün kilsələr onun ölümünü xəbər vermək üçün zəng çaldılar.
***
Ölümündən bir neçə saat sonra Aquinonun nəşi vida mərasimi üçün La Sal şəhərciyinə gətirildi. 2009-cu il avqustun 3-də Aquinonun cənazəsi Maniladakı kafedrala gətirildi və burada onunla son dəfə vidalaşmaq, dəfn kortejini izləmək üçün minlərlə Filippinli sıraya durmuşdu.
Avqustun 4-də Ferdinand Markosun oğulları Ferdinand Markos Cunior və İmee Markos 20 il öncə atalarını hakimiyyətdən salmış qadına sonuncu dəfə nəzakətlərini nümayiş etdirdilər. Markosun bacı və qardaşları da Aquinonun uşaqları tərəfindən başsağlığı üçün qəbul edildi. Növbəti gün ABŞ-a səfərini yarımçıq qoyan Gloria Makapagal Arroyo bir zamanlar yaxın tərəfdaş olduğu Aquino ilə sonuncu dəfə vidalaşmaq üçün gəlmişdi…
Avqustun 5-də Filippin Katolik Kilsəsində təşkil olunan dəfn messası Aquinonun daimi sakitliyini təmin etmək üçün sona çatdı. Messadan sonra Aquinonun kiçik qızı Krisin emosional və kədərli nitqi bütün ölkəni göz yaşlarına boğdu. Aquinonun son mənzilə çatdırılması 8 saatdan çox çəkdi. Manila limanında xanım Aquinoya hörmət əlaməti olaraq gəmilər fit çalmağa başladı.
Onun ölümü sanki Filippinin birlik, həmrəylik aktına çevrilmişdi. Müxtəlif siyasi partiyalardan olan siyasətçilər keçmiş prezidentə kədərli və tərif dolu nitqlər söyləyirdilər. Bir zamanlar Aquinonun tərəfdaşı olan prezident Arroyo, ölkə üçün verdiyi qurbanları nəzərə alaraq onu “milli xəzinə” adlandırdı. Cənab Estrada onun ölümü ilə ölkənin öz anasını və bələdçisini itirdiyini qeyd etdi. O, Aquinonu Filippində ən çox sevilən qadın adlandırdı. Senatın prezidenti Xuan Enrile xalqdan onun daimi sabitliyi üçün dua etməsini xahiş etdi.
Daha sonra sadə Filippinlilər matəm əlaməti olaraq sarı köynək geyindilər, messalar keçirdilər. Aquinoyla, onun ailəsi ilə həmrəylik əlaməti olaraq ölkənin əsas yollarında, küçələrdə bir zamanlar totalitarizmə, avtoritarizmə qarşı mübarizədə istifadə olunan sarı lentlər bağlanmışdı. “Facebook” və “Tvitter” kimi populyar şəbəkələrdə Filippinlilər matəm əlaməti olaraq sarı lent şəkilləri yerləşdirmişdilər...
O gün dünya Filippini, Filippin dünyanı sarı görürdü…
Dünya liderləri onu belə xatırladı
Filippin katolikləri ölümündən sonra onu – yaşamı boyu katolik inancına bağlılığı ilə tanınan Aquinonu müqəddəs adlandırmaq üçün kilsəyə müraciət etdilər.
Onun dəfnindən bir neçə gün sonra Filippin Mərkəzi Bankı, ər-arvad Aquionların şəkilləri əks olunmuş 500 pesoluq banknotların buraxılması ideyasını dəstəklədiyini açıqladı.
Aquinonun ölümü yalnız Filippin xalqını deyil, bütün dünyanı sarsıtdı. Həm yerli, həm də beynəlxalq liderlər kədərli nitqlərində ölkədə tiranlığa və avtoritar rejimə son qoyan qadına valehlik hisslərini ifadə etdilər. O, əbədiyyətə qovuşmuşdu, amma əməlləri yaşayacaqdı!..
Müxtəlif ölkə başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən Filippin xalqına baş sağlığı məktubları göndərildi. Papa XVI Benedikt Arxiyepiskop Rosalezə göndərdiyi məktubda Aquinonun Filippin xalqının azadlığı uğrunda, habelə zorakılıq və qeyri-tolerantlığa qarşı mübarizəsini xatırladaraq onu “cəsur və inanclı qadın” adlandırdı. ABŞ prezidenti Barak Oabama, mətbuat katibi Robert Qibs vasitəsilə “onun cəsarəti, dönməzliyi və mənəvi liderlik qabiliyyəti Filippin xalqı və bizim hamımız üçün ilhamvericidir” - dedi. ABŞ-ın dövlət katibi Hillari Klinton 2009-cu ilin iyul ayında tez sağalması diləkləriylə “açıqca” göndərdiyi Aquinonun vəfatından kədərləndiyini dedi. Klinton Aquinonun diktatorluğa qarşı mübarizədəki “qeyri-adi cəsurluğ”una görə ona heyranlığını bildirdi. CAR Prezidenti Yakob Zuma Aquinonu demokratiyaya dinc keçidin parlaq örnəyi adlandırdı.
Böyük Britaniya və Quzey İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta Maniladakı elçilik vasitəsi ilə Filippin xalqına belə bir məktub göndərdi: “Mən Filippinin keçmiş Prezidenti Korazon Kori Aquinonun vəfatından kədərlənirəm. Onun ailəsinə və Filippin xalqına dərin hüznlə başsağlığı verirəm.”
Rusiya Prezidenti Dmitri Medvedev Prezident Arroyoya göndərdiyi teleqramda “Aquino adının Filippin cəmiyyətində dərin islahatlarla və demokratik dəyişikliklərlə əlaqələndiyini” dedi.
Timor–Lestenin prezidenti, eləcə də Malayziya müxalifətinin lideri Ənvər İbrahimin həyat yoldaşı Van Aziza isə yaxın dostlarının dəfn mərasimində iştirak etmək üçün Filippinə getmişdilər. Vaxtı ilə tiranlığa qarşı mübarizəsi ilə dünyanın diqqətini cəlb etmiş xanım Aquino indi də ölümü ilə dünyanın diqqətini toplamışdı öz ölkəsinə…
Yaşayan miras…
Prezidentlik müddəti bitdikdən sonra Aquino bir çox ödüllər aldı. Avrora Araqon Qezon Barış Ödülü Fondu və Filippinin Məsuliyyətli Qadınları Fondunun Özəl Barış Ödülü (1993), 1996-cı ildə isə (Cimmi Karter və Nelson Mandeladan sonra) ABŞ Dövlət Departamentinin Uilyam Fulbrayt Ödülünə layiq görüldü. Həmin il Eleanor Ruzvelt İnsan Haqları Ödülü, BMT-nin Gümüş Medalı, eləcə də Müstəqillik üçün Kanada Beynəlxalq Ödülü ilə təltif olundu. Beynəlxalq Anlaşmaya görə Ramon Maqsaysay Ödülü (1998), Dünya Vətəndaşlığı Ödülü (2001), Deyvid Rokfeller Liderliyə Körpü Ödülü (2005), Asiya Sakit Okean İctimai Quruculuq Ödülü, Qadınların Beynəlxaq Mərkəzinin Yaşayan Miras Ödülü, Martin Lüter Kinq Cunior Dic Barış Ödülü, BMT-nin Qadınlar üçün İnkişaf Fondu Noel Fondunun Həyat Ödülü (2008)... layiq görüldüyü ödüllərin ancaq bir qismidir.
Korazon Aquino dünyanın bir çox nüfuzlu Universitetinin “Fəxri Doktor”u ünvanını almışdı. Bu sırada Boston, Nyu-York, Tokio, Manila və başqa şəhərlərdə yerləşən ünlü universitetlər var. Ancaq heç şübhə yoxdur ki, onun ən böyük ödülü xalqın onun adına bəslədiyi sevgi, xalqın öz qəlbində ucaltdığı mənəvi heykəldir! Xalqın arzularının ifadəçisi olmuş bir qadın üçün millətin anası adından da daha təsirli ad nə ola bilər?! Millət onu öz anası kimi xatırlayır, anası kimi (anasını anırmış kimi) anır...
Həmişə anılmaqda, xanım Aquino! Aqibətin mübarək!

904