Böyük Manipulyator
40-cı hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
MAKRON FƏHLƏLƏRİN PROBLEMİNƏ DIRNAQARASI YANAŞIR
Brijit Makron tez-tez zarafatla deyir ki, "Hərəkətdə!" hərəkatı əsl bir “start-up”dır. (Start-up – Fransız dilində əhəmiyyətli inves[1]tisiya fondları axtaran, iqtisadi artım üçün çox güclü potensiala malik yeni yaradılmış innovativ şirkət.) Təbii ki, bu ritmlə gedən belə bir təşkilatda, istər-istəməz uğursuzluqlar da olur. Məsələn, prezident seçkilərinin iki turu arasında Amien şəhərindəki Whirlpool zavodu – böyük bir sənaye müəssisəsi – gözlənilmədən oradan köçürülmə təhlükəsi ilə üzləşdi. Əvvəlcə, Makron qərara gəldi ki, zavodun həmkarlar ittifaqının üzvləri ilə ticarət və sənaye palatasında görüşüb vəziyyətdən bir çıxış yolu tapsın. Lakin Marin Lö Pen zavoda gəlib, kameraların qarşısında işçilərlə görüşüb, onları dəstəkləyəndən sonra Makron da məcbur qalıb zavoda – işçilərlə görüşməyə getdi. TF1 telekanalının çəkdiyi Qələbənin pərdə arxası” sənədli filmində (Rejissor Yann Henoret) görürük ki, Makron əsəbi halda, onun zavoda səfərini hazırlayan mətbuat komandasını necə danlayır. Belə çıxdı ki, Makronun, Marin Lö Pendən əvvəl Whirlpool zavodunun fəhlələri ilə görüşməməyinin günahı onun mətbuat komandasında olub və komanda da “səhvini” boynuna aldı. Ancaq bu, TF1 telekanalının kameralarının qarşısında Makronun və mətbuat komandasının oynadığı gözəl bir komediya idi. Əslində, onun mətbuat komandası Marin Lö Pendən xeyli əvvəl Makrona məsləhət görmüşdü ki, təhlükədə olan Whirlpool zavoduna gedib fəhlələrlə görüşsün. Özü Amiən şəhərində doğulan keçmiş İqtisadiyyat nazirinin zavodun bu problemindən çoxdan xəbəri var. Buna baxmayaraq, prezidentliyə namizəd məsləhətçilərinə dəfələrlə demişdi ki, onun qətiyyən zavoda getmək fikri yoxdur. “Əslində, Makronun Whirlpool zavodunun fəhlələrinin bu problemi ilə məşğul olmaq fikri yox idi. O bu zavoda səfərini təsdiq etməmişdi. Biz ona dəfələrlə məsləhət görmüşdük ki, mütləq o zavoda gedib fəhlələrin dərdini-sərini öyrənsin, onların bu probleminə bir əlac qılsın. Ancaq o hər dəfə “yox” demişdi. Ona görə də biz məcbur olub TF1 telekanalının kameralarının qarşısında komediya çıxartdıq, işi elə qurduq ki, guya mətbuat xidməti Makrona o zavoda gedib fəhlələrlə görüşməyi təklif etməyi unudub. Düzdür, bizim təşkil etdiyimiz sənədli filmdən belə çıxdı ki, Marin Lö Pen bu döyüşdə məğlub oldu, amma əslində o, uğur qazandı”, – deyə kampaniyanın keçmiş üzvlərindən biri bizə etiraf etdi. Makron kampaniyasında onu dəstəkləyən adamlardan necə lazımdır istifadə etdi, axırda da onları çirklənmiş kağız dəsmal kimi kənara atdı.
Məsələn, Fransua Hollandın yaxını Robert Zarader tez-tez Makrona dəyərli məsləhətlər verdi, onun prezidentliyə namizədliyini dəstəklədi, ancaq seçkiyə bir neçə həftə qalmış məcbur qalıb ondan aralandı. Brijit Makronun xahişi ilə "Hərəkətdə!" hərəkatına qoşulan jurnalist Lorens Haim kampaniya zamanı namizədin yaxın çevrəsindəki adamlar tərəfindən dəfələrlə təhqirlərə məruz qaldı. Ən dəhşətlisi də bu oldu ki, Makron İqtisadiyyat naziri olanda onun kabinet direktorunun müavini kimi fəaliyyət göstərən, Makronun nazir kimi verdiyi qanunların əsas müəllifi olan, onun bütün proqramlarını hazırlayan Emmanuel Lakres seçkilərin ikinci turundan əvvəl kampaniyadan qovuldu. Necə ki, kampaniya proqramının təhlükəsizlik və müdafiə rəhbəri, Qrenobl şəhərinin meri, Bouygues Telecom şirkətinin keçmiş yüksək kadrı Didier Kasas! Makronun qələbəsindən sonra yazıq dövlət müşaviri naəlac qalıb Bouygues Telecom telekommunikasiya şirkətindəki əvvəlki işinə qayıtdı. Prezident seçkilərinin ikinci turuna iki gün qalmış Makronun kampaniyasında dəhşətli bir faciə baş verir. Keçmiş sosialist, 2016-cı ilin noyabrından "Hərəkətdə!" qrupuna qoşulan millət vəkili Korin Ehrel kampaniyanın son günündə təşkil olunmuş görüşdə seçiciləri Emmanuel Makrona səs verməyə çağıran zaman səhnədə infarkt keçirir. Təcili yardım tərəfindən xəstəxanaya çatdırılan 50 yaşlı deputat, bir neçə dəqiqədən sonra ürək tutmasından vəfat edir...
Namizəd Makronun kampaniyasında bir çox başqa faciələr də baş verir. İşini, ailəsini, uşaqlarını unudub Makronu prezident etmək üçün gecə-gündüz rahatlıq bilmədən kampaniyada pulsuz-parasız çalışan bir könüllünün həyat yoldaşı, axırda cana yığılıb uşaqlarını da götürüb ata evinə qayıdır. Məhkəməyə boşanmaq üçün ərizə verən qadının tələbi ilə, nəinki onların nikahı pozulur, hətta o, atalıq hüququndan da məhrum olunur. Bu azmış kimi bir neçə gündən sonra həmin könüllü işindən də qovulur. Kampaniyadakı könüllülərin çoxu, hətta məvaciblə çalışan bir sıra kadrlar belə müxtəlif ailə və iş problemləri ilə qarşılaşırlar. İki turun arasında Makron kampaniyasındakı köməkçilərinə artıq yuxarı[1]dan aşağı baxır, çünki Fransız dili müəlliminin əri artıq özünü prezident kürsüsündə hiss edir. “...prezident seçiləndən sonra isə o, ümumiyyətlə, heç kimi saymadı”, – deyə kampaniyadakı könüllülərdən biri təəssüflə başını bulayır. Qələbəsindən bir həftə sonra kampaniyasında çalışan adamlara təşəkkür etmək üçün təşkil olunan ziyafətdə, o, cəmisi qırx beş dəqiqə iştirak etdi. Zevs artıq özünü onlara yaraşdırmırdı...
Ardı var...