9-cu hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
ƏSLİ KABİLDƏN OLAN XAÇ ATASI İŞƏ BAŞLAYIR
Aleksandr Benalla qonaqların siyahısını təşkil etsə də, Emmanuel Makronun 2017-ci ilin dekabr ayındakı Əlcəzairə ikinci səyahətində şəxsən iştirak etmir. Halbuki bir neçə ay əvvəl prezidentin seçki kampaniyasının qızğın çağında, Makronun Əlcəzairə birinci səfərində onun yanında idi. O, vaxt gələcək prezidentin “şillə vuranı” cibində xidməti pasport gəzdirirdi. Bu tip pasportlar adətən diplomatik pasport almaq hüququ olmayan, ancaq hökumət adından xarici ölkələrə xüsusi missiyalara göndərilən məmurlara verilir. Aleksandr Benalla hansı xüsusi missiyalar üçün xarici ölkələrə gedirdi? Əlcəzairə ilk səfərində hələ prezidentliyə namizəd olan Makron, iki gün ərzində – 2017-ci ilin fevralın 13-də və 14-də – Əlcəzairdə xeyli işlər görür. Makron çox yaxşı bilir ki, hər hansı bir seçkidə Əlcəzair mənşəli fransızlar böyük rol oynayır. Eyni zamanda, Əlcəzairdə yaşayan franko-əlcəzairlilər də onları səfərbər etməkdə böyük rol oynaya bilər. Yaxşı təcrübə mübadiləsidir. Kampaniya zamanı büdcədə pulun az olduğu vaxt, bu təkandan istifadə etməmək axmaqlıq olar. Görünür əlcəzairlilər də Makrona, onun əlcəzairlilərə yanaşdığı kimi yanaşırlar. O vaxt prezidentliyə namizəd, əsl dövlət başçısı kimi qarşılandı. Prezident olandan sonra da Makron, Əlcəzairin hökumət başçıları ilə görüşlərini davam etdirir: Baş nazir Abdelmalek Sellal, Təhsil naziri Nuria Benqebri, Dini İşlər naziri Mohamed Aïssa, Xarici İşlər naziri Ramtan Lamamra və Sənaye naziri Abdeslam Buşureb və sairə. Səfərin ikinci günü, fevralın 14-də – Əlcəzairin Echorouk News kanalına verdiyi müsahibəsində Emmanuel Makron Əlcəzairin Fransa tərəfindən müstəmləkəçiliyini “bəşəriyyətə qarşı cinayət” adlandırır və əlavə edir ki, bu müstəmləkə sözün əsl mənasında “barbarlıq” xarakteri daşıyıb. Bu sözlər çox ağır sözlərdir və ən başlıcası da odur ki, onun əvvəl dedikləri ilə ziddiyyət təşkil edir. 2016-cı ilin noyabrında, Le Point jurnalına verdiyi müsahibədə Makron müstəmləkəçiliyi tənqid etmişdi, ancaq onu da əlavə etmişdi ki, müstəmləkəçilik, müstəmləkə altında olan ölkələrə həm də sivilizasiya elementləri gətirib. Təbii ki, 2017-ci ilin fevral ayında onun Əlcəzairdə müstəmləkə haqqındakı bəyanatları yerli camaatın xoşuna gəlir. Onu da qeyd edək ki, bu məsələdə Əlcəzair və müstəmləkəçilik üzrə mütəxəssis, tarixçi Benjama Storanın da əməyi az deyil. Hollandın prezidentliyi dövründə Əlcəzairdə doğulan bu köhnə Trotskist dəridən-qabıqdan çıxmışdı ki, o, 1945-ci ilin mayında Əlcəzairin Setif şəhərindəki qırğını əlində əsas tutub Fransanın Əlcəzairi müstəmləkə altında saxlamasını tənqid etsin. O vaxt Fransız ordusu tərəfindən, təxminən 45 000 əlcəzairli qətlə yetirilmişdi. Amma Sosialist Partiyasının keçmiş birinci katibi və o vaxtkı prezident, çıxışlarında hərdənbir bu mövzuya yüngülcə toxunsa da, heç vaxt ciddi şəkildə Fransanın bu qırğındakı cavabdehliyini etiraf etməmişdi. Bu səfərdə onu müşayiət edəcək nümayəndə heyətini Makron özü seçmişdi: diplomatik məsləhətçi Oreliyen Leşevalliye; (bir müddət sonra bu adam Yeliseydəki prezident kabinetinin üzvü olacaq). Fransua Hollandın keçmiş dostu, Əlcəzairi əlinin içi kimi tanıyan və Makrona bu ölkədə kimlərlə əlaqəyə girməyi məsləhət görən advokat Jan-Pyer Minard; İqtisadiyyat Nazirliyində işləyəndə onun kabinet direktoru olan Sofi Ferraççi; Raff aranın keçmiş naziri, Hollandın vaxtında Fransanın Əlcəzairdəki xüsusi nümayəndəsi olan Nikol Qedi və hətta onun mətbuat xidmətinin rəisi Silvan Fort. Əlcəzairə gedən nümayəndə heyətinin fotolarında Makronun cangüdəni kimi fəaliyyət göstərən Aleksandr Benalla da görünür. Bu adam hətta Makronla birlikdə çox məxfi görüşlərdə də iştirak edəcək...
Ardı var...