Layihə: “Bizim filmlər”
2011-ci ilin filmidir, yəni Azərbaycanın yeni dövr filmlərinə aid etmək olar. Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişiylə "Pozitiv Media" Prodüser Mərkəzində istehsal edilib. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Filmdə əsas rolları Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax və Şövqi Hüseynov ifa edirlər.
“Aktrisa” filmi İlqar Fəhminin eyniadlı əsəri əsasında rejissor Rövşən İsaxın yazdığı ssenari ilə ekranlaşdırılıb. Çəkilişlər Gəncədə, Hacıkənddə, Bakıda, Bilgəhdə Vaqif Mustafazadənin qohumu, həm də onun ev muzeyinin direktoru Ofeliya xanımın bağında çəkilib.
Bankir Vaqif Fətəliyev (Fuad Poladov) öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir.
Povestə görə, yazıçı bankiri yatdığı yerdə öldürür. Görün, rejissor ssenaridə hansı dəyişiklikləri və nə səbəbə edib?
Rövşən İsax: “Düşündüm ki, bu yazıçıdır, mədəni, hissiyyatlı adamdı, necə adam öldürə bilər. Bankirin də həyat hekayəsi yox idi povestdə. Yüngül həyat tərzi keçirən biri filmin qəhrəmanı ola bilməz. Mən onu yaşının ahıl vaxtında qızı yaşında biri ilə ailə qurmasını əsaslandırıb, qəhrəmanımı sevdirməli idim. Vurub qoltuğuma, getdim Rüstəm İbrahimbəyovun yanına. Dedi, mən onu düzəldib hazır verməyəcəm sənə, sualları dəqiqləşdirək, get özün tap cavablarını. Dörd ay işlədim, bir ayağım onun yanında, suallarla, məsləhətləşmələrlə. Azərbaycan kinosunun ikinci böyüyü Ramiz Fətəliyev çəkilmiş materialın üzərində zərgər dəqiqliyi ilə düzəlişlər elədi, “belə edək” demədi, “belə təklif edirəm” - dedi, - “çünki budu, budu, budu...” Ondan da çox şey öyrəndim”.
Rövşən İsax İncəsənət Universitetində tələbə olanda Fuad Poladov ona olmasa da, kurs yoldaşlarına dərs deyib. Rejissor həyəcan içində ssenarini Fuad Poladova verib və deyib ki, inandırıram sizi, oxuduğunuzun ən yaxşı ekran həllini görəcəksiniz. O da inanıb, oxuyub, ssenarini bəyənib. Çəkiliş vaxtı isə aktyor peşəkarlığından gələn əlavələri ilə filmin daha da uğurlu alınmasına kömək edib.
Məsələn, Fuad Poladovun oynadığı obraz - Vaqif Fətəliyev köməkçisinə öz həyatını danışdığı səhnədə aktyor rejissora təklif edib ki, – olar, orda deyim ki, mən həyatımı cəza müddəti kimi yaşamaq istəmirəm?
- Əlbəttə, olar, mənə deməsəniz də olardı –deyə rejissor cavab verib.
- Yox, sən rejissorsan, ixtiyar sənindir, imtina da edə bilərsən – deyə Poladov əlavə edib.
Nəticədə o bir cümlə filmdə əhəmiyyətli dərəcədə yerinə oturub, obrazın addımını əsaslandırmış olub.
Şərq görünüşlü gənc aktrisanı kim ağlatdı...
Aktrisa rolunda çəkilən Alesa Kaçer milliyyətcə belarusdu. Yaradıcı qrup Moskva aktyor agentliyinə xəbər verib ki, bizə şərq görünüşlü gənc aktrisa lazımdır. Onlara göstərilən aktrisalar arasından Alesanı seçiblər. Aktrisa ssenarini o qədər bəyənibmiş ki, deyib, nə desəniz edəcəm, təki məni çəkin bu obraza. Rejissorun bu sözdən ayağı yer alıb və aktrisaya şərt qoyub. Deyib, mətni verirəm sənə, azərbaycanca əzbərlə. Aktrisa bir dəfə də çaşmadan azərbaycanca danışıb və çəkilib.
Bağ səhnəsinin çəkilişi bitəndə Alesa Kaçer həyətdən küçəyə çıxıb, arxasınca çıxan rejissor görüb ki, qız üzbəüz hasarın dibində dizlərini atıb yerə hönkür-hönkür ağlayır. Məlum olub ki, rola təsdiq olunandan bu günə qədər bu səhnənin həyəcanını yaşayırmış - görəsən, alınacaqmı.
Poladovun obrazının ölümü
İlham Hüseynovla Fuad Poladovun birlikdə bir səhnələri var. Həm də sonda yazıçı Axundov (İlham Hüseynov) biznesmen Fətəliyevi (Fuad Poladovu) bağda öldürür. İlham Hüseynov Rövşən İsaxa deyib ki, Fuad Poladovla görüşdür məni, bəlkə həyəcanım keçə, yoxsa onun qarşısında obrazın öhdəsindən gələ bilməyəcəm.
Rejissor danışır: “İndi bunları görüşdürmüşəm, bir də gördüm ki, İlham Fuadın qarşısında əsim-əsim əsir, bizə də bu lazımdır, səhnə belə çəkilməlidir. Fuad müəllimə qapıdan işarə elədim ki, çıxın, bəhanə ilə çıxdı gəldi yanıma ki, nolub? Dedim bəs, danışmayın onunla, qoyun elə həmin həyəcanı qalsın çəkiliş vaxtına. Bu da rəhmətlik arif adam, göydə tutdu və harasa tələsirəm deyib, getdi. Bir də çəkiliş meydançasında görüşdülər”.
Çəkiliş vaxtı, çəkilişdən sonrakı istirahət saatlarında maraqlı hadisələr olub. Yenə rejissorun söhbətlərindən: “Gəncədə çəkilişdən sonra getmişik Hacıkənddə kabab çəkmişik. Yeyib-içirik, artıq iki qədəh içmişik. Fuad müəllim dedi ki, İlham bir söz desin, içək. İlham pörtdü. Dedim, Fuad müəllim, o, üçüncü qədəhdən sonra dil açacaq. Alesa söz dedi, üçüncü qədəhi içdik. Fuad müəllim nə isə Gəncə barədə demək istəyirdi, ağzını açmağa imkan tapmamış İlham belə ötkəm-ötkəm əlini də yuxarı qaldırıb, qayıtdı ki, Fuad müəllim, bir dəqiqə, rəhmətlikdən bir qəhqəhə çıxdı, dedi, nə dəqiqi diaqnoz qoymusan ki, bu üçüncüdən sonra dil açır”.
Rövşən İsax deyir, filmin çəkilişləri bitsə də, premyera çox gecikib: “Məni ən çox narahat edən Fuad Poladovun nə deyəcəyi idi, birdən bəyənməz filmi. Mən tələbə olanda o, paralel kursun rəhbəri idi, nəhəng sənətkardı və mən onu ilk filmimə çəkmişəm. Premyeradan sonra gözüm qalmışdı üzündə, kənardan qollarını açdı mənə, inanın ki. Uşaq kimi yüyürdüm qollarına”.
Bir qadın İlham Hüseynovu aldada bilər
İlham müstəntiq obrazına dəvət olunubmuş. Çəkilişdən bir gün əvvəl İlham Hüseynova yazıçını oynayacaqsan deyilib. İlqar Cahangirovla İlham Hüseynov sınaqdan keçiblər, yalnız gözlərinin ifadəsinə görə İlhama üstünlük verilib, çünki onun baxışları yazıçı baxışına oxşayır. İlqar Cahangirovda daha sərtdir, onun baxışları bir qadının oyununa aldana bilməzdi, amma İlhamın baxışları aldanardı.
İlham Hüseynov: “Həm çətin idi, həm də böyük xoşbəxtlik. Çox çətin sınaq çəkilişlərindən keçdim. İlk dəfə 42 yaşımda filmə çəkilirdim, həm də gözəl ssenari, rejissor və möhtəşəm tərəf müqabilləri ilə. Fövqəladə vəziyyətdə idim.
Bağ çəkilişləri avqustun 1-dən 31-nə qədər çəkilib. Bir çox çətin səhnələr vardı, əlinin damarı kəsiləndə Lalə çox qorxur, ağlayır. Mənə bu səhnə çətin gəlirdi, qorxumu dəf etmək üçün konyak alıb gizlətmişdim ki, həmin çətin məqamda bir-iki qurtum içib, gərginlikdən çıxım. Mənim səhnəm gəlib çıxınca çəkiliş uzanırdı, yorulmuşdum, yuxusuz və gərgin idim. Səhər saat 3-4 radələrində Rövşən “sənin səhnəni çəkirik” deyəndə yuxusuzluqdan və arada qurtumladığım konyakın təsirindən toparlanıb oynaya bilmədim. Rövşən çəkilişi saxladı, əsəbiləşdi, qayıtdıq qaldığımız yerə, Rövşən gəldi mənim otağıma, dişinin dibindən çıxanı dedi mənə və getdi. Yata bilmədim, çox pis təsir elədi mənə, özüm öz gözümdən düşmüşdüm, çəkiliş mənə görə dayanmışdı, çıxdım Buzovnanın qumluqlarına təkbaşına. Rövşən zəng elədi, dedim tək gəzib gələcəm. Qayıtdım, qucaqladı məni, həmin gecə çəkildim, amma o qədər sarsılmışdım ki, istədiyim effekt alınmadı. İş orasındadır ki, montaj vaxtı həmin səhnə kəsildi, filmə salınmadı”.
İlhamın Alesanı yıxması, qızın gömgöy olan dodaqları
İlham Hüseynov danışır: “Rövşənin ad gününü keçirdik çəkiliş arası, Alesa ilə “Tanqo” oynayırdım, mənim də onurğamda problem var, rəqsin bir yerində qızı tutmalı idim, yəni ağırlığını saxlamalı idim, onurğam məni yerdən yerə vurdu, qızı tuta bilmədim, çox möhkəm yıxıldıq, Alesa ayağından ağır zədə aldı. Çox pərt oldum. Mən də zədə almışdım, amma gözümə görünmürdü, qızın qarşısında “sınmağım” məni məhv edirdi”.
Filmdə isə “Tanqo”nu Fuad müəllimlə Alesa oynayıblar. Povestdə “Tanqo” səhnəsi yoxdur. Rejissor assistenti Vüqar Əmirovun ideyası olub bu. Bir bankir “Tanqo” oynaya bilərmi? Elə rəqs seçilib ki, aparıcı tərəf qadın olsun. Avqust ayı, bərk də isti. Fuad Poladovla Alesa başlayıblar məşqə. Rejissor deyib ki, yalnız ayrı-ayrı elementləri rəqs edin, Fuad müəllim deyib yox, bütöv oynayacağıq. Saatlarla məşq ediblər. Çim su içində olublar. Sonda mükəmməl rəqs alınıb.
Filmdə belə bir kadr var - yazıçı çayxanada çay sifariş verir, çayçı sinidə çayı gətirəndə yazıçı durub çıxır, çox fikirli halda. Onu da rejissor əlavə edib, çəkiliş günlərində bir gün havanın buludlu, tutqun olması ucbatından qanları qaralıb ki, çəkə bilməyəcəyik. Rejissor deyib ki, bu havadan yazıçının iş dünyası kimi istifadə edək, elə bir kadr salınıb.
Yayın cırhacırında yağış səhnəsi çəkilirmiş. Yaradıcı qrup yanğınsöndürəndən yağan suyun soyuqluğunu nəzərə almadan birbaşa kadrları çəkiblər və həm də təkrar-təkrar. Çəkiliş bitən kimi Alesya yıxılıb yerə. Baxıblar ki, qızın boyalı dodaqları gömgöydür, donub.
Əməliyyat müvəkkili rolunu oynayan Şövqi Hüseynov deyir: “Həyatdakı yaxın münasibətdən əlavə, ruh yaxınlığı duyduğum iki insanın - Rövşən İsax və İlqar Fəhminin müəllifi olduqları bu filmdən, komandadan aldığım sənət həzzi uzun illər yaddaşımdan silinməyəcək. İfa etdiyim əməliyyat müvəkkili rolu həcm etibarı ilə böyük olmasa da, çəkiliş meydançalarında özümü, oynayacağım personajı çox vacib baş qəhrəmanlar səviyyəsində hiss edirdim. Bu, bir aktyor kimi özünə inam hissini artırır. Əlbəttə, bu hiss filmin, ümumi ab-havanın yaradıcısı olan Rövşən İsaxdan, onun işinə olan ciddi münasibət və sevgisindən doğurdu. Hesab edirəm ki, bu keyfiyyətlər aktyorların öz işini vicdanla yerinə yetirməsi üçün yaradılan ən vacib şəraitdir. Bunu 10 il bundan əvvəl iki gün anşlaqla keçən təqdimat mərasiminin iştirakçıları, müxtəlif təbəqələrin nümayəndələriylə yanaşı, tanınmış teatr və kino xadimləri, illər keçməsinə baxmayaraq bu gün də müxtəlif telekanallarda nümayiş olunanda ekran qarşısına yığılan tamaşaçılar deyir. Bu şərəfli səhifədə mənim də adımın olması çox qürurvericidir”.