Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda kinonun dili ilə “Zavallı, sən bilmədin ki, azadlıq yanğısı nə deməkdir”, “Bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”, “Azərbaycanı azad görməyincə bu qılınc qınına girməyəcək” kimi ifadələri işlətmək hər oğulun işi deyildi.
Lent.az bildirir ki, rejissor Eldar Quliyev “Babək” tammetrajlı bədii filmini 1979-cu ildə ekranlaşdırıb. Film "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə istehsalıdır. Əslində “Mosfilm”in filmdə heç bir əməyi yoxdur, sadəcə məlum məsələdir ki, həmmüəllifliyə iddiasının tutarlı əsası vardı.
Filmin leytmotivini, süjetini, onurğasını Babəkin azadlıq hərəkatı təşkil edir. O vaxtkı Azərbaycan SSR-in ən bahalı filmlərindəndir. 2 milyona yaxın büdcəsi olub. Amma aktyorlar elə də qonorar almayıblar. “Özbəkfilm”, “Qazaxfilm” bu filmin çəkilişlərində “Azərbaycanfilm”ə kostyumlarda, dekorasiyalarda köməklik göstəriblər, həm də təmənnasız. Qılınc, qalxanları zavodlar pulsuz hazırlayıblar. 60-a yaxın ölkə bu filmi alıb və nümayiş etdirib. 35 milyon tamaşaçı izləyib. Ekran əsəri 1-ci kateqoriyaya layiq görülüb.
“Azərbaycanfilm”dən bəzi mənbələrin dediyinə görə, film SSRİ-nin ilk onluğuna düşübmüş. Amma apardığımız araşdırmalardakı mənbələrdə “Babək” filmi SSRİ filmləri arasında 54-cü yerdə bərqərar olub.
Filmin çəkilişləri əvvəlcə rejissor Həsən Seyidbəyliyə həvalə olunubmuş. Rol bölgüsü prosesində birdən-birə filmi alıb Eldar Quliyevə veriblər. Həsən Seyidbəyli xəstəxanaya düşür, əvvəl film üçün mübarizə aparsa da xəstəxanada bundan imtina edir. 80-ci ilin yayında 59 yaşında xəstəxanada dünyasını dəyişir…
Dörd ay çəkən çəkilişlər əsasən Naxçıvan ərazisində aparılıb. Yaradıcı qrup kəndlərdən birində yerləşirdi. Çəkilişlərdə yerli əhali də iştirak edirdi. Beş mindən artıq insan kütləvi səhnələrdə çəkilib. Həmin vaxt Naxçıvanda üzüm yığılırmış, əhali çəkilişlərə gələ bilməyib, üzüm yığımına gedir. O vaxt Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən Heydər Əliyevdən tapşırıq gəlir: “Qoy bu il Naxçıvanın üzüm planında kəsir qalsın, amma çəkilişlərdə iştirak etsinlər”.
İstidən dəbilqələr qızıb, adamların başını yandırırdı. Amma Babəkin xatirinə bu film çəkilməli, kütləvi səhnələr kütləvi olmalı idi.
Döyüş səhnələri Naxçıvan şəhəri ilə Culfa arasında çəkilib. Bəzz qalasını taxtadan tikmişdilər, qalanı dekorasiya olub. Döyüş səhnələri istinin altında çəkildiyindən hamı tıncıxıb. Hətta Babəklə Cavidanın (Rasim Balayevlə Şahmar Ələkbərovun) döyüş səhnələrində Rasim Balayev az qala Şahmarı qılınclayıb. Yaxşı ki, qılınc həqiqi olmayıb.
Filmin bəzi hissələri Suraxanı atəşgahında, bəzisi isə Ramana qalasında lentə alınıb.
Naxçıvanın Babək rayonu 1978-ci ildə bu filmin şərəfinə inşa edilib.
Filmin ssenari müəllifi Ənvər Məmmədxanlıdır. Quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı Mayis Ağabəyov, bəstəkarı Polad Bülbüloğlu, dirijoru Rauf Abdullayev, direktoru Tələt Rəhmanovdur.
Hə, yeri gəlmişkən, Babəkin oğlunun körpəliyində çəkilən südəmər uşaq Tələt Rəhmanovun yenicə dünyaya gəlmiş qohumudur. Rasim Balayev deyir ki, Tələt Rəhmanov dünyasını dəyişəndə yoldaşlarla birlikdə başsağlığına getmişdik. Məclisdə gələnlərə çay verilirdi. Bir cavan uşaq mənə də çay verdi. Dedilər ki, bu oğlan tanış gəlir sənə? Dedim, yox. Bildirdilər ki, "Babək" filmindəki balaca oğlundur. İllər sonra tanımağım, əlbəttə, mümkün deyildi, mən onu körpə ikən görmüşdüm.
Rollarda Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amaliya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə, Süleyman Ələsgərov kimi tanınmış aktyorlar çəkilib.
Həmçinin Moskvadan "Mosfilm"in "Kavalerskiy polk"un divizionu, atları ilə birlikdə əsgərləri də gəlmişdi. Naxçıvan sərhəd qoşunlarının əsgərlərini də çəkilişlərə cəlb etmişdilər.
Yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar hazırlamışdı.
Görün, hələ Babəkin yaradıcısı Lent.az-a nələr danışır.
Rasim Balayev: "Bir neçə aktyorla birlikdə ippodroma, üzgüçülüyə, qılıncoynatma məşqlərinə gedirdik. Təxminən 2-3 ay məşqlərdə olduq. Əsasən atla bağlı problemlərim olurdu. Bir neçə dəfə atdan yıxılmışdım deyə, zədələnmişdim. Elə indi də onun əziyyətini çəkirəm. Belimdə ağrılar çox olur, həkimə müraciət edəndə deyirlər ki, zərbə almısan. Zərbə almağım da ancaq atdan yıxılanda olub, cavan olanda hiss etməmişəm. Yaş da, zədələr də indi öz sözünü deyir.
Həm ağır film olduğundan, həm də bu qədər çox insan cəlb edildiyindən ekstremal vəziyyətlər çox yaranırdı. Bir də görürdün ki, ani olaraq aktyor qılıncı səhv vururdu, gedib digərinin çiyninə, qoluna, ayağına dəyirdi. Yaralananlar, atdan yıxılıb beli sərpən, qılıncla əlini kəsənlər çox olurdu.
Nəinki mən, ata minən istənilən aktyorun atdan yıxılmağı bir yana, qılıncdan aldığımız zədələr, isti hava şəraiti dözülməz idi. Hətta bir dəfə atın özü yıxıldı, ayaqları sındı, onu kəsib, Naxçıvanda sərhədi qoruyan itlərə yedizdirdilər.
Nizə, qılınc tutmaqdan əllərim qabar bağlamışdı. Ənvər Həsənovla (Tərxan) mənim əynimdəki geyimlər donuz dərisindən hazırlanmışdı. Əynimizdəkilər qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi.
Situasiyadan asılı olaraq heç cür alınmayan səhnələrimiz olurdu. Bu, demək olar ki, bütün filmlərdə olan şeylərdir. "Babək"in hər bir epizodu mənim üçün çətin idi. Çünki dərin psixoloji rolu canlandırırdım, əsəb, stress, fərqli oyun tərzi tələb edən obraz idi. Ona görə də həmişə ağır olurdu, özümü səfərbərliyə alırdım. Mənim üçün çətin idi".
Döyüş səhnələrində çəkilən döyüşçülər Qırğızıstandan gəlmiş pəhləvanlar idilər. Xüsusi tryukları həyata keçirirdilər. Çəkilişlər çox çətin şəraitdə - istidə, səhər saat 6-dan başlayarmış. Babəkin qoşunu ilə hücuma keçdiyi kadrda arxasınca 400-500 döyüşçü gedir. O vaxt indiki kimi mobil telefonlar, müxtəlif vasitələr olmayıb axı. Ona görə də müxtəlif işarələrdən istifadə edilirmiş. Məsələn, fişəng bir dəfə atılanda "gəlin" deyilirdisə, ikinci fişəngdə dayanmalı idilər. Elə olurmuş ki, ikinci atılan fişəng arxada eşidilmirmiş. Aləm onda qarışırmış. O boyda adamın səs-küyü, izdiham. "Stop" deyib çəkilişi saxlayırmışlar. O qədər adam yenidən geri qayıdırdı, yenidən həmin vəziyyəti alırdılar. Naxçıvan rəhbərliyi xüsusi maşınlar ayırmışdı, yemək, su gətirirdilər. İsti olduğundan suya tələbat da çox olub.
Buğday obrazının ifaçısı Məhəmməd Verdiyev: “Üçüncü kursda çəkilmişəm “Babək”də. Eldar Quliyevin sınağında mən oynayan rola 26 nəfər olub. Axıra İlham Əsgərovla mən qalmışdıq. Şəklimizi göstəriblər Amaliya xanımla Rasim Balayevə ki, oğlunuzu seçin. Ayrı-ayrılıqda ikisi də məni seçib”.
Filmdə mənim də ürəyimcə olmayan nüanslar var, amma tutarlı səbəbi odur ki, filmin yarım saatlıq hissəsi kəsilib atılıb. İki hissəli filmin öz vaxtı vardı, vaxta görə kəsmişdilər. Moskva heç təsdiq etmirdi filmi ki, “Yallı” rəqsi erməni rəqsidir. Qriqoryan bədii şurada oturub hökm oxuyurdu. Heydər Əliyevin sayəsində keçdi film”.
Filmdə Babəkin ikinci arvadı olan Pərvin obrazını milliyyətcə inquş olan Tamara Yandiyeva oynayıb. Amaliya Pənahova kənardan aktrisa dəvət etməyin əleyhinə olub. Ona görə də deyirlər aktrisa ilə çəkiliş prosesində yola getməyib. Yandiyeva hazırda müğənni karyerasını davam etdirir, inquş folklor mahnılarının ifaçısıdır.
Filmin yaradıcı heyətinə sayğılarla...