Misli görünməmiş edamın çəkilişi -  <span style="color:red;">"Mıxın ovcuma pərçimlənməsi..."
21 mart 2019 16:04 (UTC +04:00)

Misli görünməmiş edamın çəkilişi - "Mıxın ovcuma pərçimlənməsi..."

“Bizim filmlər”

 

1972-ci il elə 2019-cu il kimi böyük Azərbaycan şairi, filosofu Nəsiminin ili imiş. Bu belə élan olunmasa da şairin 600 illlik yubileyinə ithaf olunmuş “Nəsimi” filminin çəkiliməsi üçün göstəriş verilib.

Nəsimişünaslar, dilçilər, filoloqlar, rejissor və ssenaristlər məşvərətə yığılıb və hamı İsa Hüseynovun “Məhşər” romanı üzərində dayanıb ki, Nəsimi barədə ən yaxşı film çəkmək üçün məsləhətli əsərdir. Məhz ən yaxşı, göstəriş elə olub ki, indiyə qədər çəkilən Azərbaycan filmlərinin ən yaxşısı bu olmalıdır, yəni şairin adına layiq.

Filmin çəkilişləri boyu da həmin məşvərətdə olan Nəsimişünaslar və filoloqlar öz məsləhətlərini verir, çəkilişlərdə iştirak edirdilər ki,  kino sarıdan deyil, məhz Nəsimi dövrü, onun dili, hürufilik baxımından, yanlışlığa yol verilməsin. M. Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z. Quluzadə (fəlsəfə üzrə), T. Musəvi (tarix üzrə), R. Əfəndiyev (etnoqrafiya üzrə) Əli Fəhmi şairin qəzəllərini düzgün ifa etsinlər deyə qəzəlləri sətirbəsətir izah edib, əridib yağ kimi aktyorların boğazına töküb.

 

Ən böyük əziyyət isə təbii ki, ssenari müəllifi İsa Hüseynov və filmin rejissoru Həsən Seyidbəylinin boynuna düşüb. Nədən, çünki onlar birlikdə yalnız filmin böyük məsuliyyətini daşımırdılar, həm də bu qədər nəzarətdə saxlayan və məsləhət verən mütəxəssisi xoşluqla yola verib filmi ərsəyə gətirməli idilər. Bəzən isə bu iki şəxsin öz arasında fikir ayrılğı yaranırdı bir mətləbə gələ bilmirdilər. Bax, mərakə onda başlayırdı.

Nə yaxşı ki, belə hal çox olmayıb, bir dəfə Nəimi edam ediləndə Nəsimin

“Ayrılır” rədifli qəzəli söyləməsini İsa Hüseynov təklif edib rejissor razilaşmayıb, müəllifin təkidi ilə o səhnə elə çəkilib, Həsən Seyidbəyli deyirmiş ki, narahat qaldiğim səhnə idi, yaxşı ki, filmin nümayişində narahatlığa əsas olmadığını gördüm.

 

İsa Hüseynov at arabasının altında

İsa Hüseynov senari əlində çəkiliş meydanında olarmış. Çəkiliş prosesində senariyə əlavə etdiyi kadrlar saysızdir, elə orda vəziyyətin, məkanın tələb etdiyini yerindəcə təklif verərmiş. Bəzən çəkiliş qrupuna lazım olan, ona aid olmayan köməyi də əsirgəməzmiş. Məsələn, Əmir Teymur obrazına çəkilən Yusif Vəliyevin yaddaşında problem olduğundan obrazın sözlərini unudardı. İsa müəllim hər dəfə sözləri kənardan pışıldayarmış. Bu minvalla Nəsimi ilə Teymurun daloqu səhnəsində Yusif Vəliyevə kömək etmək və bu əsnada kadra düşməmək üçün müəllif kadrda olan at arabasının altına girib büzüşüb oturub ordan Teymura suflyorluq edib.  

Nəsimi Rasim Balayevi ölümdən qurtarıb

“Nəsimi” filminə qədər “Azərbaycanfilm”də lentə alınan bütün filmlərdə dekorasiyadan istifadə olunurdu. “Nəsimi” filmində dekorasiya yoxdur. Çəkilişlər hamısı pavilyonda deyil, təbiətdə, uyğun məkanlarda çəkilib.

Qobustandan tutmuş Özbəkistanın Xivə şəhərinə qədər çəkilişlərin coğrafiyasıdır. Teymurləngin əsgərlərlə yürüşü Mərəzə yolunda Cəngidə çəkilib. Həmin kütləvi səhnəyə yığılmış 5 minə qədər könüllü tələbə kinostudiyada kostyumlarını geyinib hardasa 50-60 avtobusla Cəngiyə gediblər.  Nəsimin edam səhnəsi Hələbə getməyin müşkül olması səbəbindən Özbəkistanın Hələbi xatırladan tarixi Xivə şəhərində reallaşıb.

Naxçıvanda-Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, Ramana qalasında da çəkilişlər olub.

Məsələdə Heydər Əliyevın imzası var, İsa Hüseynovu özü çağırıb, göstəriş verib ki, ən yaxşı, şairin adına layiq film olmalıdır. Təkcə İsa Hüseynov deyil hər kəs filmin üstündə nanə yarpağı kimi əsirmiş. O vaxt Heydər Əliyevin Qurban Xəlilov adlı (Fərhad Xəlilovun atası) müavini olub, aktyorların seçimi belə onun nəzarəti ilə keçirilib. Rejissor Nəsimi obrazına heç tanınmayan gənc Rasim Balayevi çəkmək istədiyini deyəndə Qurban Xəlilov etiraz edib, risklidir –deyib. Nəsimi roluna hətta Rusiyadan hansısa aktyoru dəvət etmək istəyiblər. Rejissor yalnız Rasimi o rola uyğun gördüyünü israr etdikdən sonra Qurban Xəlilov – bütün məsuliyyət sənin boynunda qalır-şərti ilə razılıq verib. Sonradan bunu özü Rasim Balayevə etiraf edib ki, mən razı deyildim sənin çəkilməyinə, bala, bağışla məni.

Rasim Balayev İncəsənət institutunu bitirəndən Nəsimiyə çəkilincəyə qədər çoxsaylı sınaq şəkilişlərində olub, hamısı uğursuzluqla nəticələnib. Həmin dönəmdə aktyorun arxa-dayağı atası da rəhmətə gedib. Gənc aktyor və yeni ailə qurmuş adam, maddi və mənəvi çətinliklərin məngənəsində ağır depressiya ilə xəstəxanaya yerləşdirilib: “Xəstəxanada yatırdım, filmin ikinci rejissoru   gətirdi mənə senari verdi ki, Həsən Seyidbəyli dedi oxusun, getdi. Bir də gəlib soruşanda ki, oxudun, yalandan dedim ki, oxudum, amma mən bu yaxınlarda öləcəm, başqa adam tapın. Bu da gedib Həsən müəllimə deyib. Bir də gördüm həkimlər hamısı gəldi üstümə, yenidən müayinə, konselium. Həsən müəllim əlində sanatoriyaya göndəriş, dedi get dincəl hər gün günorta gəl məşqlərə, iki ay məşq elədik, sonra çəkilişlər başladı. Məni Həsən Seyidbəyli Nəsimi obrazı ilə həyata qaytardı”.   

Çəkiliş vaxtı günvurma ilə, zəhərlənmə ilə xəstəxanaya düşənlər olub

Həsən Seyidbəyli  Nəsimi obrazı üçün yeni sima axtaranda televiziyada Rasim Balayevin qəzəl dediyini görüb, cizgiləri xoşuna gəlib. Ona görə də qətiyyətlə onun üzərində dayanmaqla həm də bir gənci həyata və sənətə bəxş etmiş olub.

Rasim Balayev danışır ki, əsas çəkilişlər gün altında səhra kimi qızmar yerlərdə keçirilirdi. Şox çətinliklər vardı deyir, amma ən çətini psixoloji məqamları yaşayırmış kimi vermək idi. Xüsusən edam səhnəsində əziyyət çəkib, o çəklişin birinci günü Rasim Balayev istirahətdən qayıdıbmış, nə qədər çalışıblarsa üzündə əzab ifadəsi alınmayıb, gümrahlıq, fərahlıq yağıb. Çəkilişi təxirə salıblar: “ Belə edamı nə eşitmişdim, nə oxumuşdum, qalmışdım əlacsız ki, necə yaradım. İsa Hüseynov əlində bir mıx yaxınlaşdı, verdi mənə dedi var gücünlə sıx ovcuna batsın. Sıxırdım, ağrıyan kimi boşalırdı əlim. Uzun çək-çevirdən sonra həmin o filmdə eşidilən  inilti çıxdı məndən, həqiqətən mıxın ovcuma pərçimlənməsindən çıxan inilti idi.”

Həmin səhnədə günün altında üzündə əzab ifadəsi yaransın deyə ona su da verməyə icazə olmayıb, kadr çəkilib bitən kimi ətrafda izləyən sadə camaat hamısı əllərində hazır tutduqları su dolu stəkanla Rsim Balayevi dövrəyə alıblar. Aktyor deyir ki, ən çətin alnlarımda o sevgi məni yaşadıb, indi də o sevgini məhz çəkiliş neydanlarında yaşamaq istərdim…

Filmin çəkilişləri zamanı çox hadisələr baş verib. Qobustandakı çəkilişdə rejissor assistentini ilan sancıb, aktrisa Xalidə Quliyeva (Fatimə) atdan yıxılıb. Atasının, Nəiminin edamı vaxtı qayalıqlar özünü çırpıb meydana getmək istədiyi səhnə çəkilərkən aktrisanın əlinin üstünə əqrəb çıxıb, hiss etməyib çəkilişə, obraza necə qapılıbsa, sonradan bilib ki, əlinə əqrəb çıxıbmış. Kimisi günvurmadan, kimisi zəhərlənmədən xəstəxanalara düşüb.

Aktrisa Xalidə Quliyeva filmə çəkiləndə hələ tələbə olub. Onu  Həsən Seyidbəyli Tofiq Tağızadənin “Qızıl qaz” filmindən bəyənib. Xalidə senarini oxuyanda Fatiməni oynayaram-deyib. Rejissor elə onu oynayacaqsan-cavabını verib. Aktrisanın uzun hörükləri olub, filmdə isə Fatimə saçlarını qırxdırmış olur ki, Nəiminin varisi olduğunu gizlədə bilsin. Rejissor aktrisanın üzünün ifafəsindən saçından çətin keçəcəyini anlayıb kəsdirmə-deyir.   Onun saçlarını özbək qızları kimi xırda-xırda çoxsaylı hörüklər atıb başına dolayıb gizlədib üstündən parik taxırlar. Xalidə xanım danışır ki, çölün düzü, isti hava, başımda qalın parik, papaq, ayağımda yun corablar, əynimdə jilet tər götürüb gedirdi.  Hamı elə mənim günümdə idi, yanımızda təcili yardım gözləyirdi, hər ehtimala hazır vəziyyətdə. O istinin altında hələ yaddab çıxıb kinostudiyada qalmış papağı da gözləməli olduq, Teymurləngin papağını. Sonra da yağış yağdı, istinin arxasınca, lap buxarlanırdıq, amma çəkilişi saxlamadan çəkdik sona qədər. Kütləvi səhnələrdən kimsə o iki daşın arasında çətir tapıb başına tutmuşdu, rejissor vaxtında görməsə çəkilişə düşəcəkdi.”

Xalidə Quliyeva bəzi səhnələrdə atı özü çapırmış, yıxılandan sonar onu dublyorla əvəz ediblər.

Həsən Seyidəyli də İsa Hüseynov kimi məhz Heydər Əliyevin özü tərəfindən bu filmə şərəfləndirilib. Ona qədər rejissor “Bizim Cəbiş müəllim”lə özünü təsdiqləmişdi, “Uzaq sahillərdə”kimi senarinin müəllifi idi.

“Nəsimi” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafat alıb.

Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mükafatı qazanıb. Hərçənd, Yusif Vəliyevin Əmir Teymuru, İsmayıl Osmanlınən Fəzlullah Nəimisi,  Məmmədrza Şeyxzamanovun Şeyxi, Səməndər Rzayevin Şirvanşah I İbrahimi,  Kamal Xudaverdiyevin Yusifi, Tofiq Mirzəyevin Dövlət bəyi, Muxtar Maniyevin  Miranşahı, Əbdül Mahmudovun dərvişi kişi rolu kimi zəif deyildilər.

Şeyxin qızı Şəmsi oynayan  Almaz Əsgərova yalnız bu filmlə yaddaşlarda qalıb.

- Məni vəsf et, şair,

 - Cəsf zamanı deyil, afət

- Yalvarıram, ölümə gedirəm

Səni bu hüsni-camal ilə,  kamal ilə görüb

Qorxdular həqq deməyə, döndülər insan dedilər- misraları elə bil həm də aktrisanın hüsnünə yazılıb. Filmdən sonar həyat yoldaşının faciəli ölümünə dözməyən aktrisa da həyata çox gənc yaşlarında əlvida deyib.

Dərviş rolunu oynayan Şeyx Əbdül Mahmudbəyov isə danışır ki, Dərvişi boğma səhnəsində özünü rəsmən boğulmuş hesab edib: “Necə yapışdısa boğazımdan Nəimi məni xilas edəndə elə bildim ağzımı açıb danışa bilməyəcəm, ona görə də səhnə təbii alınmışdı. Lap, o “Uzaq sahillərdə” filmində deyir e, qoy, bir özümə gəlim, mən də kadra “stop” deyiləndən sonra xeyli özümə gəlməklə məşğul oldum”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8034
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00