Xəyyam Əhmədli kimdir?  – Ölüb dirilən, dərdini oksigen balonuna danışan söz ustadı
15 noyabr 2024 17:36 (UTC +04:00)

Xəyyam Əhmədli kimdir? – Ölüb dirilən, dərdini oksigen balonuna danışan söz ustadı

Lent.az “Bioqrafiya” rubrikasında son günlər səhhətinin ağırlaşması ilə meyxanaçı Xəyyam Əhmədli barədə məlumat verir.

- Xəyyam Əhmədli harada anadan olub?

Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub.

- Xəyyam Əhmədli ailəlidir?

Bəli. Lakin övladı yoxdur.

- Xəyyam Əhmədli ali təhsil alıb?

Xeyr.

- Xəyyam Əhmədli hansı meyxanası ilə məşhurlaşıb?

Azərbaycan ordusunun zabiti Ramil Səfərov Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnı bəstələdi. Bu bəstə ona məşhurluq gətirmişdi.

- Xəyyam Əhmədlinin xəstəliyi nədir?

O 2023-cü ildə insult keçirib. Ağır ürək problemi var və vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlər müayinələr edir, müalicə olunur. Əməliyyat olunması da mümkün deyil. Çünki əməliyyat üçün səhhəti yaxşılaşmalıdır. Ürəyi çox zəifdir. Söz xiridarı ictimai-sosial verilişə müsahibəsində bildirib ki, səhhəti ilə əlaqədar uzun müddətdir, xəstəxanadadır. 
“Heç özüm də bilmirəm, nələr baş verdi. Uzun zaman əvvəl ürəyimə su yığılmışdı. Buna görə o zaman əməliyyat olunmalı idim, amma olmadım. Birdən-birə gözüm qaraldı, huşum getdi. xəstəxanadayam, həkimlərin nəzarətindəyəm”- o bildirib. O, 2018-ci ildə ürəyindən "anju" əməliyyatı olunmuşdu. 

- Ramil Səfərov Xəyyam Əhmədlini ziyarət edib?

Bəli. Azərbaycan ordusunun zabiti polkovnik-leytenant Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib. Onlar birgə söhbət edib, foto çəkdiriblər. Ramil Səfərov meyxanaçıya xüsusi rəğbət bəslədiyini bildirib.

- Xəyyam Əhmədlinin maddi dəstəyə ehtiyacı var?

Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. Xəyyam Əhmədli 2018-ci ildə ürəyindən anju olunanda sənət dostlarından Namiq Qaraçuxurlu, İzzət bağırov, Ağa Mirzə ona maddi dəstək edilməsi üçün çağırış ediblər: "Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm ona dəstək olsunlar".

- Hansı sənətkarlar Xəyyam Əhmədliyə baş çəkib?

Söz xiridarı bildirib ki, bir çox həmkarları onun səhhəti ilə maraqlanır və evinə ziyarətə gəlirlər: 

“Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu, Namiq Məna, Pərviz Bülbülə, Ələkbər Yasamallı, Mehdi Masallılı, Aydın Lökbatanlı mənə baş çəkirlər vaxtaşırı telefonda danışırıq. Oqtay Kamil isə davamlı yanımdadır o bütün bu işləri təşkil edib. 3-5 meyvə alıb, halını soruşub, getmək deyil. Oqtay mənim üçün daha çox can yandırır. Allah hamının canını sağ eləsin. Kimlər ki yoxdur onlar əvvəlcədən yanımda olmayıblar. Onları bilmək üçün isə bu yatağa düşməyə ehtiyac yoxdur. Gərək zamanında onları ayırd edə biləsən. Görünür, mən etməmişəm. Heç kimə də arzu etmirəm dostlarını xəstə yatağında yanına çağırsın. Mən heç birindən narazı deyiləm”.

“Namiq Qaraçuxurlunu istəmirəm. İstəmirəm ki, o, yanıma gəlsin. Çünki o, yanıma gələndə həkimlər və tibb bacıları onunla şəkil çəkdirirlər, mən isə kənarda qalıram (gülür). Namiq gəlib mənə baş çəkib” – bunu da meyxanaçı deyib.

- Xəyyam Əhmədli öz səhhəti ilə bağlı nələr danışıb? 

Xəyyam bildirib ki, ilk dəfə insult olanda birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib:

"Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Avqustdan yataq xəstəsiyəm. Ayağa qalxa, yeriyə bilmirəm. Ürək çatışmazlığı ilə əlaqədar bədənimə su yığılıb. Bir ayağım tutulub. Ümid edirəm ki, əməliyyatdan sonra səhhətim düzələcək. Bir il ərzində xəstəxanada düz 8 dəfə yatmışam. Xeyri olsa da amma əməliyyat üçün yaramayıb. Deyirlər ki, bədəndən su çəkilməlidir. Onlar olan təqdirdə əməliyyata girə biləcəyəm. Pənahım Allahadır. Ürək çatışmazlıq ağciyərlərimə və böyrəyimə müəyyən fəsadlar verib. Amma sırf ürəyimlə bağlı müalicələr alıram. Ürəyimdə üç canlı toxumadan ikisi yoxdur. Bu çətinlik də məhz buna görə yaranıb. Yoxsa açıq ürək əməliyyatı keçirə bilərdim. Amma mənim bu vəziyyətimdə həkimlə bunu edə bilmirlər. Ürəyimin damarları buna imkan vermir”.

Xəyyam bildirib ki, onun ürəyi artıq fəaliyyətini itirib. Bu səbəbdən ürəyi süni aparatla əvəz olunmalıdır:

“Mən oksigen aparatı olmadan yaşaya bilmirəm. O bəzilərindən yaxşı imiş. Dərdim də olanda ona deyirəm. Aparat mənə səssiz qulaq asır. Ən böyük şeyi də o mənə edir. Mənim ürəyimə ürək formasına aparat qoyulmalıdır. O Almaniyadan gətirməlidir. Onun qiyməti də çox bahadır. Mənim o aparatı almağa imkanım yoxdur. 220 min manatdır. Avqustu 18-də kliniki ölüm keçirmişəm. Bunu mənə 3 gün sonra deyiblər. Bu haqda bilməmişəm. 20 dəqiqə ürəyim dayanıb. Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa çarəsi də var”.

Anasının da xəstə olduğunu söyləyən Xəyyam Əhmədli bildirib ki, gün ərzində onunla otaqdan otağa videozəng vasitəsi ilə əlaqə saxlayır:

“Bu evdə anam və öz ailəmlə qalıram. Anam özü də xəstədir. Aylardır yataqdayam, anamı görə bilmirəm. Onunla videozəng vasitəsi ilə danışıram. Bu otaqdan o otağa görüntülü danışırıq. Amma yenə də ana ürəyi görürsünüz necədir, o, qalxır ayağa və yanıma gəlir”.

- Xəyyam Əhmədlinin müalicəsi üçün pul yığılıb?

Pul yığmaq üçün həmkarları onun üçün aksiya edirlər. Hazırda lazım olan məbləğin 40 mini yığılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5766
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar