Müğənni Hiss kimdir və nə qədər pul qazanır? – Maraqlı cavablar
29 aprel 2024 15:20 (UTC +04:00)

Müğənni Hiss kimdir və nə qədər pul qazanır? – Maraqlı cavablar

Mahnıları gündəmdən düşməyən və getdikcə daha çox  tamaşaçı kütləsi toplayan müğənni Hissin şəxsi həyatı da daim izləyicilərin maraq dairəsindədir. 

Lent.az “Bioqrafiya” rubrikasında hər yeni ifası trend olan müğənni Hiss barədə məlumat verir. 

- Hiss harada doğulub və əsl adı nədir?


- 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində - SOS Uşaq Kəndində böyüyüb. Əsl adı Röya Məmmədovadır.

- Nə üçün Hiss təxəllüsünü götürüb?

- Çünki ondan öncə səhnədə arıq Xalq artisti Röya Ayxan var idi və o yeni adla tanınmaq istədi.
Röya xanım həm səsi həm də tərzi ilə tamaşaçıların qəlbində özünəməxsus yerini artıq əldə etmişdi. İlk Röya ola bilməyəcəyi üçün ilk “Hiss” olmağa qərar verib. Hiss sözü qısa, yaddaqalan, eyni zamanda oxuduğu mahnılar ilə eyni tərzdə, hisslərə xitab edən olduğu üçün seçilib.  

- Hissin ali təhsili varmı?


- 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.

- Hiss musiqidən başqa nə ilə məşğul olur? Əlavə işi varmı?


-Hazırda turizm sektorunda çalışır və özü-özünü maliyyələşdirir.

- Hiss nə vaxtdan musiqi ilə məşğuldur?


Musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. 15 yaşında “Sən bir nəğməsən” adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klipi YouTube-da 20 milyondan çox izlənilib.

- Hiss necə oldu ki, müğənni oldu? 

- Təbiətcə yaradıcılığı, incəsənəti sevir. Hesab edir ki, incəsənət, musiqi insanları daxili mənləri ilə üzləşdirən, onları düşünməyə vadar edən və olduğu andan həzz almağa kömək edən yeganə vasitədir. Uşaqlıq yaşlarından incəsənətə qarşı böyük sevgisi olub.

- Hiss uşaqlıqda hansı sənətdə olmağı arzu edib?

-  O, ya aktrisa ya da musiqiçi olmağı arzulayıb. Kiçik yaşlarından musiqi dərnəklərində eləcə də, uşaq musiqi yarışmalarında iştirak edib. 

- Hissin neçə albomu, klipi və sinqlı var?


- “Mars” (2022) və “Special Acoustic” (2023) adlı iki albom, 25 sinql və 22 klip təqdim edib.

- Hiss hansı stildə (üslubda) oxuyur?

Əsasən hip-hop janrına üstünlük verir. Müəyyən bir üslubu təmsil etmir. Hisslərə xitab etdiyi müddətcə müxtəlif janrlarda mahnılar oxuya biləcəyini deyib.

- Hiss nədən oxuyur? Mahnılarının əsas mesajı nədir?

Özü deyir ki, ifa etdiyi mahnılar məna baxımından müəyyən bir məzmun izləməsinə xidmət edir. Öz mahnılarının məzmunu gündəlik həyatdan götürülüb deyə, hər kəsə xitab edir, hamının həyatına toxunur. Məsələn, “Qorxuram” adlı mahnısının mövzusu Azərbaycan qadınının qorxularından bəhs edir. Çünki bu cəmiyyətimiz üçün aktual mövzudur. Hiss hesab edir ki, Azərbaycan qadınları tək qalmaqdan qorxur. 

- Hiss özü tək qalmaqdan qorxur?

Yox. Deyir ki, təkliyindən zövq alan biridir.

- Hiss subaydır?

Hələlik, subaydır.

- Hiss özünü Azərbaycan şou-biznesinin bir hissəsi hesab edir?

- Hiss hesab edir ki, şou-biznes bir termin olaraq ötən 10 – 15 illik period ərzində mövcud olan bir məfhum idi. İnternetin həyatımıza inteqrasiya olmasından sonra digər sahələr kimi şou biznes konsepsiyası da demək olar ki, kökündən dəyişib. İndiki tamaşaçı gündəlik olaraq daha çox məlumat alır, izləyəcəyi və ya dinləyəcəyi məzmunu özü seçə bilir. Hiss günümüzdə şou-biznes anlayışının iflas etdiyini düşünür və onun mövcudluğuna inanmır.

- Hiss toylara gedirmi? Hissin toy qonorarı nə qədərdir?

- Hiss bütövlükdə toy məclisini idarə etmir. Yarım saatlıq dəvət aldığı toylar üçün 3 min manat qonorar tələb edir.

- Hiss aylıq nə qədər pul qazanır?

- Hiss bu barədə danışmağı sevmir. Lakin çox bahalı avtomobilinin və təmtəraqlı bağ evinin olduğu məlumdur.

- Hissin əsas izləyiciləri kimlərdir?

- Statistik göstəricilərə görə izləyiciləri 18-35 yaş aralığının nümayəndələridir.

- Hissin hədəfləri və planları nələrdir?

- Daha böyük kütləyə səsini çatdırmaq istəyir. Gələcəkdə xaricdə konsert verməyi hədəfləyir. Daha bir arzusu “Avroviziya” mahnı müsabiqəsində ölkəni təmsil etməkdir. Bu müsabiqəyə münasibəti müsbətdir. Avropa dinləyicisinə təqdim olunan işin bir parçası olmaq hər şeydən öncə böyük təcrübədir. Elə bir səhnədə sərgilənəcək performansdan, böyük kütlə qarşısında çıxışdan öyrəniləcək çox şey var. Hiss bu müsabiqəni Avropa izləyicisinə açılan qapı hesab edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22212
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar