“Lotu Quli” kim idi?  – Əfsanəvi “qanuni oğru”nun sirr dolu həbsxana həyatı
16 iyul 2024 15:36 (UTC +04:00)

“Lotu Quli” kim idi? – Əfsanəvi “qanuni oğru”nun sirr dolu həbsxana həyatı

Lent.az “Bioqrafiya” rubrikasında mərhum "qanuni oğru" “Lotu Quli” barədə məlumat verir.

Qanuni oğru “Quli Bakinski”nin taleyi necə oldu: Rusiyadakı ən təhlükəli azərbaycanlı oğru

- “Lotu Quli” neçənci ildə doğulub?

“Lotu Quli” kimi tanın “qanuni oğru” Nadir Səlifov Nəriman oğlu 1972-ci il avqust ayının 28-də doğulub.

- “Lotu Quli” haralıdır?

“Lotu Quli” Gürcüstanın Dmanisi rayonunda doğulub. Bakıda böyüyüb. Üç qardaşın ən böyüyüdür. Nadirin hər iki qardaşı da cinayətkar olub, ortancıl qardaşı Namiq Səlifov isə “Namik Bakinski” ləqəbi ilə tanınıb. Bəzi mənbələr onun da “qanuni oğru” titulunu aldığını söyləyirlər. Milliyyətcə azərbaycanlıdır.

- “Lotu Quli”-nin mənası nədir?

"Quli" gürcü dilində "ürək" deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.

Nadir Səlifov Rusiyada eyni zamanda “Quli Bakinski” kimi də tanınıb. Rusların özü ona “kriminal boss” deyirdilər. “Qanuni oğru” Azərbaycan, Rusiya və Ukraynada kriminal aləmin liderlərindən biri olub.

- “Lotu Quli”nin ilk cinayəti nə olub?

Onun ilk rəsmiləşdirilmiş qanun pozuntusu 1995-ci ildə Bakı şəhərində baş verib və Səlifovun dediyinə görə, bu, saxta ittihamlar nəticəsində baş verib. Azərbaycan qanunlarına görə, şübhəli şəxs 72 saata qədər (SSRİ-nin bütün ittifaq respublikalarının Cinayət-Prosessual Məcəllələrində üç sutka nəzərdə tutulmuşdu) həbsdə saxlanıla bilər, Səlifovu isə qanuna zidd olaraq səkkiz ay müddətinə həbs ediblər. O, çox pis şəraitdə saxlandığını iddia edib. Bu şərait onun çəkisinin 95 kq-dan 75 kq-a düşməsinə səbəb olub.

- “Lotu Quli”nin ilk uzunmüddətli məhkumluğu nə vaxt olub?

O, 19 iyul 1996-cı ildə, 22 yaşında, günahsız olduğunu iddia etməsinə baxmayaraq, iki rəqib dəstə üzvünü öldürməkdə təqsirli bilinir. Həbs olunarkən onun əlində “Steçkin” avtomatı olub. Həmin silahı o zaman yalnız Azərbaycan Daxili İşlər Nazirliyinin yuxarı vəzifəliləri daşıyırmış. Bu hadisə ilə bağlı Səlifov barəsində ölüm hökmü çıxarılsa da, məhkəmə hökmü 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edib. Həmin 15 ilin 10 ili təkadamlıq kamerada keçib.

- “Lotu Quli”yə təzyiqlər olub?

1996-cı ildə Səlifov həbs olunduqdan iki ay sonra onun atasını da həbs edib və eyni həbsxanaya yerləşdiriblər. Orada olarkən atası vasitəsilə ona dəfələrlə təzyiqlər edilib, lakin bu cəhdlərin hamısı uğursuz alınıb. “Lotu Quli”ni “sındırmaq” mümkün olmayıb.

- “Lotu Quli”nin həbsxanadan kənar ilə əlaqəsi olub?

Həbsdə olduğu müddətin çoxunu Qobustanda daha ciddi rejimdə olan həbsxanada keçirdi. O, həbsxanadan belə kriminal aləmdə baş verən prosesləri rahatlıqla idarə edə bilirdi. Məlumata görə, onun kamerasında dörd müxtəlif nömrəli mobil telefon olub və bu telefon vasitəsilə azadlıqda olan cinayətkarlarla əlaqə saxlayıb. Belə ki, o, Azərbaycanın müxtəlif müəssisələrinə və ayrı-ayrı şəxslərinə qarşı cinayətlər məhz onun əmri ilə təşkil edilib.

Nadir Səlifovun həbsxanadakı otağı 

- “Lotu Quli” həbsxanaya yanına qadın gətirdirdi?

Məlumatlar var ki, Nadir Səlifov qardaşının köməyi və həbsxana rəhbərliyinə rüşvət verməklə ən azı səkkiz qadının seksual xidmət məqsədi ilə həbsxanaya göndərilməsini təşkil edib. Bu məlumatlar yayıldıqdan sonra həmin həbsxana rəhbərliyinin də “başları ağrayıb”.

- “Lotu Quli”ni həbsxanadan məqsədli çıxardıblar?

Nadir Səlifovun azadlığa buraxılmasının məqsədli olduğu bildirilir. 45 yaşlı "qanuni oğru"nun azadlığa çıxması Moskvanın ticarət meydançalarında və bazarlarında əsas müzakirə mövzusu olub və çoxları bu xəbəri sevinclə qarşılayıb. Həmin zaman bu barədə məlumatları mediaya Moskvadakı Azərbaycan diasporunun, adının açıqlanmasını istəməyən nümayəndəsi verib. Onun sözlərinə görə, bazar işçiləri səbirsizliklə Səlifovun gəlişini gözləyiblər. Çünki 2016-cı ilin avqustunda İstanbulda qanuni oğru Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) öldürülməsindən sonra dağıstanlı kriminal avtoritetlər satıcıları öz pul tələbləri ilə bezdiriblər. Lənkəranskinin ölümündən sonra, meyvə-tərəvəz bazarında qeyri-sabitlik yaranıb. Ticarətçilər himayəsiz qalıblar və bundan da digər tərəflər istifadə etməyə başlayıb. Dağıstanın kriminal avtoritetləri azərbaycanlıları məcbur edirlər ki, onları müdafiə etmələrinin qarşılığında xərac ödəsinlər. Razılaşmayanları incidir, işləməyə imkan vermirlərmiş. Beləliklə, Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılır. "Qanuni oğru"nun azadlığa buraxılması xəbəri bütün kriminal dünyasını silkələyir. Rəsmi qurumlar isə bildiriblər ki, Səlifov cəzasının əsas hissəsini çəkdiyinə görə, vaxtından əvvəl azadlığa buraxılıb.

- “Lotu Quli” həbsdən nə vaxt çıxıb?

2017-ci il oktyabrın 24-də kriminal avtoritet azadlığa çıxmasını Bakıdakı restoranlardan birində, doğmaları və dostları ilə birlikdə qeyd edib. Sonra atasının və Tbilisidə qətlə yetirilmiş yaxın adamı olan Elşən Məmmədovun qəbrini ziyarət edib. Həbsdən çıxan kimi də Azərbaycanın sərhədlərini tərk edib.

- “Lotu Quli” nə qədər həbs yatıb?

Lotu Quli 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, daha beş il də həbsxanada qalmalı idi. Lakin Apellyasiya Məhkəməsindəki mənbənin sözlərinə görə, Səlifovun işinə baxılıb və "qanuni oğru" vaxtından əvvəl azadlığa buraxılıb.

- “Lotu Quli”nin əsas prinsipi nə olub?

O, özü bu barədə belə deyib: “Mən “qanuni oğru”yam və mənim üçün “oğru” şərəfi hər şeydən üstündür. Mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik".

- “Lotu Quli” zəngin idi?

Bu barədə özü deyirdi ki, yalnız Baltikyanı ölkələrdə Latviyanın Tranzit Bankında pul itirib. Amma bununla belə, o, Azərbaycan kriminal aləminin ən zənginlərindən sayılırdı.

- “Lotu Quli” nə vaxt ölüb?

19 avqust 2020-ci ildə gecə saatlarında Türkiyənin Antalya şəhərində güllələnərək qətlə yetirilib.

- “Lotu Quli” necə öldürülüb?

"Xan Əhmədlinski” kimi tanınan kriminal avtoritet Xaqan Zeynalov "qanuni oğru” "Lotu Quli” kart oynayarkən güllələyib. Nadir Səlifovun Türkiyədə qətli kriminal aləmdə şok effekti yaratdı. Quli avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülüb. Nadir Səlifovu qətlə yetirən isə onun yaxın ətrafına daxil olan "Xan Əhmədlinski"dir. Kriminal avtoritet Xaqan Zeynalov "Lotu Quli"ni hotel nömrəsində kart oynayarkən vurub. Bildirilirdi ki, qanlı aksiya zamanı otaqda "Lotu Quli”dən başqa daha 2 nəfər, o cümlədən onun cangüdəni olub. Otağa daxil olan qatilə - Xaqan Zeynalova heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı. Otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahından atəş açıb, bu zaman Qulinin cangüdəni cavab atəşi açsa da, qatil qaça bilib. Sonradan Antalya-Dənizli şossesində Türkiyə polisləri tərəfindən saxlanılıb. Azərbaycan vətəndaşı olduğu deyilən 25 yaşlı Xan Əhmədlinski - Xaqan Zeynalovla yanaşı 26 yaşlı Əmir Həmidli də tutulub.

- “Lotu Quli” niyə öldürülüb?

Qətlin digər nüfuzlu "qanuni oğru” "Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) ölümümün 4-cü ildönümünə təsadüf etməsi işdə onun tərəfdarlarının əlinin olması ehtimallarını yaratmışdı. Məsələ burasındadır ki, 2016-cı il avqustun 18-də "Rövşən Lənkəranski” qətlə yetirilib. Türkiyədə baş verən bu qanlı olayda həmin vaxt həbsdə olan "Lotu Quli"nin adı hallanıb. 2017-ci ildə Rövşən Canıyevin qardaşı Namiq Canıyev və daha bir neçə nəfər Türkiyədə Nadir Səlifova qarşı sui-qəsd planına görə həbs edilib, sonradan azad olunub. Buna görə də Quliyə qarşı qəsd planı avqustun 19-da, yəni Rövşən Canıyevin Lənkəranda dəfn gününə təsadüf etməsi qisas tədbiri kimi dəyərləndirilir. Bununla belə, hadisənin avqustun 19-da baş verməsi təsadüf ola bilər. Tətiyi çəkən azərbaycanlı barmağı olsa da, sifarişin Rusiya kriminal dairələrindən gəlməsi ehtimalları da olub. Və ya digər kriminal qruplaşmaların azərbaycanlı kriminal qruplaşmalar arasında çaxnaşma yaratmaq, bir-birinə qırdırmaq planının tərkib hissəsi də olması mümkündür. Mümkündür ki, Lotu Qulini Rusiya kriminaliteti sifariş edib, qanlı aksiya tarixini də bu şəkildə seçməklə bütün diqqətin Rövşən Lənkəranskinin tərəfdarlarına yönələcəyini proqnozlaşdırıblar. Rusiyanın kriminal dünyası, onlara dəstək verən məmur oliqarxları “Lotu Quli”ni kabus kimi qəbul edirdi. Onun qətlinin də şimaldan verilən sifarişlə baş tutma ehtimalı da böyükdür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30528
avatar

Cavidan HUN

Oxşar yazılar