Lent.az “Bioqrafiya” rubrikasında sosial media fenomeni, milyonçu bloger Hüseyn Həsənov barədə məlumat verir.
- Hüseyn Həsənov harada və nə zaman anadan olub?
O 5 iyun 1994-cü ildə Sankt-Peterburqda azərbaycanlı iş adamının ailəsində anadan olub. O, Azərbaycanda orta məktəbə gedib. Bu barədə müsahibələrindən birində belə deyib: "Azərbaycan mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orda oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burda yaşamışam".
- Hüseyn Həsənov ali təhsil alıb?
Hüseyn Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:
"Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, instagram üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım".
O, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olub və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
- Hüseyn Həsənov blogerlikdən başqa fəaliyyətlə məşğul olub?
Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstagram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.
Universiteti bitirdiyi il xəstə olan atası Hüseynə restoran biznesini təhvil verib. Daha sonra Hüseyn Həsənov videolar yaratmağa və bloqunu davam etdirməyə başlayıb. 2017-ci ildə "İlin Kişi Bloqeri" nominasiyasında LF City Awards mükafatına layiq görülüb.
- Sosial şəbəkə hesabında hamıya bahalı hədiyyələr paylayan Hüseyn Həsənov çox varlıdır?
2018-ci ildə o, dünyanın ən nüfuzlu 10 insanı sırasına daxil olub. Kafelər şəbəkəsi və “GG” markalı kişi geyim mağazası var. Hüseyn Həsənov həm də biznes bacarıqlarının öyrədilməsi üzrə “Milyonerin ağlı” kursunun müəllifi kimidə tanınır. Onun bahalı avtomobillərdən ibarət qalereyası var.
- Hüseyn Həsənov sosial şəbəkə hesabından qazanc əldə edir?
Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.
- Hüseyn Həsənov subaydır?
Bloger özü bu haqda belə deyib: "Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki, qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam".
- Hüseyn Həsənovun valideynləri harada yaşayır?
Atası Bakıda, anası Moskvada yaşayır
- Hüseyn Həsənov başqa hansı fəaliyyəti ilə məşğuldur?
O, sosial şəbəkə hesabında müxtəlif məzmunlu videoçarxlar çəkərək insanların sevgisini qazanıb. Hüseyn təkcə videoçarxlar paylaşmır, eyni zamanda lüks həyatını nümayiş etdirir. Bu da izləyicilərin marağına səbəb olur.
Həmçinin bloger H.Həsənovun 2018-ci ildə canlı efirdə Rusiya prezidenti Vladimir Putinə Telegram-ın bloklanması ilə bağlı sual verməsi ilə gündəmə gəlib.
Bundan əlavə Hüseyn Həsənov adətən izləyicilərinə “İPhone” markalı telefon, bəzi hallarda avtomobillər hədiyyə edir.
Bəzən isə videolarında sosial eksperimentlər edərək insanları sınayır, sonda isə sınaqdan çıxanlara müxtəlif hədiyyələr verir. Məsələn, bir videoçarxında özbəkistanlı taksi sürücüsünə pulunun olmadığını deyir və ondan kömək istəyir. Yol boyu sürücü ilə söhbət edən Hüseyn Həsənov qeyd etdiyi ünvana çatır və avtomobil qalereyasından birini seçməyi təklif edib. Sonda isə həmin avtomobili sürücüyə hədiyyə edib. Hətta bir dəfə də təsadüfi şəkildə seçdiyi izləyicisinə “Ferrari” markalı avtomobil bağışlayıb.
H.Həsənovun bahalı sürprizləri bununla da bitmir. O, tez-tez izləyicilərini bu cür sevindirməklə məşğul olur.
2020-ci ildə Bakıda “Park Bulvar”a gələcəyini elan edən məşhur bloger fanatlarından 7 nəfərə “İPhone” markalı telefon hədiyyə edəcəyini bildirib. Bunu eşidən izləyiciləri də “Park Bulvar”a axın edib. Hüseyn Həsənovdan “İPhone” markalı telefon qazanmaq istəyən izləyicilər arasında izdiham yaşanıb.
Bakıda Hüseyn Həsənovla bağlı 2018-ci ildə də buna bənzər hal baş verib. Hüseynin “28 Mall”ın qarşısında sevənləri ilə keçirdiyi görüşə 10 minə yaxın adam gəlib. Həmin zaman da xoşagəlməz hadisələr yaşanıb. Blogerlə görüşmək istəyən insanlar ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub.
Qeyd edək ki, Hüseyn Həsənovla bağlı kütlə arasında olan canfəşanlıq yalnız Bakıda yaşanmır. Blogerin gəlişi Moskva, Almatı, Bişkek kimi bir neçə şəhərdə də izdihama səbəb olub.
Bahalı həyatı ilə tez-tez gündəmə gələn videoblogger tək instagramda deyil, həm də TikTok-da da milyonlarla izləyici kütləsinə malikdir. O, hədiyyə verməyi sevdiyini söyləyib:
"Hədiyyə vermək mənim xoşuma gəlir. Bir gün düşündüm ki, İnstagramda öz hekayə bölməmdə niyə də etməyim. Axşam idi və mətbəxdə oturmuşdum. Telefonu götürüb yazdım ki, sabah izləyicilərimdən biri bu maşına sahib olacaq. Bir də gördüm ki, hər bir saatdan bir izləyicilərimin sayı 100 minə kimi artdı. Bəlkə də bunu ömrümün sonuna kimi xatırlayacam. Bir çox blogerlər məndən sonra bunu təkrarlamaq istədilər, amma alınmadı. Çünki kütlə reallığı sevir. Mən heç vaxt izləyicilərimi aldatmamışam. Ukraynadan bir qız qalib gəldi və gəlib maşını apardı".