<b>Şeyxülislamov: “Bir nəfərdən artıq arvad almaq qadağan olunsun” – <span style="color:red;">QIZIL SƏHİFƏLƏR </b>
13 fevral 2014 14:54 (UTC +04:00)

Şeyxülislamov: “Bir nəfərdən artıq arvad almaq qadağan olunsun” – QIZIL SƏHİFƏLƏR

Bəri başdan deyək ki, bu məqalələrlə biz Birinci Cümhuriyyət Parlamentinin yaranması, tarixi, fəaliyyəti barəsində məlum, yaxud mətbuat səhifələrinə hələ də çıxmayan naməlum faktlara deyil, qurumun iclaslarında millət vəkillərinin çıxışları zamanı səsləndirdikləri fikirlər əsasında demokratik respublikanın siyasi, iqtisadi, sosial həyatına diqqət yetirəcəyik. Həqiqətən, 1918-ci ilin dekabr ayının 7-də ilk, 1920-ci il aprel ayının 27-də sonuncu iclasını keçirmiş parlament iclaslarının stenoqramlarını oxuyarkən, mübaliğəsiz-filansız, özünü birbaşa həmin dövrün olaylarının iştirakçısı, yaxud şahidi kimi hiss edirsən. Bu çıxışlarda kimlərin hansı məqsəd güddükləri, kimlərin parlamentin işinə pəl vurmaq üçün müxtəlif ara söhbətlərindən söz saldıqları, yaxud hansı məbusanın nə əqidəyə qulluq elədiyi, ən əsası Cümhuriyyətimizin məşhur qurucularının, adlarını ümumi şəkildə hansısa sənəddə rast gəldiyimiz böyük siyasi-ictimai xadimlərin vacib məsələlər barədə mövqelərini açıq-aydın görmək mümkündür. Beləliklə, Azərbaycan Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Respublika Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il sərəncamıyla yaradılmış Dövlət Komissiyasının qərarı ilə elə həmin il çap olunmuş «Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament» kitabının əsasında Birinci Cümhuriyyətimizinin parlamentində nələrin olub-keçdiyinə nəzər salaq…

 

I yazı

 

Türk deyil, Azərbaycan Cümhuriyyəti dedik ki...

 

Artıq dediyimiz kimi, parlamentin ilk iclası 1918-ci il dekabr ayının 7-si günorta saat 1.25 dəqiqədə başlayıb. Parlamentdə erməni nümayəndələri üçün 21, rus nümayəndələri üçünsə 10 yer ayrılmasına baxmayaraq, onlar açılışda iştirak eləmirlər. Belə ki, Rus Milli Şurası Azərbaycanın rus əhalisi adından danışmaq hüququna malik olduğunu iddia eləyərək bildirir ki, Azərbaycan müstəqilliyini elan eləməklə «vahid və bölünməz Rusiya» ideyasına xilaf çıxıb. Təbii ki, adıçəkilən şuranın bu sərsəm iddialarına baxmayaraq, daha geniş elektoratı özündə birləşdirən «Rus-slavyan Cəmiyyəti» parlamentdə iştirak üçün müraciət edirlər və onlara yer ayrılır. 1919-cu il yanvar ayının 31-də isə adıçəkilən şura da qərarını geri götürməyə və parlamentin iclaslarında iştirak etməyə məcbur olur.

Ermənilər də eyni aqibətlə üzləşirlər və imtina qərarından vaz keçmələri üçün vur-tut iki ay lazım gəlir. Onlar parlamentdə düz iki fraksiya ilə – «Daşnaksütyun» və erməni fraksiyaları ilə təmsil olunurlar. Ancaq onların parlamentdə iştirakı göstərdi ki, məqsədləri yalnız və yalnız qurama «Böyük Ermənistan» ideyasının təbliğindən savayı bir şey deyil. Onu da xatırladaq ki, 145 iclas keçirmiş ilk parlamentimizin 120 nəfərdən ibarət olması barədə qanun olsa da, müxtəlif səbəblərdən heç vaxt bu sayda deputat olmayıb.

Beləliklə, Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadənin «Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yömi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm» sözləriylə başlayan nitqiylə açıq elan olunan parlamentimizin birinci iclası firqəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin təbrik, sevinc dolu nitqləriylə işinə başlayır. Həqiqətən, sosialist, «İttihad», «Əhrar» fraksiyalarına daxil bütün millət vəkilləri cümhuriyyətimizin müstəqilliyini alqışlayır, millətimizin azadlığa qovuşmasını böyük bir tarixi şans kimi dəyərləndirirlər. Bu baxımdan, sosialist fraksiyasının üzvü, məşhur Səfikürdlülər nəslinin nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin Poçt-Teleqraf və Rabitə Naziri, sonradan bir müddət Baş Prokuroru kimi çalışmış Aslan bəy Səfikürdlünün çıxışında alqışlarla qarşılanan mühüm bir məqam diqqətimi cəlb elədi. Millət vəkili deyir: «Bizim bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu belə görmək istəmirlər. Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbaycan Cümhuriyyəti dedik ki, hamı vətəndaşlara ümumi bir vətən olsun. Azərbaycanda hamı hürr yaşamalıdır».

 

Bu fikirləri parlamentin ikinci iclasında nitq söyləyən Məhəmməd Əmin Rəsulzadə də təsdiqləyirmiş kimi deyir: «Əvvəllər sağdan və soldan Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan, Azərbaycan deyə-deyə türklüyü parçalayırsınız, türklük bayrağını qaldırarkən – nüfuzu bala, İslama xətər vurursunuz. Soldan dəxi deyirdilər ki, Azərbaycan davası bizi inqilabçı hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur. Fəqət bu gün nə görürsünüz? Onlar da Azərbaycanı, Azərbaycan istiqlalını hətta bizdən daha ziyadə bir şiddətlə müdafiə edirlər».

 

Yeri gəlmişkən, xatırladaq ki, Məhəmməd Əmin bəy bu gün müstəqilliyimizin şüarına çevrilmiş məşhur ifadəsi də məhz birinci iclasda səsləndirilib: «Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət davam edir). Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir».

 

Bir nəfərdən artıq arvad almağa ixtiyar olmasın...

 

Yuxarıda dediyimiz kimi, iclaslar bir-birini əvəz elədikcə stenoqramlardan Cümhuriyyət həyatının müxtəlif sahələrində mövcud olan problemlərdən xəbərdar oluruq. Bu mənada, hər bir fraksiya üzvünün öz əqidəsinə uyğun şəkildə problemlər qaldırdığı da diqqətdən qaçmır. Məsələn, sosialist fraksiyasından daha fəal olan adını çəkdiyimiz Aslan bəy çıxışlarında əsasən kəndçilərin durumu, fəqir-füqəranın vəziyyəti ilə bağlı məsələləri ön plana çəkir. Aslan bəyin çıxışından oxuyuruq: «Biz hamıdan əvvəl kəndçilərin halına baxmalıyız. Kəndçilərin qarnı tox olmazsa, kəndimiz abad olmaz isə nə edə biləriz? Torpaq və fəhlə məsələsində proqramımız məlumdur. Amma kəndli və fəhlə yoldaşlarımız bunu bilib bizə yardım etməlidirlər… Kəndlərdə elə avamlıqdır ki, dostları ilə düşmənlərini tanımırlar. Hər kəs nə deyir, ona inanırlar».

 

Digər sosialist Əkbər Şeyxülislamov isə Şərqin ilk demokratik cümhuriyyətinin parlamentində qadınların azadlığı məsələsini unutmamağı vacib hesab edir: «Məndən qabaq nitq söyləyən arkadaşım unutdu desin ki, bütün millət azad olmalıdır. Millətimizin yarısını təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyız. (Sürəkli alqışlar)".

 

Ancaq bütün bunlar o demək deyil ki, məsələn, müsavatçılar belə çıxışlar eləmirdilər. Əksinə, Müsavat üzvü olmuş, böyük vətənpərvər, rus, alman, fars, gürcü, erməni dillərini mükəmməl bilən dəyərli ziyalı, Lənkəranın general-qubernatoru Cavad bəy Məlikyeqanov demək olar, hər çıxışında fəhlələrin üzləşdikləri çətinliklərdən danışır, millət vəkillərinin diqqətini bu problemə yönəldirdi. Və belə millət vəkilləri hər fraksiyadan vardı. Bununla belə, sosialistlərdən bu qədər çox sitat gətirməyimin oxucularımızı yormayacağına əminəm. Hər şeydən əvvəl ona görə ki, cümhuriyyət dövrünün sosialistləri haqqında elə də geniş məlumatlara malik olmadığımız qənaətindəyəm. Bu mənada, görün, Şeyxülislamov sosialistlər haqqında nə deyir: «Deyirlər ki, sosialistlər dövlətliləri və mülkədarları qırmağa dəvət edirlər. Mən bu minbəri-alidən deyirəm ki, bizlər bəylər və dövlətlilər ilə mübarizə etmirik. Torpaqdan və ziraətdən mənfəətbərdar olmaq üçün mülkədarlıq və sərvətdarlıq əsası ilə mübarizə etmişik. Biz tökülmüş mülkədar qanlarının axıdılmasına nifrət və etiraz edirik. Qadınlar məsələsində bir şeyi unutmuş idim. Gərək bir qanun verilsin ki, o qanun üzrə hər kişinin bir nəfərdən artıq arvad almağa ixtiyarı olmasın. (Gülüş, alqış)".

 

Təbii ki, cümhuriyyətimizin hər bir parlamanına xüsusi hörmətim və sayğım var, ancaq ayrı-seçkilik olmasın, deməyə məcburam ki, parlamentdə Müsavatdan sonra çoxluq təşkil eləyən «İttihad» fraksiyası üzvlərinin əksəriyyətinin nə istədiyindən bir şey qanmadım. Görünür, rəhmətlik Üzeyir bəy Məşədi İbadın diliylə elə belələrini tənqid edib və «mən Tarixi-Nadiri yarısına qədər oxumuşam, ancaq sənin dediklərindən bir şey anlamıram, bu bisavadlar haradan anlasınlar» ifadəsini işlədibmiş. Hökumətin işini daha çox tənqid eləyən fraksiyanın bir üzvü Qara bəy Qarabəyovun çıxışından bir parçanı, qəliz dilnən desək, diqqətinizə çatdırmağa əşəddül-ehtiyac duyduğumu sizlərə bəyan eləməkdən məmnunluğumu ifadə ediyorkən yazıram: «İştə bunları firqə təhti-təsərrüfinə olan bütün vəsait qüvvətilə hər dürlü tərizdən üstün tutmağa əzm etdiyini ələnən iqrar edər». Nəysə anladınızmı? Bəli, özlərini İttihadi-İslam tərəfdarı hesab eləyən həmin ittihadçılar düz 1919-cu ilin dekabrına qədər daim müxalifətdə oldular, hökumətin təşkilində iştirakdan da imtina etdilər…

 

Burası Azərbaycandır, lisani-rəsmimiz türkcədir...

 

1919-cu il dekabr ayının 20-də parlamentin növbəti iclasında əsasən ermənilərin vəhşilikləriylə bağlı müzakirələr aparılır. Şuşa millət vəkillərinin və sosialistlərin hökumətə ünvanladıqları müraciətdən bəlli olur ki, Andranik Azərbaycan Cümhuriyyətinin hüdudlarını keçib, Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında bir çox kəndləri xaraba edib, köməksiz xalqı bəzən qırıb, bəzən də səhralara salıb. Müraciət sahiblərinin sorğusuyla Baş nazir Fətəli Xan Xoyski arayış verir. Deyim ki, Xoyskinin çıxışı daha çox yaxın tarixi, yəni Andranikin Şuşadan, Əsgərandan, Zəngəzurdan qovulması barədə fikirləri əhatə edir və sonda bu gün də hamımıza tanış olan bir fikir yenidən səslənir: "Ərz edirəm ki, mümkün qədər zərərsiz, qansız, sülh yoluyla məsələnin xitamına çalışacağıq, əks surətdə hökumət özü, öz gücüylə, qüvvəsiylə Azərbaycan Hökumətini hər bir təcavüzdən mühafizə edəcəkdir". Qısası, həm Xoyskinin, həm də digər millət vəkillərinin çıxışlarından bəlli olur ki, ermənilər 21-ci əsrin bu günündə olduğu kimi elə o dövrdə də xarici dövlətlər tərəfindən himayə olunublar, bu zındıqların bütün əməllərinə kor olan dünya Azərbaycanın haqqı üçün ən xırda hərəkətlənməsini belə top-tüfənglə qarşılayıblar. Eynən indiki kimi...

 

Bu yerdə bir mühüm məqamı da qeyd edim ki, parlamentin iclaslarında hər kəsin üz tutduğu, ümid yeri kimi gördüyü, çox hallarda qısa zaman ərzində düzəlməsi mümkünsüz olan məsələlərin həll olunmamasında insafsızcasına tənqidə məruz qoyduğu Azərbaycan Hökuməti və onun rəhbəri Fətəli Xan Xoyskinin çıxışlarını bu günün özündə belə oxuyanda adamı ürək ağrısı tutur. On illərin üst-üstə yığılıb qalmış müşküllərinin 1-2 aya həll olunmamasına görə bu fenomenal dövlət adamının hansı ittihamlara tuş gəldiyini, ancaq hər şeyə rəğmən dağ səbrini, vətən və millət sevgisini lal sətirlərdən hiss eləməmək mümkün deyil. 1 ay əvvəl qurulmuş hökumət rəhbəri Fətəli bəyi yolların bərbad halından tutmuş, Azərbaycanın milli pulunun hələ də olmamasına, Cümhuriyyətin nə üçün Avropayla əlaqə yaratmamasına qədər hər şeydə ittiham eləyirlər... Ancaq bu nadir şəxsiyyət bütün sorğulara o qədər aydın, o qədər savadlı cavab verir ki, hər kəs vəziyyətin nə yerdə olduğunu anlayır. Həqiqətən, adamın üstündə Allah var, bu adamların dövlət qurmaq yolundakı əziyyətləri bir də onunla bağlıydı ki, çox şeylər yerini almamışdı, çox şeylərə hələ çox-çox sonralar öyrəşiləcəkdi. Adicə Gürcüstan Parlamentindən gələn teleqram belə rusca oxunurdu və Məhəmməd Əmin bəy təklif eləməyə məcbur olurdu ki, "gələn teleqraflar qabaqca türkcəyə tərcümə edilib oxunmalıdır. Burası Azərbaycandır, lisani-rəsmimiz türkcədir".

 

(Davam edəcək...)

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10928
avatar

İlham Tumas

Oxşar yazılar