Zülmə qarşı... haqq davası - Ermənistan məsuliyyətdən yayınmamalıdır
15 dekabr 2020 17:12 (UTC +04:00)

  Zülmə qarşı... haqq davası - Ermənistan məsuliyyətdən yayınmamalıdır

 

 

                     Bir xəritəmiz var idi, o xəritə

    gündən-günə rəng dəyişdirdi,

                     bu rəng öz-özünə dəyişmədi,

                                      bu rəng minlərlə şəhidimizin

                                      qanı ilə dəyişdi...

                                  Şəhidlərimizin əziz xatirəsinə ithaf olunur

   

 Yamanlara yaxşılıq etmək ,

yaxşıların haqqında pislik etmək kimidir

                                             (Abbasqulu Ağa Bakıxanov)

    

Xocalı şahidi Bahar Göyüşqızı: “Biz Ağdamda olarkən, Xocalıdan bir qadın meyiti gətirmişdilər. Bir də gördük, qadının qarnında nəsə tərpənir. Qadının qarnın tikmişdilər. Tikişi açdıq, qadının qarnından 4 pişik balası çıxdı... onun qarnından uşağını çıxardıb, əvəzinə pişikləri qoyub, tikmişdilər... Yanımızda Nadejda adlı rus jurnalist var idi, hazırda Rusiyada yaşamalıdır, ürəyi getdi, yıxıldı...

Qızları və bacıları ilə cinsi əlaqədə olmağa məcbur edilməkdən imtina etdikləri üçün kişiləri dəmir məftillərlə ağaclara bağlayıb, diri-diri yandırırdılar.

Xocalı sakini Dürdanə Ağayeva: “Mənə əsirlikdə inanılmaz işgəncələr verdilər... Əsgəranda yanğınsöndürmə idarəsinin rəisi olan Karo adlı erməni əsirlikdə saxlandığım yerə gəldi, mənə dedi: “Dur, səni aparıram Xankəndinə!” Döyülməkdən özümü hiss etmirdim, ayağa durdum, gedəm, mənə dedi : “Durma. Köpək kimi dizinin üstə gəl”. Mən maşına kimi iməkləyərək getdim və elə maşına da “köpək” kimi mindim... Dəfələrlə belə emirlər verirdilər.Bir gün məni yenə çox döydülər, işgəncələr verdilər. Elə bu zaman Karo içəri daxil oldu, ayağını qaldırdı , ağzıma yaxınlaşdırdı və dedi: “Ayaqqabımın altının palçığını-torpağını ye, budur istədiyiniz? Torpaq!”...

Erməni əsirliyində olan Xocalı sakini Mürvət Məmmədov: “Bizi Xocalıdan Əsgərana gətirdilər, olduğumuz yerdə çoxlu azərbaycanlı əsir var idi. Hamısına işgəncələr verilmişdi. Bir gün balaca qardaşım Əhmədin ad günü idi, ermənilər əllərindəki silahı ona tərəf uzadıb, dedilər: “Bu silahla bizə atəş açarsan?” Qardaşım uşaq idi, heç yaxşı danışa da  bilmirdi, dedi:  “ Bəli, ataram ”. Onlar onun əlinə avtomatla  atəş açıb, yaraladılar və gülərək dedilər ki, bizdən sənə ömürlük hədiyyə olsun. Yarasına çayın dəmini töküb, işgəncə verdilər... Atam və iki böyük qardaşlarım barədə 2007-ci ildə xəbər aldım. Onların başlarını erməni zabitin məzarının üstündə kəsmişdilər...”

11 oktyabr 2020 Gəncə terrorunun şahidi, bir gecədə hər iki valideynini itirən azyaşlı Hüseyn Əlizadə: “Nənəmgildə qalmışdım. Atamın, anamın ölməyin məndən gizlədirdilər, deyirdilər ananın təkcə qolu qırılıb... amma inanmadım, elə pis ağlayırdılar ki... bildim ki, atam-anam ölüblər...”

        Haqlı olmaq bizi qane  etməz, mütləq  geri qalanların haqsız olduqlarını da sübut etməmiz  gərəkir... (William Hazlitt)

 

***

Ermənistan dövləti beynəlxalq hüququn subyektidir və bu hüquqdan irəli gələn öhdəliklər daşıyır. Bu imperativ normaları özündə ehtiva edən öhdəlikləri 30 ildir icra etmədi və çox göz yumulduğu üçün XX əsrdə pozduğu, tapdaladığı bu beynəlxalq normaları XXI əsrdə də pozdu. Bunun üçün məsuliyyət daşıyır - beynəlxalq məsuliyyət...

Bəs, beynəlxalq məsuliyyət nədir? Məsuliyyət sözü, ərəb mənşəli olub, “sual” sözündən əmələ gəlib. Bu söz türk dilində “sorumluluk” adlanır. Hər iki dildə də “sorumlu” və ya “məsul” anlayışının mənası “sual olunmuş; özündən sorulmuş”dur. Qərb dillərində məsuliyyət sözü “responsibility”, “responsibilite” formalarında işlədilir.

Məsuliyyət əxlaqi bir anlayış olub, ictimai ədalətlə ictimai mənfəət arasındakı tarazlığı təmin edir. Daha dəqiq desək, kiminsə öhdəsinə götürdüyü , etmək məcburiyyətində qaldığı, ya da etdiyi bir iş üçün gərəkdiyində  hesab verməsi vəziyyətidir.

Hüquqi mənada “məsuliyyət ”, hüquqa zidd hərəkətlərin doğurduğu zərərlərin əvəzinin ödənilməsi öhdəliyidir. Daha da dəqiqləşdirsək,  hüquq düzəninin varlığı, bu hüquq düzəninin içində yaşayan insanlar baxımından  bir sıra öhdəliklərin qaçılmazlığını və bu öhdəliklərin yerinə yetirilməməsi halında onların məsul tutulmasını tələb etməkdir.

Deməli, beynəlxalq hüquqda da “məsuliyyət”, beynəlxalq hüququn subyektləri  arasında hüquq  düzəninin varlığı, bu düzənin təmin edilməsi məqsədilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi və ya beynəlxalq hüququn baza prinsiplərini və digər jus cogens normalarını pozduğu təqdirdə ortaya çıxan vəziyyətdir.

“Ermənistan dövlətinin törətdiyi qeyri-qanuni hərəkətlər və cinayətlərə görə məsuliyyəti” başlığı altında onun bu məsuliyyətinin dayanağı olaraq beynəlxalq  hüququn varlığı, hər bir azərbaycanlının bu sahədəki fikirlərini dəstəkləyir.

Məlumdur ki, keçən əsrdə həm beynəlxalq silahlı qarşıdurmalarda, həm də daxili qarşıdurmalarda istifadəsi qadağan olunan silah və müharibə metodlarına dair qanun və qaydaları müəyyən edən kifayət qədər beynəlxalq müqavilələr bağlanılmaqla yanaşı, bu müqavilərin icrasını təmin edən mexanizmlər də yaradıldı. Bu gün "beynəlxalq humanitar hüquq" adlanan bu qaydaların pozulmasının böyük əksəriyyəti şəxsi cinayət məsuliyyətinə səbəb olan cinayətlərdir. 1992-1994-cü illər arasında Qarabağın və ətrafındakı Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistanın hansı qanun pozuntularına yol verməsi isə demək olar ki , çoxdan beynəlxalq hesabatlarla müəyyən edilmişdir.

Daha dramatik olan da  budur ki, Ermənistan tərəfindən keçən əsrdən davam edən bu cür qanun pozuntuları sentyabrın 27-dən 44 gün davam edən qarşıdurmalar zamanı  da gündəmə gəldi.

                   “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz” demişdi Ulu Öndər Heydər Əliyev. Ulu öndərin  bu aforizmi bir vaxtlar haqqımızı dəyirmi masa arxasında sülh yolu ilə həll etməyə, ədaləti “bərpa etməyə” “söz verən” ATƏT-in Minsk qrupunun Qarabağ və ətrafındakı  rayonlarda hökm sürən haqsız işğala qarşı biganəliyini, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən “narahatlığı”nı ifadə edən bəyanatlarını, kağız üzərində qalan 4 qətnaməsini xatırlatdı. Tarix boyu “ədalət” şüarını əllərində bayraq edən, dünya müsəlmanlarının  adət-ənənələrinə qarşı çıxan, müsəlman qadınların hicab bağlamasına belə “ədalətsizlik” kimi baxan, “müsəlman qadınların bu paltarlarının altında rahatlıqla bomba gəzdirə biləcəklərini” deyib, illərdir dünyada bu geyimli qadınlara “terrorist” damğası vuran  və insanlarda hicablı qadınlara qarşı fobiya yaratmağa çalışan, haqsızca  anti-islam, anti-türk davranışları nümayiş  etdirən “haqq adamları”, hətta Ermənistan dövlətinin nəinki keçmişdəki barbarlıqlarına, hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsində törətdikləri  cinayətkar hərəkətlərinə, mülki əhalinin üzərinə atdığı fosforlu bombalar, kaset bombalar nəticəsində yüzə  yaxın aralarında uşaqların da olduğu insanların  həlak olmasına və  5000-dən çox evin dağıdılmasına qarşı göstərdikləri münasibət, “baş örtüsü”nə qarşı  göstərdikləri aktiv münasibətin əksinə, çox dərin bir səssizliklə nümayiş olundu.

 

“Susmaq qızıldır” deyiblər. Amma bu həmişəmi  belə olacaqdı ?

 

Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində görünən o idi  ki, beynəlxalq təşkilatların bilərək susqunluq nümayiş etməkləri, işğalçı ölkənin status-kvo vəziyyətini uzatmaqları  işğal olunmuş ərazilərdə işğalçı dövlətin möhkəmlənmək cəhdlərini stimullaşdırmışdı. Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli üzrə aparılan danışıqların hər vəchlə uzadılmasına və hətta pozulmasına çalışırdı. Həmsədrlər bir ağızdan status-kvonun qəbuledilməz olduğunu vurğulasalar da, işğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycan arasında heç bir fərq qoymağa cəhd etmədilər. Ən azından bu barədə rəsmi bəyanat belə  səsləndirmədilər. Fransa həmsədr kimi bir neçə dəfə bəyan edib ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin bu bəyanatlara Ermənistan dövlətinin Baş Naziri Nikol Paşinyan və komandası “Qarabağ Ermənistandır”, “bizim tamam yeni yanaşmaya ehtiyacımız var”, “yeni müharibə-yeni ərazilər”, “Madrid prinsiplərinin artıq keçərli deyil” kimi cümlələr işlətdikdə, qondarma qurum “rəhbərliyinin ofisi” və “parlamenti”nin Şuşaya köçürüləcəyinin elan edəndə, Azərbaycanın Dövlət başçısı dəfələrlə münaqişənin mövcudluğunun regional təhlükəsizliyə və sabitliyə daimi təhlükə olduğunu və Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını deyəndə, Fransa susmağa üstünlük verdi. Həmsədr olan Fransa və Rusiyanın işğalçıya siyasi və hərbi dəstək verməsi, Ermənistanı müxtəlif illərdə hücum və diversiya fəaliyyətlərinə də sövq etdi. Son 26 ildə bu fəaliyyətlərə Ordumuz layiqli cavab versə də, düşmən bu il cəsarətlənərək, əvvəlcə Tovuz ərazisindəki dövlət sərhədində hücuma cəhd etdi. Tovuzda nailiyyət əldə edə bilməyən düşmənin növbəti hücumunu Qarabağ cəbhəsinə keçirməsi Ordumuzun səbir kasasının daşması ilə nəticələndi. 44 gün  davam edən əks hücum əməliyyatları başlandı.

“Ədalətli müharibə təhqiramiz sülhdən yaxşıdır” demişdi professor Səlahəddin Xəlilov.
 

Dövlət başçısı İlham Əliyev münaqişənin siyasi həllinə toxunaraq Azərbaycan xalqına müraciətində qeyd etdi:

 “ Stasu-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatlın rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! ”       

"Əgər dünya BMT Təhlükəsizlik Şurasının bu 5 üzvünə təslim olacaqsa, yandıq". "Hər zaman başı sığallanan zalımlar dünyanı hamımız üçün yaşanılmaz hala gətirir. Ona görə də deyirik ki, zalımlar üçün yaşasın cəhənnəm!"  Türkiyə Respublikasının  Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarının birində səsləndirdiyi bu ifadələr, Prezident İlham Əliyevin qeyd etdiyimiz sərt çıxışı, bəzi beynəlxalq hüquq mexanizmlərinin və bu mexanizmlərin icrasına nəzarət edən dövlətlərin fəaliyyətinə atılmış uğurlu “tokat “lardan idi.    

“Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan xalqının haqlı mübarizəsinə mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xalqının həyatına  ən parlaq qələbəni bəxş edən Prezidentimiz İlham Əliyev bütün dünyaya haqqın , ədalətin  necə olduğunu sübut etdilər.

Azərbaycanın xalqının tarixinə “Vətən Müharibəsi ”adı ilə düşən ikinci Qarabağ müharibəsi dünya tarixində beynəlxalq hüququn , beynəlxalq humanitar hüququn tələb etdiyi normalar daxilində aparılmış  ən ədalətli müharibə və məncə ən ədalətli “qisas” idi.

     Lakin yenə, yuxarıda adını çəkdiyimiz William Hazlittin sözlərinə qayıtsaq, bu gün bu qələbə bizi qane  etməz, mütləq geri qalanların haqsız olduqlarını da sübut etməmiz  gərəkir...Və bu gün bu məqam  üçün çox yaxşı imkanlar yarandı. Azərbaycan dövlətinin işğal olunmuş tarixi torpaqlarının geri qaytarılması uğrunda və beynəlxalq hüququn , beynəlxalq humanitar hüququn tələb etdiyi normaları heç bir formada pozmayarq apardığı  müharibə nəticəsində əldə etdiyi qələbə,  düşmən Ermənistan dövlətini  və onun rəhbərliyinin beynəlxalq hüquq qarşısında , tələb olunan normalara uyğun öz üzərlərinə düşən məsuliyyətlərini ödətdirmək üçün çox əlverişli imkan yaratdı. Çünki bu müharibədə erməni qüvvələrinin ümumi müayinəsi sübut etdi ki, Ermənistan dövləti bu dəfə də  beynəlxalq humanitar hüquq qaydalarını pozdu.

    Bu məqamda belə əməlləri müəyyənləşdirmək və mövcud mexanizmləri həll etmək vacibdir ki, bu cinayətləri törədənlər mühakimə olunsun. Çünki müharibə zamanı mülki həyatın qorunması ilə bağlı son dərəcə “həssas” və ya “qurban” kimi görünən Ermənistan qeyd etdiyimiz kimi, son 30 ildə Qarabağ və ətrafındakı mülki əhaliyə qarşı hücumları ilə gündəmə gəldi.

    1992-ci ilin fevralında, rus ordusunun dəstəyi ilə erməni qüvvələri, azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırım aktı törətdilər. Xocalı şəhərinə edilən hücumlarda 613-dən çox mülki şəxs həyatını itirdi. Bəzi müşahidəçilərə görə, Xocalıda öldürülənlərin sayı 1000-dən çox idi. 1993-1994-cü illərdə Ermənistan və Azərbaycan qüvvələri arasında baş verən toqquşmalarda 25 minə yaxın insan həyatını itirdi, bir milyondan çox Azərbaycan vətəndaşı evlərini və yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı və ya deportasiya edildi. Bu insanlar hələ də evlərinə qayıda bilməyiblər.

     1994-cü ildə Ermənistanın daha ağır silahlar istifadə etməyə başlaması ilə yeni şəkil alan qarşıdurmalarda on minlərcə mülki əhali öldü və yaralandı. Bu cinayətlər  geniş miqyasda əmlakın talan edilməsi və məhv edilməsi ilə müşayiət olundu.

      1994- cü ildə tərəflər arasında bağlanmış atəşkəs müqaviləsini dəfələrlə pozan Ermənistan Silahlı Qüvvələri 2020 – ci ilin  iyulun 12-si günorta saatlarından başlayaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu dəfə də Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Elə həmin gün Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində hücum cəhdinin qarşısı alınmasına  baxmayaraq 23 iyula qədər davam edən atəşkəsi pozma hallarının və qarşıdurmanın nəticəsində 12 nəfər hərbiçi , iki nəfər mülki şəxs  həyatını itirdi. Bu qarşıdurmalardan ən şiddətlisi isə  27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi idi. Yenə də, münaqişələrdə Ermənistanın mülki itkilərə səbəb olan hərbi fəaliyyəti ön plana çıxdı.

      Məhz bu dramatik hadisələrin baş verdiyi günlərdə Ermənistanın hərbi fəaliyyətlərini və mülki insan ölümünə  səbəb olan qeyri – qanuni müharibə metodlarını, bu hərəkətlərin hansı qanun və qaydaları pozduğunu və hansı məsuliyyətlərə səbəb olduqlarını açıqlamaq lazımdır. Çünki, bu gün  mümkün olmasa da, bir gün günahkarlar mühakimə olunacaq və cəzalandırılacaqlar , buna görə də bu cür prosesləri qaydasında və vaxtında  izləmək və tədqiq etmək gərəklidir. Bu məqamda belə hərəkətlərlə bağlı beynəlxalq hüququn müəyyən etdiyi qanuni qaydanın nə olduğunu qısaca araşdırmaq faydalı olardı.

     Bəşəriyyətin bilinən tarixi boyunca müharibələrdə müdafiəsiz olanların qətl edilməsini  cəzasız qoymayan təsirli bir sistem qurulmamışdır. Lakin, bununla birlikdə, bu qırğınlar insanlığın ümumi hüquq sistemində "qadağan edilmiş hərəkətlər" olaraq qəbul edilmişdir. Bir əsrdən çox bir müddətdə dövlətlər bir-biri ilə döyüşərkən digərini məğlub etməyin müəyyən olunmuş yollarının  qanunsuz olmadığını anlamaq və qəbul etmək üçün uzun bir yol keçə bildilər. 1864 Cenevrə, 1899 və 1907 Haaqa beynəlxalq konvensiyaları ilə müharibədə yaralanan və ya xəstələnən əsgərlərin vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, rəqiblərə lazımsız ağrılara səbəb olan və döyüş zamanı mülki insan tələfatına səbəb olan silah və üsulların da qadağan edilməsində mühüm qanuni addımlar atıldı.     

     1949 – cu ildə 4 ayrı Cenevrə konvesiyası və 1977-ci ildə iki əlavə protokol imzalandı.  Bu çoxtərəfli beynəlxalq konvensiyalar və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. Bu çərçivədə "silahlı münaqişələrin  silah və üsullarının məhdudlaşdırılması" və "silahlı münaqişələrdə mülki şəxslərin və müharibədə iştirak  etməyən insanların (hors de combat) qorunması" kimi iki əsas hədəf müəyyən edildi və bu məsələlərə əhəmiyyətli dərəcədə riayət edilməsi göstərildi. Qurulmuş və hazırda beynəlxalq çoxtərəfli konvensiyalarda demək olar ki, tamamilə sənədləşdirilmiş olan bu qaydalar, silahlı münaqişəni  kimin başlatmasından asılı olmayaraq bütün tərəflər tərəfindən yalnız beynəlxalq silahlı münaqişələrə  deyil, daxili qarşıdurmalara və rəsmi olaraq elan edilmiş silahlı münaqişə vəziyyəti olmadığı təqdirdə də mülki şəxslərin hər cürə qorunması gərəkdiyini müəyyən edən bütün vəziyyətlərə  tətbiq olunur. Odur ki, bu qaydaları ifadə etmək üçün indi beynəlxalq silahlı münaqişə hüququndan deyil, beynəlxalq humanitar hüquq anlayışından  istifadə olunur.

     Nəticə etibarilə indi qarşı tərəfi məğlub etmənin üsulları artıq sərhədsiz deyil. Tərəflər arasında müəyyən prinsiplərə olan inamı zədələyən üsullar qadağandır. Xüsusilə silahlı qarşıdurmada birbaşa iştirak etməyən mülki və mülki yaşayış məntəqələrini hədəf almaq və onlara hücum etmək tamamilə qadağan olunmuş hərəkətlərdir.

      Bu qeyd olunan qaydalara zidd hərəkət edən dövlət və vətəndaşların hərəkətləri isə  adi qanun pozuntuları kimi deyil, cinayət məsuliyyəti doğuran hərəkət  kimi qəbul olunur.  Həm bəzi milli və beynəlxalq mühakimə  örnəkləri , həm də xüsusilə Cenevrə konvensiyaları  bu  çərçivədə ortaya “sülhə qarşı cinayət” (beynəlxalq hüquqa zidd təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma,  “müharibə cinayətləri ” (silah və üsulları tənzimləyən qaydaların pozulması və mülki şəxslərin və döyüşdən kənar  digər şəxslərin qorunması) və “insanlıq əleyhinə cinayətlər” (soyrırım da daxil həm sülh , həm də müharibə zamanında mülki şəxslərin kütləvi şəkildə qətlinə  səbəb olan hərəkətlər) beynəlxalq cinayətlər kateqoriyasını  formalaşdırır və bu cinayətlərin törədilməsi nəticəsində   beynəlxalq hüququn tələbləri baxmından  humanitar hüququn tələb etdiyi qaydaları pozan hərbi və ya mülki şəxslər cəzalandırılmalıdır.

       Cinayətkarların mühakiməsi,  beynəlxalq birliyin bu hərəkətləri imperativ sənədlərlə qadağan etməsi və cinayət məsuliyyətinə cəlb etməsi, şübhəsiz ki, qiymətləndirilə bilməyəcək bir uğur deyil. Lakin ən azı bunun  qədər vacib olan digər bir şey bu qadağaları pozaraq cinayət törədənlərin müəyyənləşdirilərək, cəzalandırılmasını təmin etməkdir.  Bununla yanaşı, xüsusən İkinci Dünya Müharibəsindən sonra  bu sahədə,  Nürnberq və Tokio kimi ad hoc məhkəmələrinin yaradılması ilə əhəmiyyətli irəliləyişlərin əldə edildiyinin şahidi olduq. Son iki məhkəmə və keçmiş Yuqoslaviya və Ruandada da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən yaradılan iki ayrı cinayət məhkəmələri də  ümidverici nümunələrdir. Bu sahədə  digər bir mühüm addım  1998-ci ildə imzalanan Roma Konvensiyası ilə Beynəlxalq Cinayət Məhkəməsinin qurulması və 2002-ci ildə təsis müqaviləsinin qüvvəyə minməsi və 2003-cü ildən məhkəmənin fəaliyyətə başlaması idi. Soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə  cinayətlər və hərbi təcavüz kimi cinayətləri törətmiş insanları mühakimə etmək gücünə malik olan Beynəlxalq Cinayət Məhkəməsi, Uqanda, Konqo Demokratik Respublikası, Darfur, Sudan, Keniya, Liviya, Fil Dişi Sahili, Mali, Mərkəzi Afrika Respublikası, Gürcüstan, Burundi, Banqladeş və  Myanmardakı vəziyyəti araşdırmaqla, bəzi şəxsləri mühakimə edib, bəzilərinin isə məhkəmə prosesi davam edir. Digər yandan isə Kolumbiya, İngiltərənin İraqdakı fəaliyyətləri, Nigeriya, Fələstin, Ukrayna, Venesuela və Boliviyadakı vəziyyətə dair də ilkin müayinələr başlatmışdır.

Günümüzdə aralarında İngiltərə, Almaniya, Fransa və digər qərbi Avropa ölkələrinin də iştirak etdiyi 123 dövlət, Beynəlxalq Cinayət Məhkəməsini  quran Roma Statusuna tərəfdir.

     Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan müharibədə həyata keçirdiyi hərbi fəaliyyətlərin dəyərləndirilməsinə gəldikdə isə, Ermənistan məhz bu fəaliyyətləri ilə - işğal etdiyi Azərbaycan torpaqlarında başlayan müharibə zamanı, xüsusilə mülki şəxslərə vurduğu ciddi zərərlər ilə dünya ictimaiyyətinə nəyə qadir və nəyə layiq olduğunu bir daha sübut etdi.

Bu əməllərin beynəlxalq cinayət olması  tərəfini ayrıca qiymətləndirmək lazımdır. Erməni qüvvələri, həm Cenevrə konvensiyalarında, həm də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsində  müəyyənləşdirildiyi kimi, hərbi cinayətlər kateqoriyasına daxil edilməli olan cinayətləri törətdilər - birbaşa mülki yaşayış məntəqələrini raket və artilleriya atəşləri ilə hədəf aldılar və bu mənada "döyüşlərdə və ya mülki əhaliyə qarşı birbaşa əlaqəsi olmayan mülki şəxslərə qəsdən hücum etdilər. Bu əməllər, təfərrüatlı xüsusiyyətlərinə görə, "hər hansı bir mülki əhaliyə qarşı geniş və ya sistematik bir hücumun bir hissəsi olaraq törədilən hərəkətlər" olduğu üçün "insanlıq əleyhinə cinayətlər" kateqoriyasına aid hesab edilə bilən ən ağır cinayətlərdir. Digər tərəfdən, həyati vacib infrastruktur elementlərinin ayrı-seçkiliksiz və sistematik şəkildə hədəfə alınması və hərbi ehtiyac olmadan qanunsuz və özbaşına mülklərin geniş şəkildə məhv edilməsi də bu çərçivədə cinayət əməlini  təşkil edir.

      Onu qeyd etmək istərdim ki, mülki əhalinin yaşamaq hüququnun pozulması həm Ermənistanın,  həm də Azərbaycanın tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının (AİHM) 2-ci maddəsinin açıq şəkildə pozulmasıdır. Bundan əlavə, mülki şəxslərə və mülki infrastruktura qarşı qəsdən hücumlar AİHM-in 14-cü maddəsinin pozulması kimi qəbul edilə bilər, çünki Konvensiyada qorunan hüquqlar milliyət və etnik mənşəyinə görə ayrı-seçkiliklə pozulur.

    Mülkiyyətə ziyan vurmaq isə , AİHM-in I saylı Əlavə Protokolunun 1-ci maddəsində müəyyən edilmiş mülkiyyət hüququnun pozulması deməkdir. Ermənistanın hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar qanunlar tərəfindən qadağan edilmiş silah və metodlardan istifadə etməsi və 1949 Cenevrə Konvensiyasının 35-ci maddəsini pozaraq tibb müəssisələrini və nəqliyyat vasitələrini hədəf alması ayrı-ayrı müharibə cinayətlərini təşkil edir. Eynilə təhsil strukturlarına qəsdən edilən hücumlar, 1949 Cenevrə Konvensiyasına Əlavə I Protokolunun 51 və 52-ci maddələrini pozur və bu pozuntular hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolun 79-cu maddəsi müharibə sahəsində çalışan jurnalistlərə qorunan şəxslər statusu verir və jurnalistin şəxsiyyətindən sui-istifadə qadağan edilmiş bir hərəkətdir və onun pozulması cinayət sayılır. Ermənistanın bu cür emblemlərdən sui-istifadə etdiyi barədə məlumatlara əsasən, bu hərəkətlərin də cinayət olduğunu qeyd etmək lazımdır. Ermənistanın hərbi fəaliyyətlərində və qarşıdurmalarında uşaqların istifadəsi də I saylı Əlavə Protokolun 77-ci maddəsini pozan bir hərəkətdir. Bundan əlavə, bu cür hərəkətlər nəticəsində Uşaq Hüquqları haqqında  Konvensiyanın 38-ci maddəsini pozulduğu da vurğulanmalıdır.

       Bundan başqa, Baş Prokurorluğun məlumatına görə, Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozularaq Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporu tərəfindən xarici ölkələrin vətəndaşları olan erməni əsilli “könüllülər”in Azərbaycan Respublikasının ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirilməsi istintaq materialları ilə müəyyən olunmuşdur. Ermənistan həmçinin, beynəlxalq hüquq normalarını pozaraq,  Suriya və Livandan Azərbaycan ərazilərinə qanunsuz köçürülən insanları silahlı muzdlular kimi də istifadə etdi.

     Yuxarıda göstərilən cinayətlər Azərbaycan ərazisində törədildikdə, ilk növbədə, Azərbaycan məhkəmə qurumları bu cinayətlər üzərində səlahiyyətlərini həyata keçirmək hüququna malikdirlər .Üstəlik, beynəlxalq hüququn müvafiq qaydalarına görə, universal  yurisdiksiyanın soyqırım, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər üzərində tətbiq oluna bilməsi bu cinayətlər və bu cinayətləri törədənlər üçün başqa bir məhkəmə əsasını təşkil edir.

     Şübhəsiz ki, Ermənistanın da bu cinayətləri törədən öz vətəndaşlarını mühakimə etməsi qanuni olaraq mümkündür və hətta məcburidir. Bütün ölkələr müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər törədənləri universal yurisdiksiyanın tələb etdiyi kimi mühakimə edə bilsələr də, mövcud beynəlxalq siyasi şərtlərdə Ermənistanın öz məmurlarını mühakimə etməsinə imkan verəcək şərtlər əlçatan deyil.

   Azərbaycan Respublikasının Prezidentinin də  dəfələrlə qeyd etdiyi kimi bizim işğalçı dövlət olan Ermənistana qarşı  beynəlxalq məhkəmələrdə müəyyən tələblərimiz olmalıdır və  olacaq. Bu  tələblərdən biri təzminatla bağlıdır , yəni dəymiş maddi və mənəvi  zərərin əvəzinin  kompensasiya formasında ödənilməsi ilə bağlıdır. O cümlədən bizim digər tələblərimiz – erməni təcavüzkarlığı nəticəsində həyat və sağlamlığını itirmiş şəxslərin yaşamaq hüququndan məhrum olması ilə bağlı olan tələblər, dövlətimizin və vətəndaşlarımızın mülkiyyətlərindən məhrum olmaqları  ilə bağlı tələblər və həyat və sağlamlığı ilə bağlı ölümlə nəticələnməsə də belə , ciddi zərər dəymiş, yəni həyati funksiyalarını itirmiş mülki əhali ilə bağlı olan tələblər.

    Bildirmək  istərdim ki, beynəlxalq məhkəmələrə müraciət etmək üçün əlimizdə kifayət qədər daha əvvəldən  qəbul olunmuş beynəlxalq qərarlar, qətnamələr və digər normativ – hüquqi aktlar mövcuddur. Belə aktlardan biri Çıraqov və digərləri Ermənistana qarşı məhkəmə qərarıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi köçkün olan Çiraqov və digər 6 şəxsin işi üzrə  qərarında  onların Ermənistan tərəfində mülkiyyət hüququnun pozulması və şəxsi həyata hörmət hüquqlarının pozulması faktlarını tanımış, lakin kompensasiya ödənilməsi məsələsini təxirə salmışdı. Çünki bu məsələnin atəşkəs dövründə  həlli qeyri – mümkün idi. Bütün bunlardan başqa Ermənistanın  30 ilə yaxın idi  işğal etdiyi Zəngilan və Kəlbəcərdə  olan  təbii ehtiyatların mənimsənilməsi ,istifadəsi və əldə etdiyi gəlir Azərbaycan dövlətinin  mülki hüquq normalarına görə  əldən çıxmış faydasıdır  ki, bu da maddi zərər kimi zərərin növlərindən biridir. Artıq məlumdur ki ,ermənilər tərk etdikləri şəhərlərdə və rayonlarda fərdi yaşayış evləri və digər mülki obyektlər , eyni zamanda ictimai obyektləri yandırdı, həmçinin  təbiətə ekoloji zərər vurdular. Bütün bunlar dövlətimizə vurulmuş  maddi zərər kimi artıq fakt olaraq var.

    Görünən odur ki, mövcud münaqişələr zamanı törədilən cinayətlərlə bağlı təsbitlər və sübut toplama Azərbaycanın səlahiyyətli orqanları, xüsusən də Azərbaycan Baş Prokurorluğu tərəfindən həyata keçirilir. Bu proseslərdən sonra ən azı Azərbaycanın bəzi məhkəmə proseslərini başladacağı və davam etdirəcəyi proqnozlaşdırıla bilər. Bu cinayətləri işləyən şəxslərin və sübutların aşkarlanması və məhkəmə araşdırmaları aparılması üçün əgər milli mexanizmlər işləmirsə və ya səmərəli deyilsə, bəzi beynəlxalq mexanizmlər işə salınmalıdır. Sübutların toplanması sahəsində bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarından başqa  BMT İnsan Haqları  Komissiyası hərəkətə keçməli olan
mövcud  mexanizmlərdən  biridir. Hətta, yalnız  bu münaqişələri araşdırmaq üçün BMT-nin xüsusi bir komitəsini də yaratmaq mümkündür. Beynəlxalq Cinayət Məhkəməsi  bu məsələ ilə əlaqədar ağlımıza  gələn ilk beynəlxalq məhkəmə olsa da, Ermənistan və Azərbaycanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımaması bu Məhkəmənin bu cinayətlərlə əlaqədar vəzifələrini yerinə yetirməsinə mane olan əsas elementdir. Belə hallarda, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq qurumundan bu münaqişələrlə bağlı istintaq başlatmasını xahiş edə bilər. Ancaq mövcud siyasi şərtləri nəzərə alsaq, belə bir qərarın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul ediləcəyi çətin görünür.

   Göründüyü  kimi, Azərbaycanın işğal altında olan ərazilərdə erməni qüvvələri tərəfindən törədilən cinayətlərə dair dəlillər toplaması və məhkəmə proseslərini mümkün qədər aparması vacibdir və bu, ən mümkün olacaq  ehtimal kimi görünür.

     Professor Əbu Turxana görə, gerçək həyat - “kim güclüdürsə, o haqlıdır”  və “kim haqlıdırsa, o güclüdür” qütblərinin arasındadır.

       Bu gün Azərbaycan dövlətinin parlaq qələbəsi, haqlının qələbəsi idi. Dövlətimizə, ordumuza, xalqımıza bu gücü verən qüvvə haqlı  olan tərəf olmağımız idi. O ki qaldı hüquqi çərçivədə yuxarıda qeyd etdiyimiz məsələlərin – Ermənistan dövlətinin və məsul şəxslərinin cinayət əməllərinin araşdırılması və lazımi cəzanın verilməsi və bunun  üçün qət edəcəyimiz yola, inarıq ki , bu yolda da  “ güclüdürsə, haqlı olacaq olan ” tərəf və ya tərəflər yox, yenə haqlı olan güclü  olan tərəf olacaq.

    Sonda Azərbaycan Respublikasının vətəndaşı olaraq bir neçə təklifim var. Çox istərdim ki, paytaxtımızda yaradılacaq olan  Zəfər Muzeyində şəhidlərlə və qazilərlə yanaşı, bu müharibədə iştirak edən hər bir vətəndaşımızın fotosu və bioqrafiyası olsun və bu muzeyin giriş hissəsində Vətən Müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında “ Vətən yaxşıdır” mahnısı daima səslənsin.

 Bundan başqa, bildiyimiz kimi, hazırda bir çox ölkələrin  3 D formatında hazırlanmış virtual muzeyləri fəaliyyət göstərir. Virtual muzeylər, tamamilə fərqli bir coğrafiyada bir ölkəyə və ya bir şəhərə getmədən həmin yerin ən qiymətli sənət əsərlərini və ortaq mədəni irsini  görməyə və öyrənməyə  imkan verən muzeylərdir. Misal olaraq, Türkiyə Cümhuriyyətində Çanaqqala müharibəsinə həsr olunmuş virtual muzey və virtual turları deyə bilərik.

      Çox yaxşı olardı ki, müxtəlif dillərdə  həm birinci , həm də ikinci Qarabağ müharibəsinə aid bütün məlumat və materialları özündə əks etdirən belə formatda çox dəyərli , eyni zamanda gələcək nəsillər üçün möhtəşəm bir tarixi mənbə  hesab ediləcək “Qarabağ müharibələri” adlanan 3 D formatında virtual muzey və şəhidlər xiyabanlarına bu formatda virtual turlar təşkil olunsun.

 

Şəlalə Quluzadə,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi,

kiçik ədliyyə müşaviri

 

# 5391
avatar

Oxşar yazılar