Tehran ABŞ-ın hərbi əməliyyatlarından ehtiyatlanır
23 avqust 2010 19:46 (UTC +04:00)

Tehran ABŞ-ın hərbi əməliyyatlarından ehtiyatlanır

İranın indiki hakimiyyəti iş başına gəldiyi gündən bəri hərbi yolla devriləcəyindən rahatsızdır. Əfqanıstan və İraqda hərbi əməliyyatlar başlayan vaxt növbənin Tehran hakimiyyətinə də çatacağı düşünülürdü. Ancaq bu baş vermədi. İran hakimiyyəti qonşu İraqda Səddam Hüseynin devrilməsinə yardım etmək üçün Qərbə müraciət etsə də buna müsbət cavab almayanda, həmin hərbi əməliyyatlara qarşı təbliğat aparmağa başladı. Əfqanıstanda əməliyyatlar zamanı isə ölkənin Şərqində, Zahidan şəhərindəki hərbi hava limanını ABŞ və müttəfiqlərinin istifadəsinə vermişdi.

Son zamanlar Tehran ABŞ və müttəfiq qoşunlarının İraq və Əfqanıstandan çıxacağı haqda xəbərlərdən rahatsızdır. Çünki həmin qoşunları adı çəkilən dövlətlərinə ərazisindən saxlanılmasına xeyli maliyyə vəsaiti sərf edilirdi. Amerika ordusu bu ölkələrdən çıxacağı halda bölgədəki iştirakını saxlamaq üçün və toplanmış maliyyə vəsaitini xərcləməyə yeni layihə axtardığından İran İslam Respublikasına hücum edəcəyi ehtimalı artır…

Lent.az-ın «Associated Press»-ə istinadən məlumatında bildirilib ki, İran prezidenti Mahmud Əhmədinijat ABŞ-a dostluq təklif edib. O, bununla Amerikanın İslam Respublikasına qarşı hərbi əməliyyatlar planını şərh edib.

«Al Jazeera»-yə müsahibəsində Əhmədinijat qeyd edib ki, İraqın azsaylı ordusuna qarşı savaşda Amerika hərbçiləri uğur əldə edə bilmədiyi bir halda, İran ABŞ-ın hərbi hücumundan «qorxmur».

Xatırladaq ki, bu il avqustun əvvəlində ABŞ birləşmiş qərargahlar komitəsinin başçısı, admiral Maykl Mallen bildirmişdi ki, İranı atom silahı əldə etmək niyyətindən diplomatik yolla çəkindirmək mümkün olmazsa, o zaman ölkəsinin İslam Respublikasına qarşı hərbi əməliyyatları başlamaq planı da var.

Bu bəyanatdan sonra Əhmədinijat bildirdi: «İran ABŞ-ı qarşılıqlı hörmət və ədalət əsasında yüksək səviyyədə danışıqlara çağırır».

Ancaq heç kimə sirr deyil ki, İranda prezidentin söylədikləri əsas sayılmır. Çünki ondan yuxarıda ölkənin ali rəhbəri, ayətulla Xamneyi var. Bu sayaq danışıqlara qərar vermək məhz ondan asılıdır. Prezidentli dövlət quruluşlarında, məsələn ABŞ-da Obamanın səlahiyyətləri Əhmədinijatınkından çox yüksəkdir. Bu baxımdan, onun belə dövlətlərin prezidentləri ilə eyni səviyyədə tutulması yanlışdır. Başqa sözlə, Əhmədinijatın götürdüyü öhdəliyi, verdiyi bəyanatı ayətulla Xamneyi və ya rəhbərlik çox asanlıqla ləğv və təkzib edə bilər. Odur ki, Tehran hakimiyyətinin ABŞ-a münasibətini ayətulla Xamneyinin qərarlarına, çıxışlarına əsasən dəyərləndirmək düzgün olardı.

Sədrəddin Soltan
# 576

Oxşar yazılar