Prezidentin 3 aprel Fərmanı: Məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi”
13 iyul 2020 12:25 (UTC +04:00)

Prezidentin 3 aprel Fərmanı: Məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi”

Əslində, çoxdan gözlənilən Fərman idi. Və bu Fərman məhkəmə-hüquq sistemində müşahidə olunan bir sıra çatışmazlığın aradan qaldırılmasına istiqamətlənmiş proqram xarakterli sənəddir. Bu sənəddən irəli gələn müddüaların qısa zamanda yerinə yetirilməsi məhkəmə-hüquq sisteminin cəmiyyətdə nüfuzunun və imicinin müsbət yöndə dəyişməsinə gətirib çıxaracağına heç bir şübhə yoxdur.

2018-ci ilin prezident seçkilərində Azərbaycan xalqının tam dəstəyini alaraq parlaq qələbə qazandıqdan sonra dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində ölkədə islahatların yeni mərhələsinin başlandığını bəyan etdi və bununla da bütün sahələri əhatə etməklə biri-birini tamamlayan ardıcıl islahatların reallaşdırılmasına start verildi. 2019-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalandı. Həmin Fərmanda məhkəmələrin işinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı oldu.

Fərmanın imzalanmasından artıq bir ildən bir qədər artıq vaxt keçir. Bu gün geriyə nəzər saldıqda ölkəmizin məhkəmə-hüquq sistemi üçün müstəsna əhəmiyyət daşıyan dövlət sənədinin icrası çərçivəsində həyata keçirilmiş mühüm dəyişikliklərin, eləcə də yeni müstəvidə dəyişən hüquqi konfiqurasiyanın şahidi oluruq.

Məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” olan Fərmanın icrasına təxirə salınmadan başlanılaraq qısa müddətdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb.

Heç kimə sirr deyil ki, məhkəmə-hüquq islahatları 2004-2005-ci ildən başlayaraq Məhkəmə-Hüquq Şurası yaradıldıqdan, yeni qanunvericilik aktları qəbul edildikdən sonra davam edib. İslahatlar çərçivəsində çox ciddi işlər görülüb. Hakimlərin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradılıb, islahatlar nəticəsində hakimlərin sayı artırılıb, ixtisaslaşdırılmış məhkəmələr yaradılıb, regionlarda apelyasiya məhkəmələri, ixtisaslaşdırılmış ağır cinayətlər məhkəmələri yaradılıb.

Hazırda ölkəmizdə iqtisadi islahatlar sürətlə gedir. Əvvəlki dövrlərdən fərqli olaraq, hazırda iqtisadi, mülki, əmək münasibətləri sürətlə artmaqdadır. Beləliklə, iqtisadi islahatların yeni tempi məhkəmə-hüquq islahatlarında da keyfiyyətcə yeni bir mərhələyə daxil olmanı təşviq edir. Bu baxımdan da birmənalı olaraq demək lazımdır ki, Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ölkədə həyata keçirilən iqtisadi islahatlarla sıx bağlıdır.

Ölkəmizin ictimai-siyasi həyatında müsbət rezanons doğuran Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel Fərmanı bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.

Respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunverici və praktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir.

Belə ki, 13 bənddən ibarət sənədin ətraflı təhlili onun icra edilməsinin gələcəkdə hansı müsbət nəticələr doğuracağını proqnozlaşdırmağa imkan verir.

Buna misal olaraq göstərmək olar ki, sözügedən normativ hüquqi aktın 2-ci bəndinin icrası bir tərəfdən ictimai təhlükəlilik dərəcəsi aşağı olan cinayətlərin dekriminallaşdırılması ilə cinayət-hüquqi tənzimetmə və cəza siyasətinə yanaşmanın əhəmiyyətli dərəcədə liberallaşdırılmasına səbəb olacaqsa, digər tərəfdən də cəmiyyətin və dövlətin imicinə xələl gətirə bilən, habelə vətəndaşların dövlətə inamını sarsıdan ağır və xüsusilə ağır cinayətlərə qarşı barışmaz mövqe nümayiş etdirməklə məhkəmə-hüquq sisteminin gücləndirilməsinə, bununla da korrupsiyaya qarşı daha kəsərli mübarizə aparılmasına töhfə verəcəkdir.

Həmçinin fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayacaqdır. Xüsusilə 3-cü, 6-cı və 7-ci bəndlərə istinad etməklə bu qənaətə gəlmək mümkündür ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkili, beynəlxalq arbitraj prosedurlarının təşviqi, ədalət mühakiməsinin bütün tərəflərinə məsələni proqnozlaşdırmaq imkanı verəcək vahid məhkəmə təcrübəsinin, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir. Bu da sahibkarların fəaliyyətinə öz müsbət töhfəsini verəcəkdir.

Fərmanda insanların məhkəmə sisteminə tam inamını formalaşdırmaqdan ötrü də vacib müddəalar var. Fərmanın bir neçə müddəası birbaşa insanların məhkəməyə, məhkəmə-hüquq sisteminə inamının daha da gücləndirilməsinə xidmət edir. Belə ki, fərmanın 3.2-ci maddəsində Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsi qeyd edilib. Çünki vahid məhkəmə təcrübəsi hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edir. Məsələn, əgər hüquq sistemi hər hansı oxşar məsələlərlə bağlı fərqli qərarlar qəbul edirsə, vətəndaşda təbii olaraq sual meydana çıxır: nə üçün belə olub? Belə olan zamanda isə hüquq sistemi qeyri-prosessual münasibətlərdə ittiham olunur. Vətəndaş deyir ki, bu cür mübahisəyə bir il əvvəl belə qiymət verilib, digər bir məsələdə isə fərqli həll olunub. Burada maraq nə olub, nə üçün belə həll olunub? Bu baxımdan vahid məhkəmə təcrübəsi çox vacibdir. Vahid məhkəmə təcrübəsi həm də ədalət mühakiməsinin bütün tərəflərinə məsələni proqnozlaşdırmaq imkanı verir. Məsələn, əgər vətəndaş qəbuldadırsa, ona öncədən izah etmək mümkün olur ki, bizim hüquq sistemində müəyyən qəbildən olan işlərin həlli bu cürdür: “Vətəndaş, siz haqlısınız və ya haqlı deyilsiniz”, “Nəticə etibarilə ya udacaqsınız, ya da uduzacaqsınız”. Bununla bağlı dəqiq bir proqnoz vermək olur. Çünki bu, vahid məhkəmə təcrübəsinə söykənir. Bir çox suallar avtomatik olaraq meydandan çıxır. Yəni vahid təcrübə bütün qaranlıq sualların cavabı deməkdir.

Bundan əlavə, fərmanın 3.7-ci maddəsində məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması qeyd edilib. Bu çox vacibdir. Çünki bir çox hallarda vətəndaşlar məhkəmə prosesində aparılan müzakirələrin araşdırılmalarının sonradan qərarda və ya hökmdə əks olunmamasını və ya fərqli əks olunmasını iddia edir. Belə tapşırıq isə bu cür mübahisələri aradan qaldıracaq. Məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması inamı daha da artıracaq.

Digər vacib bir məsələ fərmanın 5.1-ci maddəsindədir. Orada qeyd olunub ki, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılsın.

Fərmanda Ədliyyə Nazirliyinə verilən tövsiyələr əsas etibarilə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə qərarlarının icrası ilə bağlıdır. Bildiyimiz kimi, məhkəmə qərarının icra olunması məhkəmə qərarının ən vacib elementidir. Əgər məhkəmə qərar çıxarıb və icra olunmayıbsa, onda biz ədalət mühakiməsinin həyata keçirilməsindən danışa bilmərik. Qeyd edək ki, məhkəmə qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən son illər çox ciddi addımlar atılıb. Amma bir sıra qəbildən olan məsələlərlə bağlı işlər var ki, xüsusən də iqtisadi işlərlə bağlı kifayət qədər işlər çoxdur. Fərmanda Ədliyyə Nazirliyinə icra məmurlarının süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər görülməsi tapşırığı verilib. Həmçinin məhkəmə ekspertizasının həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib. Burada yeni ideya ondan ibarətdir ki, məhkəmə ekspertizasının özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilsin və təkliflər verilsin. Bu, çox vacib bir məsələdir. Çünki alternativ ekspertiza həm də vətəndaşlara imkan yaradacaq ki, yarana bilən sualların tam cavabını ala bilsinlər. Yəni şübhə yeri qalmasın. Bütün bunlar ekspertizaya inamı daha da artırmış olur. Həm də ƏLAHƏZRƏT ƏDALƏTƏ!

(Yazi, "Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür")

 Səlcuq ELÇİN

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1927
avatar

Oxşar yazılar