<b>“Açılışa Əliyev gəldi... növbədə qırğın idi... indi həsrət qalmışıq...” - <span style="color:red;">REPORTAJ </b>
13 may 2019 17:35 (UTC +04:00)

“Açılışa Əliyev gəldi... növbədə qırğın idi... indi həsrət qalmışıq...” - REPORTAJ

“Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Təbriz” (“Sevinc” ) kinoteatrı sökülüb. Hasara alınan kinoteatrın yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəmisində isə geniş parkinq tikiləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, özəlləşdirmə zamanı əmlakın profilinin saxlanması şərti olmayıb...”

Belə baxanda adi, quru bir xəbər, statistik faktdır. Daşdan, betondan, taxtadan və s. tikilib ərsəyə gəlmiş, ömrü başa çatanda da sökülmüş bir bina. 

Amma hər şey bu qədər bəsit, quru, mənasız ola bilməz. Olmamalıdır. Bəs buranı tikən, açılışına sevinmiş, içərisində həyəcanla əl-ələ tutub kino izləmiş, dəhlizlərində əlində gül dayanıb izdihamın içində gözü özününkünü axtarmış, divarlarına səsi, xatirəsi, baxışı hopmuş, hətta kölgəsində, ətrafındakı parkda istirahət etmiş... insanlar?! Ömrünün ilk illərini bu parkda keçirənlər olub, həyatının son illərini burada başa vuranlar da var.

Olsun, sökülsün, köhnənin sökülməsi, yeninin tikilməsi yaxşıdır, etirazımız yox. Amma bizim də edə biləcəyimiz nəsə olmalıdır axı...

Elə isə getdik.

***

“Sevinc” hasara alınıb, oraya daxil olmaq olmur. Giriş üçün bir qapı qoyulub, o da kilidlidir. Ətrafı dolandıqdan sonra hasarın nisbətən aşağı bir hissəsindən ərazini görə bildik. Bom-boşdur. Kinoteatrdan ancaq daş, qum və toz qalıb...

Yaşımız kinoteatrın yaşından az olduğu üçün ərazinin qarşısında olan parkda əyləşmiş ağsaqqallardan binanın tarixi barədə məlumat almaq üçün onlara üz tutduq.

Şanslı adamıq, qarşımıza kim çıxsa yaxşıdır? Azərbaycanın tanınmış hərbi jurnalisti, araşdırmaçı-publisist Şəmistan Nəzirli. Sən demə, Şəmistan müəllim 1960-cı illərdən burada yaşayır:

“İndi də xatırlayıram ki, “Sevinc” kinoteatrının açılışı üçün bura Heydər Əliyev gəlmişdi. Həmçinin burada gördüyünüz ağacların əkilməsində də iştirak etmişdi. Hələ yaxınlıqda bir kitabxana var, onun da açılışı üçün Heydər Əliyev təşrif buyurmuşdu. Kinoteatrı söküb dağıtdılar, həmin kitabxananın isə ətrafını sata-sata oranı balaca bir yerə çeviriblər”.

Ş.Nəzirli əli ilə kinoteatrın kassası yerləşən ərazini göstərir:

“Kassa orada iki ağacın arasında idi və növbədə qırğın olurdu. Burada göstərilən əksər filmlərə baxmışam və o vaxt çalışırdım ki, hamısında iştirak edim. Sizinlə danışan zaman birdən burada baxdığım İran filmi - “Mazandaran pələngi” yadıma düşdü. Onda nə qədər burada növbə olurdu, insanların marağı həddindən artıq çox idi və zal tamamilə dolurdu.

Mən başa düşmürəm ki, nə üçün mədəniyyət, incəsənət birdən-birə gözdən düşdü? Bütün olanlardan sonra isə bura bir müddət bağlandı və içinə köhnə mebel, taxta-tuxta yığıldı.

1-2 ay bundan qabaq şənbə günü idi, mənə zəng gəldi ki, icra başçısı aşağıda xeyir-şər evində sakinlərlə görüşür. Getdim gördüm ki, zal doludur. Mənə də yer verdilər, ancaq gec gəlmişdim deyə arxada oturdum. Orada ortalarda əyləşmiş bir nəfər icra başçısına “Sevinc” kinoteatrının qarşısının düzəlməməsi ilə bağlı sual verdi. Başçı da qayıdıb ona dedi ki, oranı kimsə alıb və alan şəxs tapılmır.

Yalan olar, ancaq bu boyda yox. Yəqin ki, oranı alan adamı yaxından tanıyır, sadəcə insanlardan ehtiyat edirlər deyə gizlədirlər”.

Ustad yazardan sonra parkın başqa bir yaşlı sakini Nadir Səlimoğlu isə deyir ki, 1971-ci ildən burada yaşayır: 

“Yaxşı Hindistan, Amerikan, İran filmləri göstərirdilər. Həyat yoldaşımla, övladlarımla tez-tez burda filmlərə baxırdıq. Əvvəlki illərdə burada sıxlıq idi, həm də burada yeganə kinoteatr “Sevinc” idi, bir də bir az uzaqlıqda mədəniyyət evi vardı. İstəyərdim ki, indi nəvələrimi bura gətirim, onlarla filmə baxım, əvvəlki illərdən danışım”.

Eyni skamyada əyləşmiş Məmmədəli Bayramov isə 1958-ci ildən etibarən Qara Qarayev prospektində yaşadığını bildirir:

“Əvvəl ikimərtəbəli binada yaşayırdım, sonra bizim binanın yerində çoxmərtəbəli bina tikdilər, ora köçdüm. Bura açılandan sonra həmişə filmə baxmaq üçün ailəvi bura gəlirdik. Xatırlayıram ki, ərəb kinolarını 3 seans olmaqla göstərirdilər və burada insan əlindən tərpənmək mümkün olmurdu.

Bura bizim rahatlığımız, istirahətimiz demək idi. O vaxtlar düşünmürdüm ki, bir gün gələcək və bura tamamilə yox olacaq. Onda elə bilirdim ki, qocalıqda da burada filmlərə baxa biləcəm”.

***

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, kinoteatr binası özəlləşdirilib və onun yerində müasir tipli ticarət-əyləncə mərkəzi tikiləcək:

“Kinoteatrın ərazisi özəlləşdirilib. Sahibkarın əlində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən və mülkiyyət hüququnu təsdiq edən çıxarış var. Tikiləcək mərkəzin layihəsi ilə bağlı aidiyyəti qurumlardan rəy və tikinti üçün icazə də alınıb. Yəni, qanundan kənar heç nə yoxdur. Həmçinin yeni tikiləcək mərkəzdə kinoteatr da fəaliyyət göstərəcək”.

***

Biz “Sevinc”ə film izləməyə gedən sonuncu cütlük olduq. Bir az romantik, bir az lirik, bir az pozitiv bir film. Baxa bilmədik o filmə. Yerində başqa film gördük. Yaşlanmış romantika, dəbdən düşmüş lirika, yalnız gözlərdə ümid işığı kimi qalmış pozitivlik.

Dedilər ki, gələrsiz, yeni ticarət mərkəzinin içində sinema-klub olacaq. Gedərik. Biz də nə vaxtsa kiməsə danışmalıyıq axı buranın tarixini...

Səlcuq Elçin

Hicranə Əlişqızı

# 4297
avatar

Oxşar yazılar