<b>Yolların yuyulmasından niyə <span style="color:red;">İMTİNA EDİLDİ?  - Səbəb <span style="color:red;">AÇIQLANDI </b>
08 may 2019 12:52 (UTC +04:00)

Yolların yuyulmasından niyə İMTİNA EDİLDİ? - Səbəb AÇIQLANDI

İstifadədə olan avtomobil yollarının təmizliyi vacib amildir. Bu gün elə yollar var ki, avtomobil keçəndə yolun kənarı ilə gedənlər toz-torpaqdan boğulur. Digər bir məqam isə təmiz olmayan yolun hərəkətdə olan maşınlara təhlükə yaratmasıdır.

 

Bəzən yolların necə gəldi təmizlənməsi narazılıq yaradır. Quru yolun süpürgə ilə süpürülməsi tozun yaranmasına, çox torpaqlı yolların su ilə təmizlənməsi palçığın yaranmasına səbəb olur ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. 

 

Mövzu ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Lent.az-a açıqlamasında bildirdi ki, İcra hakimiyyətinin balansında olan yolların su ilə yuyulmasına üstünlük verilmir: “Yolları su ilə yuyanda sakinlərdən narazılıq gəlir. Onlar bildirirlər ki, su ilə yuyulmuş yolda hərəkət zamanı avtomobilləri çirklənir. Yolların təmizlənməsində daha çox texnikadan istifadə olunur. Toz, zibil tozsoran funksiyası daşıyan texnika vasitəsilə təmizlənir”.

 

Ekspert Ərşad Hüseynov Lent.az-a bildirdi ki, yolların təmiz saxlanması həm ictimai təhlükəsizlik, həm də sanitar-gigiyenik, estetik baxımından vacibdir: “Hərəkətin təhlükəsizliyi baxımından yanaşanda yolda palçığın, hətta quru tozun olması da ciddi təhlükə doğura bilər. Yola düşən adi ağac yarpağı belə hərəkət təhlükəsizliyinə xələl gətirə bilər. Buna görə yollar təmizlənməlidir. Dünya təcrübəsində də belədir ki, təmizliyi yola məsul qurum həyata keçirir. Azərbaycanda da yollara nəzarət edən qurumlar müxtəlifdir. Respublika əhəmiyyətli yollar, Bakının küçə və prospektlərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsuldur. Məhəllədaxili küçələrin bəzilərində təmizliyə yerli bələdiyyələr nəzarət edir. Digər şəhərlərdə, rayon mərkəzlərində yerli icra hakimiyyəti təmizliyi həyata keçirir”.

 

Ə.Hüseynovun dediyinə görə, məsul qurumlar özləri müxtəlif müqavilələr əsasında yolların təmizliyini ixtisalaşmış qurumları cəlb edərək həyata keçirə bilirlər. Bakıda bu işlərə mənzil-istismar sahələrinin cəlb edildiyini deyən müsahibimiz yolların hansı vasitələrlə təmizlənməsinə görə beynəlxalq təcrübəyə də toxunub: “Beynəlxalq təcrübədə tozu, qumu, ağac yarpaqlarını əsasən texnika ilə süpürülər. Bu proses müasir texinika vasitəsilə həyata keçirilir. Əksəriyyəti tozsoran funksiyası ilə işləyir. Bundan sonra asfalt quru və təmiz olur. Ən yaxşı üsul budur. Ciddi çirklənmə olarsa, estetik görüntünü yaxşılaşdırmaq üçün bəzən yollar yuyulur. Yolları yuyanda kimyəvi maddələr, şampunlar və s.-dən stifadə etmək olmaz. Sürüşkənlik yarana bilər”.

 

Ekspert bildirdi ki, yolların yuyulması iki cür həyata keçirilə bilər. Üsullardan baha başa gələn yolların fırça ilə yuyulmasıdır ki, inkişaf etmiş bahalı, kurort şəhərlərində həyata keçirilir: “Dünyanın bahalı şəhərlərində bu üsul var. Texnika yolları xüsisi fırçalarla yuyur. Bu, bBahalı prosesdir və bu üsulla yuyulanda yola su dağılmır.  İkinci variant isə suyu çiləməklə yumaqdır. Bu da o zaman həyata keçirilə bilər ki, həmin suyu axıdan sistem var. Əks təqdirdə, yolun hərəkət hissəsində su qalır. Hətta yolda təmiz suyun qalması ciddi təhlükədir. Bundan başqa, toplanmış suyu hərəkətdə olan nəqliyyat vasitələri ətrafa çiləyərək əlavə problemlərə yol açır”.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirdi ki, respublika əhəmiyyətli yolların təmizlənməsi Agentlik tərəfindən həyata keçirilir: “Yolların təmizlənməsi zamanı sudan da istifadə olunur, əl əməyindən də. Bundan başqa, maşınlardan da istifadə olunur".

 

Onun sözlərinə görə, AAYDA-nın təmizliyinə məsul olduğu yollar əsas istifadə olan avtomobil yolları, prospektlər, şəhərətrafı yollar olduğundan yuyulan zaman yolda palçıq olması ilə bağlı şikayətlər olmur. "Belə şikayətlər ancaq məhəllədaxili, kiçik yollarla bağlı ola bilər”, - deyə Anar Nəcəfli vurğulayıb.

# 956
avatar

Aygün İbrahimli

Oxşar yazılar