<b>Meyitdən orqan transplantasiyasına hazırıqmı?</b>
04 mart 2019 17:34 (UTC +04:00)

Meyitdən orqan transplantasiyasına hazırıqmı?

Azərbaycanda gələn ildən etibarən orqan transplantasiyası və süni mayalanmanın limitli şəkildə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi planlaşdırılır. Bu barədə Lent.az-a Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib.
 
Proseslə bağlı bəzi məqamlara aydınlıq gətirən deputatın sözlərinə görə, orqan donorluğu və transplantasiyasının müəyyən hissəsinin və ya imkan olarsa tam hissəsinin icbari tibbi sığorta tərəfindən maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılır: “İcbari tibbi sığorta proqramı işə düşdükdən sonra bu məsələlər dəqiqləşəcək. Bahalı translantasiyalar var. Ölçüb biçmək lazımdır”.
 
M.Quliyevin dediyinə görə, bəzi ölkələrdə icbari tibbi sığorta orqan nəqlində lazım olan vəsaiti tam, bəziləri müəyyən qismini qarşılayır.
 
Azərbaycanda meyitdən orqan köçürülməsi işinin qurulmadığını deyən deputat, canlı donordan orqan köçürülməsi prosesinin də elə çox olmadığını vurğulayıb: “İlkin mərhələlərdə bunları tibbi sığorta qarşılaya bilər. Meyitdən orqan nəqli prosesi həyata keçirilənə qədər yəqin ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəsaiti çox olar və həyata keçiriləcək bütün əməliyyatların müəyyən hissəsini qarşılayar”.
 
Millət vəkili bildirib ki, Azərbaycanda meyitdən orqan köçürülməsi işinin hüquqi əsaslarının yaradılması istiqamətində işlənilir. Azərbaycanda orqan nəqlini həyata keçirə biləcək tibbi mütəxəssislərin  də kifayət qədər olduğunu deyən M.Quliyev məsələnin  əsas çətin tərəfinə toxunub: “Meyitdən orqan nəqlinin həyata keçirilməsinin çətin hissəsi insanların mənəvi-psixoloji cəhətdən bu işə hazırlanmasıdır. Yəqin bundan ötrü müəyyən vaxt lazım olacaq”.
 
Süni mayalanma prosesinin həyata keçirilməsində icbari tibbi sığortadan yararlanmaq məsələsinə gəlincə, deputat bu məsələnin hələ dəqiqləşmədiyini deyib: “Reproduktiv sağlamlığın qorunması haqqında qanun hələ qəbul olunmayıb. Hazırda Milli Məclisin Komitəsində müzakirədədir. Yəqin  ki, sosial cəhətdən müdafiəyə ehtiyacı  olan insanların süni mayalanması icbari tibbi sığorta fondunun vasitəsilə həyata keçirilər. Ya da  maksimal bir varinat seçilərək müraciət edən bütün əhaliyə şamil edilə bilər. Bu, hələ dəqiqləşməyib”. 
# 518
avatar

Aygün İbrahimli

Oxşar yazılar