[b]“Qara ölüm”ün əsgərləri: xəyanətə uğrayan ölkə və soyadı səhv düşən nazir – SƏBUHİ MƏMMƏDLİ YAZIR[/b]
20 iyun 2017 17:32 (UTC +04:00)

[b]“Qara ölüm”ün əsgərləri: xəyanətə uğrayan ölkə və soyadı səhv düşən nazir – SƏBUHİ MƏMMƏDLİ YAZIR[/b]

 

…Hələ iyunun 19-dan Qızılın küçələrində vərəqələr yayılmışdı. Binalara, avtobus dayanacaqlarına, hər yerə yapışdırılmışdı həmin vərəqələrdən. Onlar Rusiyanın tərkibindən çıxmaq, müstəqil dövlətlərini qurmaq istəyirdilər. Bunun üçün imza toplanmalıydı.

 

Amma 25 il əvvəl, elə iyunun bu günü, 20-si Rusiyadan ayrılmaq, müstəqil dövlət qurmaq niyyətilə başlayan imzatoplama kampaniyası uğursuz nəticələnir. Sonradan uğursuzluğun səbəbini çox məqamlarla izah edəcəkdilər. Hətta yenidən bu mövzuya qayıtmaq niyyətində olacaqdılar. Amma bütün bunlar başqa söhbətin mövzusudur. Sadəcə, bəlkə də çoxunuz bilmirsiz ki, Bakıdan təxminən 5500, Moskvadan 5000 km aralıda yerləşən, paytaxtı Qızıl adlanan, 350 min əhalinin yaşadığı bu kiçik türk ölkəsi Tuva, sayı milyonlarla ölçülən və dövləti olan xalqlardan daha şərəfli və həm də macəra dolu bir tarix yaşayıb. Söhbət heç qədimlərdən də getmir, elə 20-ci əsr Tuva və tuvaların tarixinə baxsaq, yetər.


***

 

Ötən əsrin əvvəllərində tuva xalqı hələ Çinin əsarətindəydi. 1911-ci ildə Çində baş verən hakimiyyət zəifliyindən istifadə edən Tuva öz müstəqilliyini elan edir. Amma vur-tut 3 il müstəqil dövlət kimi mövcud ola bilir. 1914-cü ildə Tuva çar Rusiyası tərəfindən işğal olunur. Və daha 3 il keçir. Bu dəfə Rusiyada ara qarışır. 1917-ci il oktyabr çevrilişindən sonra tuvalar yenidən müstəqilliklərini bərpa etməyə çalışırlar. Amma bu dəfə vəziyyət həddən artıq gərgin olur regionda. Bu kiçik ölkə uğrunda eyni zamanda bir neçə qüvvə mübarizə aparır. Bir yandan bolşeviklər, digər yandan çar tərəfdarı ağ qvardiyaçılar, çinlilər, monqollar… bir sözlə, qan su yerinə axır Tuvada. Amma 1918-ci il iyulun 18-də Tuva xalqı öz yığıncağını, Xuralını çağırır. Xural Tuvanın müstəqilliyini elan edir. Düzdür, bir neçə il bu dövlətin müstəqilliyi heç kim tərəfindən tanınmır. Bir yandan Çinin, bir yandan Monqolustanın, daha sonra isə sovet Rusiyasının gözü bu torpaqlarda olsa da, Tuvanı ələ keçirməyə nail ola bilmirlər. Nəhayət, 1921-ci ildə əvvəlcə Monqolustan, daha sonra isə Çin və Rusiya Tuvanı müstəqil dövlət kimi tanıyırlar. 3 il sonra isə sonradan yaranan SSRİ də bu respublikanın mövcudluğu ilə barışır.

 

Tuva müstəqil respublika olsa da, hakimiyyətdə kommunist yönlü şəxslər idi və məhz elə bu səbəbdən sovetləşmə bütün sahələrə sirayət etmişdi. Stalinə sədaqəti ilə seçilən yeli komissarlar SSRİ-də həyata keçirilən tədbirləri Tuvada da tətbiq etməyə başlayırlar. 20-ci illərin sonu sovetlərdə başlanan kolxoz quruculuğu Tuvadan da yan keçmir. Kənd təsərrüfatı kollektivləşdirilir, bu isə köçəri həyat sürən xalq üçün faktiki mümkünsüz bir iş olur. Buddizm və şamanizm qadağan edilir. Statistikaya görə, 1929-cu ildə Tuvada 25 buddist məbədi və 400 lama olduğu halda, artıq 1931-ci ildə bir monastır, 15 lama və 725 şaman qalmışdı.

 

Amma köçəri həyatın sıxışdırılması mümkünsüz olur. 1931-ci il siyahıya alınması onu göstərir ki, ölkə əhalisinin 82 faizi köçəri həyat sürür.


***

 

Tuva və tuvalar bir də 1941-ci il iyunun 22-də özlərindən söz etdirirlər. Həmin gün, almanlar SSRİ-yə hücum edən günü səhər tezdən Tuvanın Böyük Xuralı yığışır. Və Xural nə qərar qəbul etsə yaxşıdır? Təəccüblənəcəksiz - Almaniyaya müharibə elan edir! Və bununla da faşizmə qarşı SSRİ-yə müttəfiqlik etmiş ilk ölkə kimi tarixə düşür. Müharibə dövründə bu kiçik dövlət sovetlərə 30 milyon rubl qiymətində qızıl yardım göstərir. 1941-ci ilin iyun ayından 1944-cü ilin oktyabrına kimi Tuva cəbhəyə 50 min at, 70 min ton xəz dəri, bir necə min ton ət, 66,7 milyon rubl pul göndərir. Stalin ilk vaxtlar tuvalara inanmır. Amma onların bu sədaqətini görüb, tuvalarn da almanlara qarşı vuruşmasına razılıq verir. Artıq 1942-ci ildən Tuvadan könüllülər sovet ordusuna qəbul olunur. Ümumiyyətlə, müharibə dönəmində 10 minə yaxın tuvalı sovet ordusu tərkibində vuruşur.

 

Sonradan rus tarixçi Aleksey Rudeyeviç yazacaqdı:

 

“Onlar Hitlerin Sovet İttifaqına hücumundan bir gün sonra Almaniyaya müharibə elan edib. Həmin dövrdə Tuva müstəqil respublika idi və tuvalar SSRİ lideri İosif Stalinə “Sizinləyik, birlikdəyik. Bu, eyni zamanda bizim də döyüşümüzdür” - deyə məktub yazmışdılar. İlk vaxtlarda atlı qoşunla faşistlərin qarşısına çıxan tuvalar qısa vaxt ərzində qarşı cəbhədə məşhurlaşdılar. Hətta almanlar onlara “Qara ölüm” adı da vermişdi”.

 

Tarixçi daha sonra yazırdı:

 

“Tuvalılar qəhrəmancasına döyüşürdü. Faşistlər gözlərini açmağa macal tapmırdı. Onlar həyatını itirir, amma təslim olmurdular. Bir dəfə ölən əsgər yoldaşlarının qisasını almaq üçün gecə vaxtı faşistlərin üzərinə hücum çəkdilər. Bu hadisə ilə bağlı sovet komandirlər baş qərargaha gizli teleqram vurdular. Yazıda onların tutulması üçün almanların itlərdən istifadə etdiyi qeyd olunmuşdu. Lakin tuvalılar ayı, canavar, tülkü dərisindən hazırlanan ovçu paltarı geyindikləri üçün itlər də onları tapmaqda çətinlik çəkirdi”.

 

***

 

Bu cür sədaqətin qarşılığında tuvalar xəyanətlə üzləşdilər. Müharibə bitəndən bir il sonra, 1946-cı ilin oktyabrında SSRİ öz müttəfiqinin ərazisini işğal etdi. Tuva müstəqilliyini itirdi. Minlərlə insan isə repressiyaya uğradı.

 

Əvvəllər muxtar bölgə kimi, 1965-ci ildən sonra isə muxtar respublika kimi fəaliyyət göstərdi. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik dalğaları Tuvada da öz təsirini göstərir. Amma tuvalar öz istəklərinə nail ola bilmirlər.

 

***

 

Çox zəngin bir ölkədir Tuva. Burada kömür, dəmir, civə, qızıl, asbest, kobalt, nikel, mis, sink, daş kömür, mədən duzu çıxarılır. Ölkə dağları və əsrarəngiz təbiəti ilə fantastik turizm məkanlarından sayılır. Və onlar bir nəfərlə xüsusi fəxr edirlər. Söhbət Rusiyanın müdafiə naziri və prezident Putinin ən yaxın dostlarından sayılan Sergey Şoyqudan gedir. Serqey Kujuqet oğlu Şoyqudan. Amma bunu da çox az adam bilir ki, Şoyqu… Şoyqunun famiylası yox, atasının adıdır. Atası Şoyqu Kujuqet 40-cı illərdə pasport almağa gedəndə ərizədə adı yerinə Kujuqet, familiya yerinə isə Şoyqu yazdırıbmış.

 

Bax belə…

 

# 402
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar