Buşun zəngi, Putinin qol saatı, Qəddafiyə ölüm xəbərdarlığı... – <span style="color:red;">AZƏRBAYCANLI “ŞEYX” DANIŞIR
23 yanvar 2017 12:37 (UTC +04:00)

Buşun zəngi, Putinin qol saatı, Qəddafiyə ölüm xəbərdarlığı... – AZƏRBAYCANLI “ŞEYX” DANIŞIR

 

2011-ci il martın 28-də Liviya inqilabının lideri Müəmmər Qəddafiyə məktub yazır. Həyəcanla bildirir ki, Liviyanın altını üstünə çevirəcəklər. Təcili Moskvaya getsin, bir müddət Rusiyada qalsın. Belə olan halda həm özünü, həm də Liviyanı xilas etmiş olacaq.

 

- Təxminim düz çıxdı, düz 19 gün sonra Qəddafini öldürdülər, Liviya isə ağır günə düşdü...

 

***

 

Nə politolqdu, nə beynəlxalq məsələlər üzrə ekspert. Xalça toxuyur. Qəddafiyə isə boş yerdən məktub yazmamışdı. Onun da portretini toxumuşdu bir vaxt. Hətta Liviya səfirliyindən minnətdarlıq məktubu da almışdı. Böyük ehtimalla, həmin xalçalar da, Qəddafinin özü kimi, məhv edilib. Amma təkcə Qəddafinin yox, bir çox dünya liderlərinin sarayında, kabinetində onun əl işlərinə rast gəlmək mümkündür - Kondoliza Raysdan tutmuş, Pərviz Müşərrəfə, Fidel Kastroya, Oman sultanınadək...

 

Dağlar Səfərovdur bu adam. Əslən Qəbələnin Laza kəndindən olan xalçaçı Dağlar. Deyir, bu işə 1994-cü ildə başlayıb. Rusiyada yaşayırmış. Elə həmin il də vətənə qayıdıb. Biznesin müxtəlif sahələrində sınayıb özünü. Amma ən uğurlu layihəsi Laza xalça fabriki olub.

 

- Düzünü deyəcəm, ilk toxuduğum xalça uğursuz alındı. O vaxt nazir işləyən birinin portretini toxumuşdum. Amma oxşada bilməmişdik. (Gülür) İkinci cəhdimiz uğurlu oldu. Xalça çox xoşuna gəlmişdi onun. Bundan sonra başladıq sifarişlər almağa. Azərbaycanın hər yerini gəzib xalçaçı axtarırdım. Çox çətindi ilmələrlə işləmək. Yaxşı xalçaçı da azdır indi. Ölüb gedir bu sənət. Biz həm bu sənəti ölməyə qoymadıq, həm də iş yerləri açdıq. Nəticədə Azərbaycanı da dünyada tanıtdıq bacardığımız qədər.

 

Tanıtmaq məsələsini əbəs yerə vurğulamır. Xaricə göndərdiyi bütün xalçaların üstündə mütləq “Azərbaycan, Bakı” sözlərini toxutdurur.

 

- Siz təsəvvür edin, məsələn, ABŞ-ın dövlət katibinin evində və ya kabinetində onun portreti olan xalça var. Xalça elə bir şeydir ki, yerə salınsa da, divardan asılsa da, mütləq  onu görənin diqqətini cəlb edir. Tutaq ki, Kondoliza Raysın qonağı gəlir və onun portretini görür. Mütləq görəcək axı Azərbaycan sözünü. Elə bu mənim üçün ən böyük fəxrdir.

 

Hə, xanım Raysın portretini toxuyandan sonra ondan təşəkkür məktubu da alıb. Deyir, çox sevindim buna. O boyda dövlətin ikinci şəxsinin diqqətini çəkdiyi üçün.

 

Ən isti münasibətləri isə Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəflə olub. 4 dəfə dəvət edib Müşərrəf onu Pakistana.

 

- Pərviz Müşərrəf Bakıya gəlmişdi. İçərişəhəri gəzirdi. Yaxınlaşıb ona hədiyyəmi, toxuduğum xalçanı təqdim etdim. Çox xoşuna gəldi. Məni ölkəsinə dəvət etdi. Öz evində də olmuşam, iş yerindəki kabinetində də. Yadımdadı, bir dəfə məni səhər yeməyinə çağırdı. Elə içəri girmişdim ki, gülə-gülə gəlib məni bərk qucaqladı. Dedi, ayağın yüngül imiş. Sən demə, Buşla danışırmış, Pakistanla bağlı nəsə xahiş edibmiş, məsələ düzəlibmiş. Zarafatla dedim ki, Buşa deyərdin Dağlar da buradadı. Öldü getdi gülməkdən. Bir xeyli söhbət etdik onda.

 

- Nədən danışırdız ki?

 

- Hər şeydən, dünya siyasətindən tutmuş futbolacan. Çox maraqlı adamdır Müşərrəf.

 

- Bəs hansı dildə danışırdız?

 

- Türkcə. Türk dilini türkdən yaxşı bilir, inanın. Özü, müəllimsiz-filansız öyrənib. Mən Kastroyla da görüşmüşəm axı. O da rus dilini əla bilir.

 

Hə, sən demə Kastroyla görüşdə onun xətrinə də dəyibmiş. Deməli, hadisə vaqe olur Kubada, Havanada.

 

- Kuba həmişə mənə maraqlı gəlib. Həmişə fiikrləşmişəm ki, bu balaca dövlət, necə olur ki, neçə il Amerikanın qabağında dayana bilib. Dedim, dünyanın bir hissəsini gəzmişəm, durum gedim Kubaya. Fidelin portreti olan iki ədəd xalça da toxumuşduq. Əvvəl Rusiyanın Kubadakı səfirliyinə getdim. Onların vasitəsilə məni Kastroya çıxartdılar. Mənə Larisa adlı bir işçi qoşmuşdular, müşayiətçi kimi. Səhər tezdən idi. Elə idman geyimində qarşıladı məni. Rus dilini isə ləhcəylə də olsa, təmiz bilirdi. Kofe masası hazırlanmışdı. Mənə Azərbaycandan, Heydər Əlievdən xeyli danışdı. Sonra başladıq yenə də, elə hamı kimi siyasətdən-filandan danışmağa. Mən həmin görüşə qədər neçə gün idi Havanadaydım. Müşahidə etmişdim, günorta oldu, dükanlardan çörək yoxa çıxırdı. Özü də dükan-bazarda ərzaq da çox qıt idi. Qəfildən sual verdim ki, yoldaş Kastro, bəs niyə çörək tapılmır mağazalarda? Bunu eşidən kimi hirsləndi. Fincanı möhkəm stola qoydu, elə hesab et ki, çırpdı. Durub otaqdan çıxdı. Elə dərhal da bizi çıxartdılar.

 

Maraqlı görüşlərindən biri də Moldova prezidenti Voroninlə olub. Onun da xalçasını toxutdurubmuş. Voronin də onu ölkəsinə dəvət edib.

 

- Onunla görüşdən əvvəl azərbaycanlılarla bir yerdə olmuşduq. Voroninlə görüşəcəyimi bilirdilər. Məndən xahiş etdilər ki, prezidentə məscid problemini çatdırım. Bir az söhbət edəndən sonra, dedim ki, cənab prezident, mənim yerlilərimin sizdən bir xahişi var. Problemi dedim. Köməkçisini çağırıb tapşırıq verdi ki, dərhal məscid tikintisinə yer ayrılsın. Bir neçə aydan sonra məscid artıq hazır idi.

 

Bir dəfə də Səudiyyə kralı dəvət edib onu ölkəsinə. Kral ailəsinin qonağı olub.

 

- Ər-Riyadda qaldım xeyli. Sərgimi keçirdilər. Kral ailə üzvlərinin portretlərini  hazırlamışdı. Haradasa 25-ə qədər xalçaydı. İndiki kral Salmanın evində qonağı da oldum. Həmin sərgiyə 200-ə yaxın səfir də qatılmışdı. Təsəvvür edin, 200 ölkənin Səudiyyədəki səfiri azərbaycanlı xalçaçının əsərlərinə baxır. Bundan böyük bəxtəvərlik olar?

 

Saakaşvili isə onu andiçmə mərasiminə dəvət edib.

 

- Onun portretini hazırlamışdıq. Çox xoşuna gəlmişdi. Bir gün Gürcüstanın səfirliyindən zəng etdilər ki, bəs hazırlaş, Tiflisə gedirsən. Dedim, nə məsələdi? Dedi, prezident səni andiçməsində görmək istəyir. Elə sevindim ki!

 

Suriyada da olub. Amma müharibədən əvvəl.

 

- Bəşər Əsədlə görüşəcəkdik, işi çıxdı. Məni marşal Mustafa Talas qəbul etdi. Sizə bir söz deyim, Mustafa Talas olmasaydı, Əsəd indi çoxdan ya ölmüşdü, ya da qaçmışdı. Əsil sərkərdədir Talas.

 

Bir qədər əvvəl isə Oman sultanı ona “şeyx” titulu verib.

 

- Sultan Qabusun da portretini toxumuşduq. Göndərmişdim Omana. Bir də gördüm, poçtalyon məktub gətirib. Sultan Qabusun dəftərxana müdirindən idi. Yaxşı sənətkar kimi dəyərləndirib, mənə “şeyx” adı vermişdi sultan.

 

Putin isə ona öz saatını hədiyyə edib. Onun da xoşuna gəlibmiş.

 

- Rusiya səfirliyindən gəlmişdilər. “Prezidentdən hədiyyə var” - dedilər. Qol saatıydı. Səfirliyin əməkdaşı dedi ki, şəxsən özünün taxdığı saatdır.

 

Dağlar müəllimin daha bir fitri istedadı var. Xalçaya, xalçaçılığa heç bir aidiyyatı yoxdur. Bəs bu nədir?

 

Bu, daha maraqlı olacaq. Odur ki, Lent.az-ı izləyin...  

 

 

# 712
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar