[b]“Çivadze dedi, bu boyla ona uduzmamısansa, halaldı” [/b]- PRESSİNQ
31 mart 2016 16:54 (UTC +04:00)

[b]“Çivadze dedi, bu boyla ona uduzmamısansa, halaldı” [/b]- PRESSİNQ

 

 

Lent.az-ın “Pressinq” rubrikasının növbəti qonağı “Qarabağ”, “İnter” və “Turan” klublarının sabiq futbolçusu Ayxan Abbasovdu. Hazırda “Zirə” klubunda köməkçi-məşqçi funksiyasını yerinə yetirən Abbasov oxucuların ona ünvanladığı sualları cavablandırıb.

 

Pərviz Abbasov:

 

- “Zirə”nin “barıt”ı nə vaxt qurtaracaq?

- “Zirə”ni çempionatın sürpriz komandası kimi qələmə verirlər. Heç kim bizdən bu cür çıxış gözləmirdi. Çempionat başlamamışdan əvvəl qarşımıza qoyduğumuz məqsəd ilk “beşliy”ə düşmək idi. Amma elə alındı ki, çoxlu transferlər etdik. Birinci divizionda oynayan heyətdən, demək olar ki, bir futbolçu saxladıq. Çox komandalar olub ki, Premyer Liqaya çıxdıqları ilk ildə çətinliklə üzləşiblər. Bizdə isə elə problem olmadı. Transferlərimiz komandaya tez uyğunlaşdılar, legionerlər də özlərini doğrultdular. Boş-boşuna transfer etmədik. Əsas məqsədlərimizdən biri güclü komanda qurmaq idi. Bir neçə futbolçumuz zədəli olanda belə, heyətimizdə problem yaranmır. Zədəlilərin yerində oynayanlar da yaxşı çıxış edirlər. Bizdə futbolçulara “sən əsas heyətin üzvüsən, sən ehtiyat oyunçusan” düşüncəsi ilə baxılmır. Hamı bir ailə kimidi. “Barıt”a gəlincə, hələ ki, “barıtımız var” (gülür). Sübut etdik ki, bizdəki barıt biratımlıq deyil.
 

Nəriman Verdiyev:

 

- Premyer Liqaya yüksəldiyiniz ilk ildəcə medallar uğrunda oynamaq təsadüfdü, yoxsa görülən işin bəhrəsi?

- Əgər 1-2 oyunda qələbə qazansaydıq, bunun təsadüfi olduğunu deyə bilərdilər. Lakin biz çempionatboyu gücümüzü göstəririk. Heyətimizə götürdüyümüz azərbaycanlı futbolçuların çoxu öz komandalarında əsas heyət üzvü deyildi. Buna baxmayaraq, onlara inandıq. Bilirdik ki, potensialları var. Loru dillə desək, ac, yəni oynamaq istəyən futbolçulardan ibarət komanda yaratdıq. Legionerlərimizdən Yovan Krneta Azərbaycanda ən yaxşı müdafiəçilərdən biridi. İqbekoyi uzun illərdi çempionatımızda oynayır. Hücumda Bonilya bombardirlər sırasında gedir. Yerli futbolçulardan da razıyıq. Elvin Məmmədovun gəlişi komandanın gücünü birə-beş artırdı. Yəni bu qədər təsadüf ola bilməz. “Zirə”də rəhbərlikdən tutmuş, bütün işçilər öz işlərinə peşəkar yanaşır. Sadaladığım işlərə birinci diviziondan başlamışdıq. Premyer Liqaya çıxan kimi, stadionumuz tez bir zamanda təmir etdirildi. Bir də komanda quranda ən vacib amillərdən biri seleksiyadı. Büdcən nə qədər çox olsa belə, səhv transfer edəndə komandaya mənfi təsirini göstərir. Böyük klublar bəzən səs-küylü transferlər etsələr də, özlərini doğrultmur. “Zirə”nin sirlərindən biri mehriban kollektivə malik olması və komandadakı yüksək nizam-intizamdı. Etiraf edim ki, biz özümüz də bu qədər uğurlu çıxış gözləmirdik. Amma hələ çempionatın sonu deyil, gərgin mübarizə gedir. Əziyyətimizin bəhrəsini görməyə çalışacağıq.

 

Elman Musayev:

 

- “Zirə” vəsiqə qazansa, avrokuboklara buraxıla bilərmi?

- UEFA 2012-ci ildən belə bir qayda qoyub ki, klub Avrokuboka qatılmaq üçün ən azı 3 il çıxış etməlidi. “Zirə” isə 2 ildi yaranıb. Ancaq orda belə bir bənd də var ki, əgər yerli federasiya təminat verərsə, güzəştə gedilə bilər. Yəni işıq ucu var. Əvvəllər Zirədə “Neftqaz Zirə” adlı komanda olub, birinci dəstədə çıxış edib. Rəhbərlik hansı sənədlər lazımdısa, federasiyaya verib. Yəqin ki, onlar da UEFA-ya müraciət edəcəklər. İlk növbədə, çempionatda yer tutmaq lazımdı. Əgər vəsiqə qazanarıqsa və buraxarlarsa, sevinərik. Hamı Avrokubokda iştirak etmək istəyər. Amma icazə verilməsə də, ruhdan düşməməliyik. Builki uğuru təkrarlamaq üçün çox çalışmalıyıq. Komandalar “Zirə”yə artıq əvvəlki kimi yanaşmırlar. İndi bizə daha ciddi baxırlar.

 

İlqar Hüseynov:

 

- Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun “Zirə” ilə nə yaxınlığı var? Məşqçi kurslarına başlayan Rəşad qarşıdakı illərdə “Zirə”ni çalışdıra bilərmi?

- Rəşad “Qarabağ”ın futbolçusu, millinin kapitanıdı. Azərbaycanda ən məşhur oyunçulardan biridi. Özü də dəfələrlə bu məsələ ilə bağlı deyib ki, klubun prezidenti və digər rəhbər şəxsləri ilə dostluq əlaqələri var, uşaq vaxtı bir yerdə futbol oynayıblar. Yəni Rəşadı bir dost kimi “Zirə”nin oyunlarına dəvət edirlər, o da gəlib baxır. Gələcəkdə kimin hansı klubda çalışacağını isə indidən demək çətindi. Hər şey ola bilər.

 

Kənan Qədirov:

 

- Məşqçiliyə başlayanlar qarşılarına gec-tez baş məşqçi olmağı məqsəd qoyurlar. Sizin də belə bir istəyiniz varmı?

- Mən futbolçu karyeramı bitirəndə “Qarabağ”dan təklif gəldi. Təkcə mən yox, klubun digər futbolçularını da aşağı yaş qruplarına məşqçi dəvət etdilər. İki il 16-17 yaşlılarda işlədim. Bir çox şeyləri orda öyrəndim. Sonra mən də daxil olmaqla, akademiyanın məşqçilərini Hollandiyaya göndərdilər. Baş məşqçi olmaq üçün həm vaxt, həm də çox çalışmaq lazımdı. Baş məşqçi olub, 6 ay işlədikdən sonra uğursuzluqla üzləşib, ayrılmaq yaxşı deyil. Buna hazır olmaq lazımdı. Hələ ki, “Zirə”də Adil Şükürova kömək edirik. İşimdən məmnunam. Nə vaxt özümü hazır hiss etsəm, onda baş məşqçi olmaq barədə düşünərəm.

 

Cavid Piriyev:

 

- Razısızın ki, Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb? Bir də “Zirə”nin uğurlu çıxış etməsində bunun rolu varmı?

- Bununla razı olmaq da olar, olmamaq da. Komandaların sayı bir qədər azdı. Bundan əlavə, bir neçə klub maliyyə problemi ilə üzləşdi. “Bakı” artıq Premyer Liqada yoxdu, “Xəzər Lənkəran” əvvəlki gücündə deyil. Vaxtilə 4-5 komanda çempionluq uğrunda oynayırdısa, bu il “Neftçi” də o gücdə deyil. Amma digər tərəfdən baxanda, bizim güclü keçdiyini dediyimiz çempionatlar zamanı klublarımız avrokuboklarda 2 tur keçəndə böyük uğur sayılırdı. Lakin son illərdə “Qarabağ”, “Qəbələ” və “Neftçi” Avroliqanın qrup mərhələsinə düşdü. Azərbaycan çempionatında çıxış etmək çətindi. Bunu legionerlərlə söhbət edəndə bir daha anlayırıq. Axırıncı yerdə gedən rəqiblə də rahat oynaya bilmirsən. Bütün komandalar bir-birlərini büdrədə bilirlər. Bu baxımdan çempionat maraqlıdı. Amma maddi baxımdan götürsək, əlbəttə, əvvəlki məbləğlər yoxdu.

 

Zəki Talıblı:

 

- Sizə elə gəlmir ki, indiki azərbaycanlı futbolçuların qiyməti çox şişirdilir və onlar dəyərlərindən qat-qat artıq pullar qazanırlar?

- Futbol digər idman növlərindən məhz burda dövr edən pullara görə fərqlənir. Bu gün Azərbaycan çempionatında böyük məbləğdə məvacib alan 20 futbolçu saya bilmərəm. Qalanları normal maaş alırlar. Konkret olaraq, indiki mövsümü nəzərdə tuturam. Yüksək məvacib alan 15-20 futbolçu isə millinin üzvləridi. Onların qiyməti üstündədi. Məncə, bu, normaldı.

 

Yaşar Vəlizadə:

 

- Futbolçu ikən bir çox məşqçilərlə çalışmısız. Ən çox kimdən görüb-götürmüsüz?

- Həqiqətən, çox məşqçilərlə çalışmışam. Düzü, özüm üçün qeydlər götürməmişəm. Elə məşqçi olub ki, onun iş prosesi xoşuma gəlməyib. Amma Naci Şensoyun, Qurban Qurbanovun məşq prosesini çox bəyənirdim. Ən xoşladığım məşqçilər bunlar olublar. “MKT-Araz”da qısa müddət birgə çalışdığım İqor Nakoneçnı da savadlı məşqçi idi.

 

Ağabala Məmmədov:

 

- Bəstəboy olmağınız futbolçu karyeranızda lehinizə işləyib, ya əleyhinizə?

- Lehimə də işləyib, əleyhimə də (gülür). Boyum balaca olsa da, yaxşı futbolçu olduğumu həmişə sübut etməliydim. Sürətli olmağım oyunlarda mənə üstünlük qazandırıb. Cinahda çıxış etmək mənə rahat idi. Amma onu da deyim ki, uşaq futbolunda son müdafiəçi mövqeyində oynamışam. 15 yaşlılardan ibarət millinin heyətində İspaniyaya turnirə getmişdik. Baş məşqçi Boris Tibilov dedi ki, boyun balacadı, son müdafiəçi kimi oynamaq çətin olar, sənin yerin cinahdı. İlk dəfə həmin turnirdə cinahda çıxış etdim. Ondan sonra həm yarımmüdafiə, həm də müdafiənin cinahında yer aldım. İkili mübarizələrə gəlincə, xatırlayıram, Gürcüstanda 21 yaşlılarla oynayırdıq. Səhv etmirəmsə, baş məşqçimiz Əsgər Abdullayev idi. 0:1 hesabı ilə məğlub olduq. Orda müdafiədə yer almışdım və hündürboy hücumçuya qarşı oynamalı olmuşdum. Matçdan öncə öz-özümə deyirdim ki, buna qarşı oynamaq mənə çətin olacaq. Amma oyunboyu hava mübarizələrində bir dəfə də olsun, ona uduzmadım. Matçdan sonra həmin vaxt Gürcüstan Futbol Federasiyasında çalışan sabiq müdafiəçi Aleksandr Çivadze paltardəyişmə otağına gəlib, məni təbrik etdi. Dedi ki, bu boyla ona uduzmamısansa, sənə halaldı (gülürük). Yəni balacaboy olmağımın üstün tərəfi də olub, mənfi tərəfi də. Amma heç vaxt buna görə öz-özümə gileylənməmişəm.

# 346
avatar

Tengiz Məmmədov

Oxşar yazılar