Ankarada Əflatun Nemətzadənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib
06 dekabr 2014 04:16 (UTC +04:00)

Ankarada Əflatun Nemətzadənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə, mərasimdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankaradakı diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərləri və sənətsevərlər  iştirak ediblər. Mərasim zamanı Türkiyə Respublikası parlamentinin sədri Cəmil Çiçək, Ankara şəhərinin qubernatoru Məhmət Qılınclar və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təbrik məktubları oxunub.

 

Rəsmi açılışda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Ankaradakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov və Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov  Əflatun Nemətzadənin zəngin həyat və yaradıcılığının əhəmiyyəti, əldə etdiyi nailiyyətlərə dair çıxış etmişdirlər. Həmçinin, Ə.Nemətzadənin rejissorluq sahəsində əldə etdiyi nailiyyətləri türk xalqlarının mədəni irisinin inkişafına və zənginləşməsinə böyük bir töhfə olduğu və onun həmişə dünya şöhrətli sənətkarların əsərlərinə müraciət etdiyi vurğulanıb. Çıxışlarda Ə.Nemətzadənin Azərbaycanda və Türkiyədəki fəal ictimai fəaliyyətindən də söz açılıb.

 

Tədbirin təşkilatçılarına və iştirakçılara dərin ehtiramını ifadə edən Ə.Nemətzadə  fəaliyyətinin yüksək qiymətləndirilməsini Heydər Əliyev  tərəfindən yaradıcı şəxslərin əməyinin yüksək qiymətləndirilməsi ilə bağlı Azərbaycanda yaradılan dövlətçilik ənənələrinin prezident İlham Əliyev tərəfindən davam etdirilməsinə bariz nümunə olduğunu diqqətə çatdırıb.

 

Mərasimdə türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri tərəfindən geniş konsert proqramı təşkil olunub, dahi bəstəkar Üzeyir Hacıbəyli və görkəmli qazax bəstəkar Mukan Tölebayevin əsərlərindən nümunələr yer tapıb. Tədbir zamanı türk dünyası qarşısında səmərəli fəaliyyətinə görə Əflatun Nemətzadəyə TÜRKSOY-un yubiley medalı təqdim olunub.

# 814
avatar

Oxşar yazılar