<b>Acından ölən sudanlı qız, onun ölməyini gözləyən qartal... - <span style="color:red;">“DÜNYANI SARSIDAN KADRLAR” </b>
13 may 2014 15:37 (UTC +04:00)

Acından ölən sudanlı qız, onun ölməyini gözləyən qartal... - “DÜNYANI SARSIDAN KADRLAR”

Çoxları elə hesab edir ki, fotoqraf yalnız öz sənətinin peşəkarı deyil, həm də yaxşı rəssam, incə psixoloq olmalıdır. Bu gün biz öz yaradıcılığı ilə dünyaya təsir edə bilmiş belə fotoqraflardan birindən danışacağıq...

 

Kevin Karter Cənubi Afrika Respublikasından idi, orda doğulub, orda boya-başa çatmışdı və elə orda da işləyirdi. İşindən razı idi. İnsan talelərinin lentə köçürdüyü anları hamının diqqətini çəkir, müxtəlif mətbu orqanlar tərəfindən məmnuniyyətlə alınırdı. Əgər desək ki, onun bütün ömrü təkərlər üstündə keçib, yanılmarıq...

 

1993-cü ildə Kevinin növbəti ezamiyyəti aclıqdan əziyyət çəkən Sudana oldu...

Həmin gün işin çoxluğundan əldən düşmüşdü. Kiçik kəndlərdə acından ölən zavallıların şəklini çəkmək həssas bir insanın götürəcəyi yük deyildi. Günəş qüruba doğru gedəndə, Kevin kəndin qırağında dəhşətli bir mənzərənin şahidinə çevrildi: çöllükdə, ölümünü gözləyən kiçik bir qızcığaz... Uşaq torpağın üstündə uzanıb, xırdaca əlləriylə quru ot-ələfi eşir, səssizcə hıçqırırdı. Qızcığazdan üç metr aralıda isə nəhəng bir qartal gəzişir, qaraladığı qurbanının canını tapşırmasını gözləyirdi.

Kevin Karter bu səhnəni elə o dəqiqə lentə aldı, hələ bir yarım saata yaxın da gözlədi ki, bəlkə qartal qanad çala, daha effektli bir kadr üçün şərait yarana... Amma qartalın tərpənmək fikri olmadığını görəndə, Kevin quşu qovaraq, ordan uzaqlaşdırdı və işini bitmiş bilib evə yollandı. Özünü evə tez çatdırıb, körpə qızını qucmaq istəyirdi.

O, yalnız evdə anladı ki, bir peşəkar kimi ən yaxşı fotosunu həmin gün çəkib...

 

Bu fotoya Amerikanın ən nüfuzlu jurnallarından biri yaxşı pul verdi. Can verən qızcığazın və onun ölümünü gözləyən qartalın şəkli Sudandakı misilsiz aclığın simvoluna çevrildi və bu foto indi də dünyanın ən məşhur fotoları sırasında öz yerini qoruyur. Kevin Karter bu işinə görə "Pulitser" mükafatı da aldı...

 

Amma... Bu hadisənin sonluğu heç də xoşbəxt olmadı. Şəkil dünyaya yayılan kimi, fotoqrafdan o qızın taleyini soruşmağa başladılar. İnsanlar maraqlanırdı ki, Kevin o qıza kömək edə bilmişdimi...

Sonra sonu görünməyən bu suallar qəzet səhifələrindən yağmağa başladı. Kevin isə bilmirdi ki, nə cavab versin... Axı həmin o məşum gün ətrafında dolaşan saysız ölümlərdən bezmiş, əldən düşmüş, qızı o çöllükdə tək qoyaraq, çıxıb getmişdi. Can üstə olan körpəyə heç bir kömək göstərmədən və kimsəyə demədən...

 

Onu aciz salan suallar qarşısında çaşqınlığı az çəkdi Kevinin. Və günlərin birində anladı ki, həmin o gün özünü peşəkar fotoqraf kimi tam tapsa da, bəsit bir insanlıq sınağından çıxa bilməyib...  Üç gün düşündü Kevin - bu yükü ömrü boyu çəkə bilib-bilməyəcəyini düşündü. Və əmin olanda ki, bu ağır yük onun çiyinləri üçün deyil, həyatıyla könüllü vidalaşdı...

 

*   *   *

Kevin Karterin həyat və ölüm tarixçəsi incəsənət adamlarına polemika mövzusu verdi. Bu tarixçə həm də əbədi bir suala cavab oldu: "Həyatla yaradıcılıq arasında sərhəd varmı və insanın real həyatını onun sənətdəki həyatından ayırmaq mümkündürmü?"

Kevin Karter öz əsərlərinə görə ən yüksək mükafatlar aldı. Amma eyni zamanda içindəki İnsanı itirdiyindən, ləkəli vicdanla yaşayıb, yarada bilmədi. Bu isə etiraf edək ki, yaradıcı insan üçün ən əsas şeydir. Axı yalnız təmiz vicdanlı insanlar rahat yaşayıb, rahat yarada bilirlər...

 

*   *   *

 

İndi Kevin Karter milyonlara adamın gözündə yenə İnsandı - kritik halda insanlığını göstərə bilmədiyindən, yaşamaq istəməyən və bu seçimiylə yenidən insanlaşan İnsan...

 

# 6090
avatar

İlqar Əlfi

Oxşar yazılar