<b>Bütün zamanların bəlkə də ən təsirli fotosu - <span style="color:red;">“DÜNYANI SARSIDAN KADRLAR” </b>
27 fevral 2014 13:27 (UTC +04:00)

Bütün zamanların bəlkə də ən təsirli fotosu - “DÜNYANI SARSIDAN KADRLAR”

("Kameranı unut, obyektivini də, başqa şeyləri də yaddan çıxar. İstənilən ən bəsit, lap 4 dollarlıq kamera ilə də dünyanın ən yaxşı şəklini çəkə bilərsən"

 

Alberto Korda)

 

Lui Jak Dager, Şarl Buton, Jozef Nisefor Nyeps ilk fotoşəkilləri ortaya çıxaranda, bilməzdilər ki, anı əbədiləşdirmək insanlara nə verəcək... Zaman keçdi, fotoqrafiya həyatımızın tərkib hissəsinə çevrildi. Bu gün fotoşəkilsiz həyat təsəvvür etmək qeyri-mümkündür - indi hər bir ailənin belə özünün foto-arxivi var. Amma dünyada elə fotolar da olub ki, bütöv bir nəslin həyatını dəyişib. Elə Lent.az-ın "Dünyanı sarsıdan fotolar" layihəsində də sizlərə məhz belə nümunələr təqdim olunacaq.

 

 

 

Bu fotoya diqqətlə baxın! Bütün zamanların bəlkə də ən təsirli fotosudur bu. Hələ doğulmamış körpə əlini anasının bətnindən çıxararaq, həkimin barmağından bərk-bərk yapışıb. Yaşamaq istəyir... və bəlkə də indi, özünün hələ tam aydınlaşmamış zəkasıyla həyatdan tutduğunu güman edir. İndi həyatla onun bağlantısı yalnız bu cərrahın barmağıdır...

Daha bir dəhşətli məqam: bu körpə 21 həftəlikdir, deməli qanunla onun abortuna icazə verilir.

Bundan sonra gəl, abortun insan öldürmək olduğunu söyləyənlərlə razılaşma.

Bu fotoşəkil 2-3 il qabaq Amerika klinikalarından birindəki cərrahiyyə əməliyyatı zamanı çəkilib.

Şəklə baxarkən insanın ilk reaksiyası birmənalı deyil. Bəziləri bu fotoşəklin yayılmasına indi belə etiraz edərlər. Amma bəşəriyyətin törətdiyi saysız cinayətlərin sırasına daha birinin də yazıldığını tez-tez yada salmaqda fayda var. Amerikada məhz bu foto yayılandan sonra, abort məsələsinə münasibət köklü dəyişdi.

İndi Amerikanın bir çox ştatlarında abortlara məhdudiyyətlər tətbiq edən qanunlar qəbul olunub.  Məsələn Texasda abort qadağandır, Arkanzasda bu əməliyyatın keçirilməsi dölün 12 həftəliyinə, Şimali Dakotada 6 həftəliyinə, bir çox ştatlarda isə 20 həftəliyinədək qanuni sayılır.

Abortla mübarizə baxımından Texas ştatını çıxmaq şərtilə, daha qabaqcıl olan Şimali Dakotanın qanunvericiləri 2014-cü ildə ştatın konstitusiyasına daha bir düzəlişi referenduma çıxaracaq. Bu düzəliş dölün mayalanma anından canlı sayıldığı barədədir. Əgər düzəliş referendumda qəbul edilsə, abort hamiləliyin bütün müddəti ərzində yasaqlanacaq.

Azərbaycanda da son zamanlar selektiv abort problemi gündəmdədir. Övladının yaşayıb-yaşamayacağına onun cinsindən asılı olaraq, qərar verən valideynlər getdikcə artır. Bu proses abortlara ciddi məhdudiyyətlər qoyulmasına, hətta hamiləliyin yarımçıq kəsilməsinin tam qadağan olunmasına da aparıb çıxara bilər.

 

Odur ki, qərar verərkən bu fotoya bir də diqqətlə baxın. Bütün zamanların bəlkə də ən təsirli fotosudur bu. Hələ doğulmamış körpə əlini anasının bətnindən çıxararaq, həkimin barmağından bərk-bərk yapışıb.

 

...Yaşamaq istəyir və bəlkə də indi özünün hələ tam aydınlaşmamış zəkasıyla həyatdan tutduğunu güman edir. İndi həyatla onun bağlantısı yalnız bu cərrahın barmağıdır...

# 4032
avatar

İlqar Əlfi

Oxşar yazılar