Könüllü əsgər
19 avqust 2013 10:34 (UTC +04:00)

Könüllü əsgər

Millət vəkil kimi 8 illik fəaliyyətim dövründə ən ilginc məktublardan birini almışam…

İlk seçki kompaniyasına başlayanda seçicilərə “mənə hər bir məsələ ilə bağlı müraciət edə bilərsiniz, amma iki məsələ ilə bağlı müraciət etsəniz, həmin dəqiqə mənfi cavab alacaqsınız: birincisi, “kömək edin, övladım hərbi xidmətə getməsin və ya kömək edin filan bölgəyə, filan xidmətə, filan hərbi hissəyə düşsün”, ikincisi, “uşağım (qardaşım, bacım, nəvəm, qohumum) imtahandan kəsilib onu tapşırın və ya tapşırın ona qiymət yazsınlar”...

 

Ötən illər ərzində, təəssüflər ki, bu kimi “xahiş”lər də eşitdim. Və mənfi cavab verdim. Bütün bunların fonunda Gəncə sakini Günel Məmmədovanın xahişi məni o qədər məmnun etdi ki, onu paylaşmaq istədim, örnək olsun deyə…

 

 “Salam. Qənirə xanım, mən qarşılaşdığım bir problemi sizə yazıb bildirmək istəyirəm. Mən, Gəncə şəhərində yaşayıram. 1981-ci ildə dünyaya gəlmişəm. 2 diplomum var. Hazırda Gəncə şəhərində orta məktəblərin birində işləyirəm. Eyni zamanda da mətbuatda çalışıram, jurnalistəm. Ancaq mənim ən böyük arzum hərbçi olmaq olub. Bu ay yaşadığım şəhərdə yerləşən hərbi hissəyə müraciət etdim. Daha sonra Müdafiə Nazirliyinin elektron ünvanına müraciət yazdım, lakin müsbət cavab ala bilmədim. Yaşım uyğun olmadığından məni Silahlı Qüvvələrə qəbul etmədilər.

Qənirə xanım, yaş amilinə görə arzum niyə gözümdə qalmalıdır? Axı bu hərbi işidir! Hərbi-vətənpərvərlik işidir! Mən niyə belə durumla qarşılaşdım?

Əziz Qənirə xanım, ümidvaram ki, mənim də problemimlə yaxından tanış olub, bu işlə məşğul olarsız. Qabaqcadan sizə minnətdarlığımı bildiririəm. Allah sizə kömək olsun.”

 Bu müraciəti Müdafiə naziri Səfər Əbiyevə göndərdim. İnanıram ki, belə bir məktub onun da indiyədək aldığı ən maraqlı məktublardan biri olacaq.  Amma mən gənc bir xanımın bu məktubunu gözəl bir örnək olduğu üçün paylaşdım.

Günelə isə təbrik və təşəkkür edirəm. Çünki rəsmi olmasa da, artıq mənən (mənəvi baxımdan) Azərbaycan ordusunun əsgəridir. Könüllü əsgərlərin sayının çoxluğu isə Azərbaycan üçün çox önəmlidir!

# 1079
avatar

Qənirə Paşayeva

Oxşar yazılar