Sultan Süleymanın erməni aşpazı, qazan üsyanı, “Erdogan, tı kto takoy...”  -  REPORTAJ
21 iyun 2013 12:24 (UTC +04:00)

Sultan Süleymanın erməni aşpazı, qazan üsyanı, “Erdogan, tı kto takoy...” - REPORTAJ

Türkiyə milli komandası ilk rəsmi oyununu Gəzidə keçiribmiş

 

 

Gəzi parkı hadisələrindən xəbər tutanda Ankarada idim. ODTÜ yataqxanalarından qazan səsləri gəlirdi. Otağımın qapısı döyüldü. Oğlanı tanıdım. Küçədə məni görəndə salam verməyən bu türk tanış ancaq işi düşəndən-düşənə adamla danışırdı. İndi də qan - tər içində həyəcanla məndən qazan və qaşıq xahiş edən bu sırğalı oğlandan səbəbini soruşanda dedi ki, bəs Gəziyə dəstək oluruq. Qazan-qaşıqla uşaqları yığıb Qızılaya gedəcəyik, “dirəniş” var. Sağ olsun, bir aydan çoxdur yumadığım qazan da, qaşıq da ağ günə və aksiyaya çıxdı. Mənim də qazanımın, qaşığımın dəstək olduğu bu aksiyalar Türkiyə və bütün dünya gündəminin başlıca maddəsinə çevrildi. Mayın sonu və iyunun ilk günlərində bütün xəbərlər bu sözlər ilə başlayırdı: ”Gəzi parkı....” Bəs, Türkiyədə hakim AK partiyaya qarşı təşkil olunmuş geniş etiraz aksiyalarının simvoluna çevrilən bu Gəzi haradadır? Niyə Gəzi? Bu sualların cavabları da ən azı qardaş ölkədə olan mitinqlər qədər maraqlıdır.

Gəzi Parkı İstanbulun Beyoğlu ilçəsində, məşhur Taksim meydanının şimal-şərqində yerləşir. Park Cümhuriyyət, Asker Ocağı və Mete küçələrinin arasındadır. Taksimin və Gəzi Parkının yerləşdiyi ərazinin, indi olmasın, əvvəllər Surp Agop adlı erməni qəbiristanlığı olduğu bildirilir. 16-cı əsrin ikinci yarısında geniş yayılmış vəba xəstəliyindən ölən ermənilər bu qəbiristanlıqda dəfn edilib. Gərək məni bağışlayasınız, amma sözün bu yerində jurnalist dostum Bəxtiyarın anlatdıqları yadıma düşür. Deyir ki, Şuşada azərbaycanlı kişilər ermənilər öləndə onların yasına yeyib-içməyə gedirmişlər. Yaxşıca vurandan sonra “sağlıq” da deyirmişlər bizimkilər: “Bir-bir yaranıb, min-min qırılasınız...” Hə, yəni ermənilərin bir-bir yaranıb min-min qırılan vaxtları imiş. Onları da bu qəbiristanlıqda basdırırmışlar. Müxtəlif tarixi mənbələrin verdiyi məlumata əsasən, Qanuni Sultan Süleymanın aşpazı erməni Manuk Karaseferyan hökmdarın həyatını ölümdən xilas etdiyi üçün Sultan tərəfindən mükafatlandırılır. Türk Sultanı erməni aşpazının xahişini yerinə yetirir və həmin ərazini məzarlıq kimi ermənilərə hədiyyə edir. Əziz “Möhtəşəm yüz il” sevənlərin xətrinə dəyməsin, Vanlı Margos Natanyan 1929-cu ildə yazır ki, bu qəbiristanlıq Taksimdən Hərbiyyəyə qədər geniş ərazini əhatə edirdi. 1806-cı ildə məzarlığın yerində və ətraf bölgədə Xəlil Paşa Topçu Qışlası inşa edilir. 20-ci əsrin əvvəlində yaşanan “31 Mart” hadisələri zamanı Qışla şəriət idarə üsulunu müdafiə edən üsyançıların qərargahına çevrilir. Üsyan yatırılarkən top atəşlərinə məruz qalan Topçu Qışlası istifadəyə yararsız hala düşür. İndiki Taksim Gəzi Parkının yerində olan bu Qışla da stadiona çevrilir. Türkiyə milli komandasının ilk rəsmi futbol oyunu da elə bu stadionda keçirilir. Türk qardaşlarımızın Rumuniya ilə heç -heçəyə razılaşdığı oyun 1923-cü ildə baş tutur. Daha sonralar stadion da sökülür. Əvəzində burada İsmət İnönü tərəfindən məşhur Gəzi parkı tikdirilir. İndi də türk mətbuatında belə bir fikir dolaşır ki, Ərdoğanın İsmət İnönünün xəyaləti ilə mübarizəsi davam edir. Baş nazirin dindarların Qışlasının “intiqam”ını aldığı düşünənlər də var. Ah Gəzi parkı...

Hə, sonrasını da bilirsiniz. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın tarixi və bir o qədər də siyasi əhəmiyyətə malik olan, indi adı fransız telekanallarının dilindən düşməyən Gəzi parkının sökülməsi və Topçu Qışlasının inşa edilməsi ilə bağlı verdiyi qərar türk ictimaiyyətində birmənalı olaraq qarşılanmadı. Təbiətin qorunması üçün təşkil edilən kampaniya kütləvi etiraz aksiyalarına, minlərlə insanın qatıldığı mitinqlərə və nəhayət polis ilə qarşıdurmaya çevrildi. Məsələnin bu qədər böyüməsində sözsüz ki, AK partiyanın son dönəmlərdə tez-tez mübahisələrə səbəb olan içki “düzənləməsi” əhəmiyyətli rol oynadı. CHP-li millət vəkili Vəli Ağbabanın sözləri insanların bu məsələdə nə qədər qəzəbli olduğunu göstərməyə yetir: ”İçkiyə qadağa qoyanları Allaha tapşırıram...”. Hə, əslində polisin də əsəbləri tarıma çəkilmişdi. Mitinqlərin dağıdılması zamanı istifadə olunan təzyiqli su, bibər qazı və plastik güllələr nəticəsində Türk Təbiblər Birliyinin 7 iyun açıqlamasına əsasən, 43-ü ağır, 4177 insan yaralandı.

Bütün dünyanın dəqiqəbədəqiqə izlədiyi Gəzi parkı indi boşaldılıb. Sözsüz ki, Gəzi Türkiyənin siyasi, iqtisadi və ictimai həyatında dərin iz buraxacaq. Hadisələr zamanı Türkiyədə olmuş bir azərbaycanlı tələbə kimi deyə bilərəm ki, Gəzi müşahidələrim elə mənim də yadımdan çıxan deyil. Mitinqlərdə qaldırılmış “Erdogan, tı kto takoy davay dosvidaniya” plakatlarını, hadisələrin ən qızğın vaxtında Taksimdəki “Atatürk” heykəlinə çıxıb üzünü aksiya iştirakçılarına tutaraq “Ərdoğana uzanan əllər qırılsın” deyə bağıran azərbaycanlı tələbəni, aksiyalarda “Hər yer Taksim” şüarını “Hər yer Vasmoy” ilə susduran ODTÜ-lü dostumuzu unuda bilmərəm axı!  Gəzi, ah gəzi! Ya da Nazim demişkən: “Yaşamak bir ağaç gibi tek ve hür ve bir orman gibi kardeşçesine, bu hasret bizim...” 

       

# 3903
avatar

Mirbəhram Əzimbəyli

Oxşar yazılar