Amerikalı pilot abunəçilərə "Boeing 787" təyyarəsi ilə onlayn tur təşkil edib və stüardessaların yatması üçün gizli otağı göstərib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, video internet istifadəçilərini təəccübləndirib.
Görüntülərdə Stiv Giordano təyyarənin önünə qədər gedib və şkaf kimi kupeni çıxarıb. O, qapını açıb iki döşək və pərdə olan yataq otağına aparan pilləkəni göstərib. Otaqda qapının yanında kiçik bir oturacaq da var.
Giordano aydınlaşdırıb ki, pərdələr yuxu zamanı məxfilik üçün lazımdır: onların köməyi ilə stüardessa növbəti çarpayıda yatan ikinci ekipaj üzvündən özünü təcrid edə bilər. Pilot həmçinin qeyd edib ki, "Boeing 787"dəki otaqlar kifayət qədər dar, lakin rahatdır.
Şərhlərdə abunəçilər gizli otaqdan təəccübləniblər və onun varlığından xəbərsiz olduqlarını söyləyiblər. İstifadəçilərdən biri yataq yerlərinin rahatlığını qeyd edib, lakin tanımadığı bir insanla bu qədər yaxın yata biləcəyinə şübhə edib. Başqa bir istifadəçi zarafatla deyib ki, bunlar təyyarədə ən yaxşı birinci sinif oturacaqlardır.