Şəhid Əşrəf Məmmədli
13 yanvar 2021 15:00 (UTC +04:00)

Şəhid Əşrəf Məmmədli

Şəhidimiz əmisinin qisasını belə aldı - REPORTAJ

İsmayıllı rayonunun Maçaxı kəndində yaşayan Məmmədovlar ailəsinin iki oğlu – Əşrəf və Ziyalı sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib.

APA TV-nin məlumatına görə, torpaqlarımızın azadlığı uğrunda qızğın döyüşlər zamanı qardaşlardan biri, xüsusi təyinatlı gizir Əşrəf Məmmədli qəhrəmancasına şəhid olub.

Əşrəf ömrünün 21-ci baharını yaşayırdı. Onun ağlı kəsən vaxtdan bəri bir məqsədi var idi - Birinci Qarabağ Müharibəsində atasının yarımçıq qoyduğu işi tamamlamaq, şəhid olmuş əmisi Elyarın qisasını almaq. Elə bu səbəbdən 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə arzularını gerçəkləşdirmək və qarşısına qoyduğu məqsədə çatmaq böyük sevinclə qatılıb. Ailədə dörd qardaş, bir bacı olan Əşrəf və Ziyalı döyüşlərin ilk günlərindən cəbhənin müxtəlif ərazilərində düşmənə qarşı savaşıblar. Ziyalı Tərtər istiqamətində vuruşub, döyüşdə olduğunu ailəsindən, qohumlarından gizlədən Əşrəf isə işğal olunmuş bütün ərazilərimizdə xüsusi təyinatlı nişançı və kəşfiyyatçı kimi 90-dan çox düşməni məhv edib.

Hazırda Ziyalı cəbhə bölgəsində xidmətini davam etdirir, Əşrəf isə oktyabrın 13-də qızğın döyüşlər zamanı başından qəlpə yarası alaraq şəhid olub.

İgidlərin atası Elman Məmmədli fəxrlə deyir ki, bizim yarımçıq qoyduğumuz bu şərəfli işi övladlarımız tamamlayıb:"Mənim bir oğlum Əşrəf Məmmədli düşmənlə üz-üzə döyüşdə igidlik göstərərək şəhid olub. Digər oğlum Ziyalı cəbhə bölgəsində xidmətini davam etdirir. Mənim şəhid oğlum Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Mən oğullarımla fəxr edirəm”.

Bu gün bizlərə qələbə sevinci yaşadan cəsur oğulların anası Samirə Məmmədli də qürurunu gizlətmir: “Mənə təsəlli odur ki, işğal altında olan torpaqlar azad oldu. Qələbə bizimdir. Xidmətini davam etdirən oğlum Ziyalı mənimlə danışanda deyir ki, ana, sən başını dik tut, sən şəhid və əsgər anasısan”.

Dörd qardaşın bir bacısı Gülövşə Məmmədli də başını dik tutmağa çalışır: "Mən şəhid bacısıyam. Allah bütün əsgərləri qorusun. Qardaşım Əşrəf mənimlə tez-tez telefonla danışırdı. Hər dəfə eyni sözləri deyərdi. İnşallah, tezliklə işğal olunmuş əraziləri azad edəcəyik. Qardaşımın şəhid xəbəri gələndə onun mənə verdiyi qol saatı da dayanıb. Mən qardaşlarımı çox istəyirəm”.

Qeyd edək ki, kiçik gəzir Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Şahnəzər Bəşirov,

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Oxşar yazılar