Rəngi qaçan keçidlər: ölümün bir addımlığında -VİDEO
22 fevral 2021 12:32 (UTC +04:00)

Rəngi qaçan keçidlər: ölümün bir addımlığında -VİDEO

Keçdiyimiz yerdə piyada keçidi nişanı olmasına baxmayaraq, yolun hərəkət hissəsində ağ xəttin olmaması bu cür təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Piyada keçidləri əslində yol qəzalarının sayının azaldılmasına hesablansa da bəzən bunun əksini görürük. Xüsusilə sosial şəbəkələrdə tez-tez, piyada keçidlərində ağır qəzaların görüntüləri yayılır. Buna səbəb isə bir çox hallarda yerdə piyada zolağını bildirən ağ xətlərin silinməsidir. Sürücülər deyir ki, paytaxt küçələrinin əksəriyyətində bu halı müşahidə etmək mümkündür:

- Çox rast gəlirəm. Hal-hazırda burada yox, 28 may küçəsi istiqamətində 1 dənə var. Heç orda demək olar görsənmir. Birdən görürəm gələndə piyada keçididir. Baxırsan ki, rəngi silinib. Xəqani küçəsində var. Orada isə yol nişanı da qalıb ağacın arxasında.

- Heç ümumiyyətlə yoxdur, görünmür. Dairədən gələn maşınlar isə birbaşa gəlirlər. Yolu keçmək mümkün deyil. Həm işıqfor yoxdur, həm də ağ xətlər yoxdur. Nə burada, nə də aşağı tərəfdə yoxdur. Ağ xətt olsa heç olmasa, insanlar keçə bilər. İnsanlar çox əziyyət çəkir.

Sürücülər deyir ki, xüsusən axşam və gecə saatlarında, yağışlı hava şəraitində piyada keçidlərini görmək mümkün olmur. Yol nişanlarının aydın görünməməsi sürücülərin istəməyərəkdən qayda pozuntusuna yol verməsinə də səbəb olur:

- Məsələn mən gəlib dönmək istədikdə yol patrul xidmətinin əməkdaşı saxlayıb ki, orada nişan var. Mən də demişəm yoxdur axı, görünmür. Deyib o sənin şəxsi problemindir”.

- Bəzən qarşıda olan sürücü avtomobili saxlayır, qəza işığını yandırır. Bu zaman biz bilir ki, orada piyada keçidi var. Əks halda görmərik. Rəngləsələr daha yaxşı olardı. Həm biz üçün, həm də piyadalar üçün”.

Piyada zolaqlarının rənglənməsi məsələsinə aydınlıq gətirə bilmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev piyada zolaqlarının mütəmadi olaraq rəngləndiyini bildirdi. Lakin bu işdə vətəndaş müraciətləri də vacib rol oynayır: “Piyada keçidlərinin yenilənməsi davamlı bir prosesdir. Vətəndaş müraciətləri və əməkdaşlarımızın apardıqları monitorinqlər zamanı, zolaqların rənginin solması aşkar edilən ünvanlarda piyada keçidlərinin yenidən rənglənməsi təmin edilir. 2020-ci ildə 65 küçədə 146 eyni səviyyəli yeni piyada keçidi tərəfimizdən təşkil edilib. 274 küçədə isə eyni səviyyəli piyada keçidlərinin yenidən rənglənməsi təmin edilib. İlk dəfə olaraq Bakıda 2 piyada keçidinin xüsusi işıq cihazları ilə işıqlandırılması təmin edilmişdir ki, bu da keçidlərin daha uzaqdan görünə bilməsini təmin edir”.

Qeyd edək ki, sürücüləri haqlı olaraq narahat edən digər bir məsələ də, bəzi istiqamətlərdə yol hərəkəti nişanlarının önünü ağacların kəsməsidir. Ümid edirik ki, yaxın zamanlarda hər iki problem öz həllini tapacaq.

Xələf Xələfov,

Faiq Həsənov,

APA TV

Rəngi qaçan piyada keçidlərinin yaratdığı təhlükə

# 2391
avatar

Oxşar yazılar