Şəhid mayor Fərid Ələkbərov
07 may 2021 17:27 (UTC +04:00)

Şəhid mayor Fərid Ələkbərov

Qələbə günündə ailəyə verilən qara xəbər - “Ocaq əmanəti”

İlk tanışlıq

“Ocaq Əmanəti” komandası olaraq yenə bir şəhid ailəsinin ünvanına yollanırıq. O şəhid ki, doğmalarını geridə qoyaraq vətənin müdafiəsinə qatılıb. Mayor Fərid Ələkbərov... Vətən savaşında qəhrəmanlığı ilə yaddaşlara həkk olan zabitimiz.  Bütün ailə üzvlərinin, dostlarının yığışdığı bu mənzil indi onun xatirələrlə dolu olan bir məkanına çevrilib. Bəs bu qəhrəmanımız kimdir? Fərid Tahir oğlu Ələkbərov 18 iyul 1980-ci ildə Bakı şəhərində anadan olub. Tanrı onu bu dünyaya tək yox əkiz qardaşı Rüfətlə bir yerdə göndərib.

Şəhidin anası Şükufə xanım deyir ki, Fərid Rüfətdən 200 qram az doğulub: ”Əkiz olsalar da Rüfət ondan bir balaca hündür idi. Xasiyyətləri də fərqli idi. Fərid daha təmkinli, səliqəli və romantik idi. Hər şeyə fikir verən, diqqətcil biri idi”.

Qarşıya qoyulan məqsəd

Onlar əslən Nardarandan olsalar da, Fərid və qardaşı “Sovetski” deyilən ərazidə böyüyüblər. Fərid ibtidai təhsilini Nəsimi rayonundakı 18 saylı orta məktəbdə alsa da, daha sonra Səbail rayonunda yerləşən 190 saylı orta məktəbdə davam etdirib.

Məktəbdə oxuyarkən idmanla, xüsusilə şahmatla maraqlanıb. Burada məktəbi 7-ci sinfə qədər oxuduqdan sonra təhsilini ali səviyyəyə çatdırmaq üçün başqa bir ölkəyə üz tutub.

O artıq böyüdükcə düşmənə kin, nifrət bəsləyirdi. 20 yanvar hadisəsindən sonra Şəhidlər Xiyabanının daimi ziyarətçilərindən biri də Fərid olub. Ailəsinin ona verdiyi cib xərcliyinə hər zaman qərənfil güllər alaraq şəhidlərimizin məzarına gedib, onların xatirəsini yad edib. Və daha sonra 1992-ci ildə Xocalı faciəsinin baş verməsi ondakı qisas hissini daha da gücləndirib. Torpaqlarımızın azadlığı və şəhidlərimizin qisasını almaq üçün hərb peşəsini seçib. Elə bu məqsədlə 1996-cı ildə Türkiyənin İstanbul şəhərindəki Kuleli Hərbi Liseyini, 2000-2004-cü illərdə Ankaradakı Kara Harp okulunu, daha sonra Eğindik şəhərindəki Dağ Komando okulunu, 2004-2005-ci illərdə Ankaranın Polatlı qəsəbəsindəki Topçu məktəbində hərbi təhsilini uğurla başa vurub.

Kursant yoldaşı Polkovnik leytenant Mikayıl Məmmədov həmin günləri belə xatırlayır: ”Biz oxuduğumuz dövrdə Türkiyənin indiki Müdafiə Naziri Hulisi Akar məktəbimizin rəisi idi. Biz onun başçılığı altında təhsil alırdıq. Hulisi Akar müxtəlif vaxtlarda biz azərbaycanlı tələbələrlə mütəmadi söhbətlər apararaq hansısa bir çətinliyimizin, problemlərimizin olub-olmamağını soruşardı. Fərid isə hər zaman ona belə cavab verərdi ki, bizim ən böyük çətinliyimiz Qarabağımızın işğal altında olmağıdır. Hulisi Akar da ona, səndən də elə bu cavabı gözləyirdim dedi”.

Vətənə zabit kimi qayıdış

Peşəkar hərbiçi kimi vətənə qayıdan Fərid Ələkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbdə artilleriya ixtisası üzrə məktəbin gənc kursantlarına dərs deməyə başlayıb. Ordumuza peşəkar zabitlər yetişdirən mayor bilirdi ki, nə olursa-olsun bir gün öz tələbələri ilə birgə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə silah yoldaşı olacaq.

Onun haqqında xatirələrindən danışan polkovnik leytenant Aydın Osmanov deyir ki, Fərid haqqında nə qədər danışsaq, xoş sözlər desək azdır. Fəridi tanıyanlar, dostları, iş yoldaşları, döyüşçü yoldaşları onun gözəl komandir, yaxşı insan olduğunu təsdiqləyirlər.

Elə bun anda Fəridi yada salan digər polkovnik leytenant Fərid Əliyev söhbətə qoşulur: “ Fərid iş prosesində çox nizam-intizamlı, davranışlarına diqqət edən savadlı bir zabit idi. Bəzən biz öz dərslərimizdən yorulanda Fəridin sinif otağına gedib, onun kursantlara keçdiyi dərslərə qulaq asıb, rahatlıq tapırdıq”.

Yarımçıq qalan evliliyi

Ömrünü hərbiyə həsr edən zabitimiz 2013-cü ildə ailə həyatı qurub. Bu evlilikdən 2016-cı ildə Tahir adlı oğlu dünyaya gəlib. 2016-cı il onun yaddaşında həm kədərli, həm də sevincli gün kimi qalıb. O bu ildə həm atasını itirib, həm də illər sonra dünyaya gələn oğlunu qucağına alıb. Atası ilə uzun illəri bir yerdə yaşamaq balaca Tahirə qismət olmadı. İndi bu evdə 5 yaşlı Tahir hər kəsə “atam haradadır?” sualını ünvanlayır.

Doğmaları Tahirin bu sualı qarşısında aciz qalsa da, onun istəklərini yerinə yetirməklə ata həsrətinə az da olsa kömək olmağa çalışırlar.

Müharibəyə qatılmağı

Səbirlə “irəli” əmrini gözləyən hərbiçilərimizdən olan Fərid Ələkbərov 27 sentyabrda əzizləri ilə görüşüb, sağollaşıb. Şəhidin anası Şükufə xanım deyir ki, hər zaman ziyarətimə mülki formada gələrdi. Bu dəfə isə hərbi formasını geyinib gəlmişdi. Müharibə olacağı barədə bizə bir söz demədi, amma təlimlərin başlayacağını dedi. Sentyabrın 28-də yola düşən Fərid Ələkbərov Gəncədə yaradılan könüllülərdən ibarət dəstəyə minbat vəzifəsində komandirlik edib. Onları döyüş vəziyyətinə hazırlamaq üçün günlərlə təlimlər keçib, minaatanların atış qaydalarını döyüşçülərə öyrədib. Sonda isə Fizuliyə gələrək təlimləri çöl, dağ, düzənlik ərazilərdə davam etdirib.

Şəhidliyi

Vətən müharibəsi başlayan gündən 30 ilə yaxın səbirsizliklə gözlədiyimiz Qarabağımıza artıq günlər qədər yaxınlaşırdıq. Hər rayonun, kəndin azadlığı bizi zirvələrdə dayanan Şuşaya aparırdı. Noyabrın 8-i bütün insanların qulağı illərdir gözlədiyi xəbəri eşitmək istəyirdi. Və elədə oldu. Millət olaraq Şuşanın azad edildiyini eşitdik. Bu şad xəbər bütün ölkənin bayram sevincinə, insanların göz yaşlarına səbəb oldu. Hər birimiz yaxşı bilirdik ki, düşmən bu məğlubiyyətlə barışmayacaq və yenidən Şuşaya hücum edəcək. Bu baxımdan Şuşada möhkəmlənən bölmələrimiz Xankəndi yüksəklikləri istiqamətində irəliləyən düşmən hücumlarının qarşısını almağa müvəffəq olur. Fərid Ələkbərov ixtisasca artilleriyaçı olsa da, həmin gün düşmənlə üz-üzə mövqedə döyüş aparıb. Həmin hadisəni 35 gün erməni əsirliyində olan və sonuncu dəfə mayor Ələkbərovu görən Mobil Əhmədzadə belə xatırlayır: “Düşmən Xankəndi istiqamətində həyəcan təbili verdi. Bu zaman Xankəndi yüksəkliklərində və Xankəndinin özündə siqnal səslərini eşidirdik, eyni zamanda düşmən üzərinə irəliləyirdik. Düşmən Xankəndidə yerləşən hərbi hissədən texnikalarını döyüş meydanına çıxardaraq üzərimizə hücuma keçdi. Orada açıq mövqedə üz-üzə ağır döyüş apardıq. Mayor Fərid Ələkbərovla özümüzə mövqe qurduq və mənə dedi ki, Mobil, sən, şəxsi heyətdən 15 nəfəri digər istiqamətə keçir, düşmən bizi mühasirəyə alacaq. Bu zaman arxadan düşmən tankının gəldiyini gördük. Onların diqqətini yayındırmaq üçün düz bir yolun üstünə keçib onlara açıq hədəf verdik. Düşmən tankını məhv etmək üçün qumbaraatandan istifadə edərkən düşmən tankdan atəş açdı. Mərmi bizim olduğumuz əraziyə düşdü və qəlpələri Mayor Fərid Ələkbərovu şəhid məni isə qazi etdi”.

Qələbə günündə ailəyə verilən qara xəbər

8 noyabr tarixi kədər və qürurun yanaşı getdiyi gündür Ələkbərovlar ailəsində. Fəridin doğmalarına onun şəhid olduğu deyilsə də, rəsmi olaraq verilməyən hər bir məlumat onlarda ümid yaradıb. Fərid günlərlə hər yerdə axtarılsa da nəşinin tapılmamağı ailəsində düşmənə əsir düşdüyü və ya itkin olduğu barədə şübhələr yaradıb. Əzizləri Fəridin sağ geri qayıdacağına inansalar da, noyabrın 14-i Fərid Ələkbərovun nəşi döyüş ərazisindən çıxarılaraq ailəsinə təhvil verilir. Mayor Bakıya gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Əşyaları xatirəyə çevrilən şəhid

Fəridin hər gün səhər gözlərini açdığı, bəzən duyğulandığı, bəzən isə kədərləndiyi otağında şəxsi əşyaları saxlanılır. Bütün əşyaları otağında yaradılan guşədə öz əksini tapıb. Hərbi geyimlərindən tutmuş, şəhid olduğu gün cibindən çıxan pullarına qədər hər biri dəyərli, qiymətlidir. Yaz gəlsə də, bu ev bir başqa soyuqdur. Divarlarının dili olsaydı, bəlkə də Fəridin ən xoşbəxt xatirələrini danışardı. Amma bu divarlar və otaqdakı hər bir əşya Fəridin qəhrəmanlıq hekayələrindən danışır.

Ordumuzun mayoru, dövlətimizin qüruru Fərid Ələkbərovun evində olarkən adına yaradılan guşənin üzərində yazılan yazı diqqətimizi çox çəkmişdi. “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün”. Bəli, bu gün biz yurdumuzun əmin-amanlığını məhz həmin şəhidlərimizə borcluyuq. Onların əziyyətini qiymətləndirmək isə bizim ən ümdə borcumuzdur.

Nuranə Namazova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4719
avatar

Oxşar yazılar