Dünyanın müxtəlif şəhərlərində evini satmayıb, sahibkarların milyonlarını rədd edən insanlar var. Onların kiçik evləri ticarət mərkəzlərinin, göydələnlərin qüsursuz görünüşünə mane olur.
Lent.az milyonları rədd edən, dünyanın inadçı sakinlərini təqdim edir:
Ticarət mərkəzinə inad
Vaşinqtonda tikilməsi planlaşdırılan ticarət mərkəzinin ərazisində yerləşən bir çox ev pul qarşılığında satın alındı. Amma 84 yaşlı xanım Edit bir milyon qarşılığında evini sahibkara satmaqdan imtina etdi. Buna görə də ticarət mərkəzi inadçı Editin evinin ətrafında tikildi. Medyada geniş yayılan bu hadisədən sonra ev sahibi "şəhər qəhrəmanı" elan edildi. Xanım Editin bu inadı “Yuxarı bax” animasiya filminin yaranmasına səbəb oldu. 2008-ci ildə vəfat edən ev sahibinin mənzili hələ də ticarət mərkəzinin ətrafında yer alır.
Yarımçıq ev
İnşaat şirkəti Kanadanın Toronto şəhərində bina tikmək istəyir. Məhəllə sakinləri evlərinin satmağa razı oldu. Amma şirkət evi orta sırada yerləşən şəxsi razı sala bilmir. Mühəndislər evin sağ tərəfində yerləşən binanı sökərək, inadçı ev sahibinin mənzilinə toxunmadan tikinti işlərini davam etdirdi. Nəticədə yarımçıq ev Kanadada məşhur mənzillərdən biri oldu.
Hava limanı tarlası
Yaponiyada şəhərlərin birində hava limanı tikilməli idi. Bunun üçün ətrafdakı tarlalar nəzərə alınmamışdı. 3-cü uçuş xəttinin keçəcəyi yerdə yerləşən tarla sahibləri təklif olunan bütün məbləğlərdən imtina etdilər. Nəticədə, hava limanı tarlası yarandı. Gün ərzində tarlanın üzərində yüzdən çox təyyarə uçur.
Mayamidəki inadçı
İnadçı ev sahibi Mayaminin mərkəzində, göydələnlərin əhatəsində yaşayır. Ona təklif olunan yüksək məbləğdən imtina edib. Evin ona ata-babalarından miras qaldığını, mənəvi dəyəri olduğunu deyir.
Tək evlər
Çində bu cür evlərə tez-tez rast gəlinir. İnşaat şirkətlərinin təklif etdiyi məbləğin az olduğunu düşünən ev sahibləri etiraz edirlər. Şirkət sahibləri çox vaxt onların evinin işığını, suyunu kəsib, razı salmağa çalışırlar. Bəzən qalib gəlsələr də, çox vaxt videoda göründüyü kimi tək evlər meydana çıxır.