Bura Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən şəhid Sübhi Əhmədağa oğlu Mahmudovun adını daşıyan tam orta məktəbdir.
İstismar müddətini başa vurmuş məktəb binasının təməli 1967-ci ildə qoyulub. Tikintisi 2 il davam edən tədris ocağı 1969-cu ildə istifadəyə verilib. Məktəbin binası iki korpusdan və bir yardımçı binadan ibarətdir. Yarım əsirdən çox yaşı olan məktəb indiyə kimi əsaslı təmir olunmadığından tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.
Sakinlər bildirir ki, yağış yağan vaxt şagirdlər, qəribə də olsa sinif otaqlarında çətirlə oturmalı olurlar. Çünki dam örtüyü elə bir vəziyyətdədir ki, yağış suyu birbaşa sinif otağına tökülür. Pəncərələrə şüşə əvəzinə karton vurulur. Döşəmə o qədər çürüyüb ki, dəhliz və sinif otaqlarına 3 qat taxta döşənib.
Sakinlər deyir ki, məktəbdə uşaqdan çox çöl göyərçinləri var. Yay və yaz aylarında sinif otaqlarında gürzə ilanları, siçovullar və digər həşəratlar gəzir. Bu da uşaqların həyatı üçün ciddi təhlükədir.
Deyilənlərin həqiqəti nə qədər əks etdirdiyini öyrənmək üçün məktəb daxilində çəkiliş etmək istəsək də məktəb direktoru çəkilişə icazə vermədi.
Məsələyə münasibət bildirən Kürdəmir Rayon Təhsil sektorunun müdiri Rəfail Məmmədov şifahi olaraq bildirdi ki, məsələdən xəbərdardırlar. O bildirib ki, məktəbin tikintisi prioritet məsələ kimi Təhsil Nazirliyinin gündəmdədir.
Qeyd edək ki, 12 tədris otağı olan təhsil ocağında 300-ə yaxın şagird təhsil alır.