Bakıda dünyanın ən aktiv palçıq vulkanı püskürdü - VİDEO  - YENİLƏNİB
11 avqust 2022 12:16 (UTC +04:00)

Bakıda dünyanın ən aktiv palçıq vulkanı püskürdü - VİDEO - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda vulkan püskürməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a daxil olan məlumatda qeyd olunur:

"Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir”.

Qeyd edək ki,  Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanlarından biridir.  1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb".

***

saat 11:20

Bakıda palçıq vulkanı püskürüb.

Lent.az xəbər verir ki, vulkan püskürməsi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, müvafiq qurumun əməkdaşları hazırda hadisə yerindədir: "Bu barədə ətraflı məlumat veriləcək". 

AMEA-dan Lent.az-a verilən məlumata görə, bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib:

"Geologiya və Geofizika İnstitutundan aldığımız məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunmayıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Məlumat üçün bildiririk ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib".

# 6693
avatar

Fidan İlqar

Oxşar yazılar