"Küsüb getdin", "Nə vaxta qaldı", "Pıçıldaşın ləpələr..."
Məmməd Arazın "Azərbaycan musiqisinin ağ çiçəyi" adlandırdığı xanəndənin bu mahnıları kimini uşaqlığına, kimini isə cavanlıqdakı günlərinə aparır. Bununla belə, mədəniyyətimizin bu parlaq nümunələrinin müəllifini yeni nəslin bir qismi daha az yada salır. Söhbət xanəndə, Azərbaycan SSR xalq artisti Sara Qədimovadan gedir.
Lent.az -ın “Unudulan sənətkarlar” rubrikasında bu dəfə sizə müğənni Sara Qədimovadan danışacağıq.
Üzeyir Hacıbəyovun Azərbaycan musiqisindəki bənzərsiz kəşfi
Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindən olan Sara Qədimova əvvəlcə həkim olmağı planlaşdırıb. O, Tibb İnstitutunda təhsil alıb, hətta üçüncü kursadək oxuyub. Lakin musiqiyə olan böyük sevgisi onun həyatını tamamilə dəyişib və gələcəyini səhnə ilə bağlayıb. Gənc yaşlarında "Qatar" muğamını və xalq mahnılarını ifa edən Sara Qədimovanın səsi Üzeyir Hacıbəyovun diqqətini çəkir. Dahi bəstəkar onun musiqi təhsili almasına dəstək göstərir və Hüseynqulu Sarabskinin sinfində oxumasına kömək edir. O, səhnə fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. Müğənninin qısa müddətdə istedadı və bənzərsiz səsi dinləyicilərin rəğbətini qazanıb.
Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinskidən qalan muğam sevgisi
O, muğamın ən gözəl ifaçılarından biri kimi tarixə düşüb, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib" kimi operalarda yaratdığı obrazlarla Azərbaycan musiqi mədəniyyətinə silinməz iz qoyub. Xüsusilə, müğənninin ifasında "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları Azərbaycan mədəniyyətinin dəyərli nümunələri hesab edilir. Sara Qədimova Şərqdə muğam dəstgahlarını tam şəkildə ifa edən ilk qadın xanəndələrdən biri hesab olunur. Onun muğama sevgisi uşaqlıqdan yaranıb. Atası onu Qarabağda keçirilən muğam məclislərinə aparıb. Sara Qədimova burada Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinski kimi sənətkarların ifalarını dinləyib.
Pəhləvinin Sara Qədimova sevgisi
Onun muğam və xalq mahnıları İran azərbaycanlıları arasında xüsusilə populyar idi. Konsertlərinə minlərlə insan toplaşırdı. Deyilənlərə görə, İranın son şahı Məhəmməd Rza Pəhləvi də onun səsinin vurğunu olub və yaradıcılığına xüsusi rəğbət bəsləyirmiş. İranda qazandığı böyük uğurdan sonra Sara Qədimovaya həmin ölkədə qalması təklif olunmuşdu. Lakin sənətkar bu təklifi qəbul etməmiş, doğma vətəninə qayıtmağa üstünlük vermişdi.
Erkən valideyn itkisi, 8 illi ailə həyatı
S.Qədimova uşaqlıq illərində valideynlərini itirib. Anası erkən vəfat edib, iki il sonra isə atasını da itirib. Buna baxmayaraq, çətin həyat şəraiti onun sənət yolundan dönməsinə mane olmayıb. Şəxsi həyatı da hər zaman maraq doğurub. O, özündən 24 yaş böyük Qədir İslamzadə ilə ailə qurub. Bu nikahdan tanınmış müğənni Akif İslamzadə dünyaya gəlib. Lakin bu evlilik uzu sürməyib və 8 il sonra ayrılıblar. Akif İslamzadə açıqlamalarının birində qeyd edir ki, anası və özü əvvəldən belə razılığa gəliblər ki, şəxsi həyatları haqqında heç bir mətbu orqana danışmasınlar.
Moskvadan gələn dəstək
1964-cü ildə Sara Qədimova ciddi yol-nəqliyyat hadisəsi ilə üzləşmişdi. Həmin vaxt SSRİ-nin ilk qadın kosmonavtı Valentina Tereşkova onun müalicəsinə dəstək göstərərək tanınmış travmatoloqun Moskvadan Bakıya göndərilməsinə kömək etmişdi.
Yük maşını ilə İrəvandan Azərbaycana
1969-cu ildə İrəvanda qastrol səfərində olarkən yaranan gərgin vəziyyət səbəbindən Sara Qədimova və Canəli Əkbərov təhlükəsizlik məqsədilə ərazidən yük maşını ilə çıxarılmışdılar.
2 aylıq yataq xəstəliyindən ölümə
Sara Qədimova 12 may 2005-ci ildə, 82 yaşında Bakıda vəfat edib. O, uzun müddət səhhətində yaranan problemlərlə mübarizə aparırdı. Vəfatından təxminən iki ay əvvəl, 14 mart 2005-ci ildə işemik insult keçirmişdi və məhz həmin xəstəlikdən sonra vəziyyəti ağırlaşmışdı.