Kolxozçu, nazirlik sözçüsü, ABŞ vətəndaşı -  UNUDULAN MƏTBUAT KATİBLƏRİ
28 yanvar 2022 18:02 (UTC +04:00)

Kolxozçu, nazirlik sözçüsü, ABŞ vətəndaşı - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün ləğv edilmiş Nəqliyyat Nazirliyinin sabiq mətbuat katibi Namiq Həsənovdan bəhs edəcəyik. 

Həsənov  Namiq Əhməd oğlu 4 iyun 1969-cu ildə Ucar rayonunun Xələc kəndində doğulub. 

1976-1986-cı illərdə orta təhsil alıb. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun  aspiranturasında təhsil alıb. 

O, universitetə daxil olmazdan əvvəl  “Sovet Azərbaycanı” kolxozunda fəhlə işləyib. Namiq Həsənov 1996-1997-ci illərdə isə AMEA-nın İqtisadiyyat İnstitutunda elmi işçi, “7 Gün” qəzetində  İqtisadiyyat şöbəsinin müdiri  və redaktoru vəzifələrində çalışıb. 

Sabiq mətbuat katibi Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, 2000-2003-cü illərdə “Lider” televiziyasında redaktoru və ”167-ci saat” analitik proqramının müəllifi və aparıcısı vəzifələrini də icra edib.  

2003-cü ildə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2018-ci ildə isə Nəqliyyat Nazirliyi ləğv edildiyindən, o da vəzifəsindən azad olunub. 

Daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində iqtisadçı,  Azərbaycan Televiziyasında İctimai-siyasi proqramlar studiyasında baş redaktor müavini, Sosial media və ictimaiyyətlə əlaqələr  şöbəsinin rəis müavini, “Xəbərlər” studiyasının prodüsseri vəzifələrində çalışıb. 

Müxtəlif illərdə Bakının Yasamal rayonunda 53 nömrəli orta məktəbdə və Sabunçu rayonundakı 192 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətlə də məşğul olub. 

Namiq Həsənovun mətbuat katibi olduğu dövrdə yaratdığı n-xeber.com saytının keçmiş nazir Ziya Məmmədov tərəfindən maliyyələşdiyi haqda mətbuatda bir sıra yazılar dərc olunub. Buna səbəb Ziya Məmmədovla Namiq Həsənovun yerli olmasını və keçmişə dayanan yaxın münasibətlərini göstərirdilər. Qeyd edək ki, hazırda həmin sayt fəaliyyət göstərmir. 

Həsənov 2002-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən “Azərbaycanın fəxri gənci” qızıl döş nişanı ilə təltif edilib. Media sahəsindəki fəaliyyəti ilə bağlı  Həsən bəy Zərdabi və “Qızıl Buta” mükafatı laureatı adına  layiq görülüb, “İlin ən ciddi ictimai-siyasi verilişi” nominasiyasının qalibi olub. Müxtəlif qəzetlər və saytlarda 350-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var. ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşıdır. Hazırda AzTV-nin Teleradio Akademiyasında çalışır. Ailəlidir,  bir oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31872
avatar

Aytəkin Cəlali

Oxşar yazılar