Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.
Layihəmizdə bu dəfə Baş nazirin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdan bəhs edəcəyik.
Hacıbala Abutalıbov 1944-cü il mayın 13 də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Əslən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundandır.
1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olub, Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya kimi dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
1995-ci ilin fevralından 2000-ci ilin yanvarınadək Azərbaycan Prezidentinin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.
2000-ci ilin yanvarından 2001-ci ilin yanvarına qədər Azərbaycan baş nazirinin müavini vəzifəsində çalışıb.
2001-ci ilin yanvarından Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
21 aprel 2018-ci ildə baş nazirin müavini təyin olunub. 2019-cu ildə isə tutduğu vəzifədən azad olunub.
Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov Bakıdan köçüb və hazırda Qax rayonunun İlisu kəndindədir. Abutalıbov hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır. 4000 manat təqaüd alır. Ailəlidir, iki oğlu var. Həyat yoldaşı xərçəng xəstəsi olduğuna görə, hazırda Almaniyada müalicə alır.