Firudin Cəlilov
24 yanvar 2022 20:15 (UTC +04:00)

Firudin Cəlilov

43-dən biri, 20 kitab müəllifi - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq Təhsil naziri Firudin Cəlilovdan bəhs edəcəyik.

Firudin Ağası oğlu Cəlilov 6 may 1947-ci ildə Vedibasarda doğulub. Orta məktəbi Bakıda bitirən Cəlilov daha sonra BDU-nun Filologiya fakültəsinə daxil olub. Daha sonra həmin fakültədə laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb.
F.Cəlilov 1990-da millət vəkili seçilib, Milli Məclisdə Elm, təhsil və mədəniyyət komissiyasının sədri olub. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış “Təhsil qanunu” (1993) parlamentdə qəbul olunub.

Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRİ-nin tərkibindən çıxmasına səs verən 43 deputatdan da biri idi.

O, 18 may 1992-ci ildə baş nazir müavini, bir il sonra isə Ali və Orta İxtisas Təhsil naziri təyin edilib. 1993-cü ildə həmin nazirlik ləğv edildiyi üçün o da vəzifədən azad edilib.

Türkoloq, filologiya elmləri doktoru, professor F.Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20-dən çox kitab yazıb. Əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunub.

Türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü sonra fəxri üzvü seçilib. O, təhsil sahəsində apardığı islahatlara görə akademik Yusif Məmmədəliyev adına mükafat alıb.

Firudin Cəlilov Vurğun Əyyubla birlikdə test üsulunu Azərbaycana gətirənlərdən biri idi. O, bu barədə xatirələrində deyirdi:

“1991-ci ildən parlamentdə komissiya sədri təyin edildim. Təhsil haqqında qanun layihəsini hazırlamağa başladıq. Bu müddətdə Vurğun bizə yaxından kömək edirdi. Mən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını(TQDK) yaratdım. o zaman baş nazirin müavini idim. Elçibəyin razılığı ilə Vurğun oranın ilk sədri təyin edildi. O, TQDK-nın sədri kimi fəaliyyətini çox məsuliyyətlə yerinə yetirdi”.

Şagirdlərin saç düzümünə, geyiminə olan qadağalara münasibət bildirən sabiq nazir qeyd edib ki, bu şeylər insanların şəxsi işidi və pedaqoji müstəviyə daşımaq lazım deyil:

 “İnsanlara sərbəstlik vermək lazımdır. Tələbə necə geyinir, saç düzümünü necə edir, şəxsi işidir. 17 və 18 artıq formalaşmış yaşdır. Bu baxımdan insanların şəxsi azadlığına müdaxilə etmək düzgün deyil. Digər inkişaf etmiş və mədəni ölkələrdə vəziyyət necədirsə, bizdə də elə olmalıdır. İnsanlar dünyanın bütün ölkələri ilə əlaqə saxlaya bilir, filmlər izləyir və kitablar oxuyurlar. 18 yaş gəncin kişiləşmə dövrüdür. Bu yaşda oğlanlar özlərini göstərmək üçün saqqal saxlaya və sərbəst geyinə bilər. Buna müdaxilə ediriksə, onu sındırmış oluruq. Mən insanlara azadlıq verməyin tərəfdarıyam”.

Firudin Cəlilov ailəlidir, 2 oğlu var. Oğlanlarından biri Tengiz Cəlilov cərrahdır. Özü isə 1993-cü ildən işləmir. Yaradıcılıqla məşğuldur.

# 9228
avatar

Aytəkin Cəlali

Oxşar yazılar