İtaliyanın Cinque Terre Milli parkındakı “Sevgi yolu” (Via dell'Amore) gəzinti yolu 12 illik yenidənqurmadan sonra keçən ilin yayında turistlərin üzünə açılıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, indi səyahətçilərə xatırladılıb ki, çoxlarının dünyanın ən romantiki adlandırdığı məşhur marşrut onları sərt məhdudiyyətlər və cərimələrlə qarşılamağa hazırlaşır.
Xüsusilə, 2019-cu ildə yerli hakimiyyət orqanları Cinque- Terre Milli parkı boyunca gəzinti yollarında flip-flop və tərlik kimi açıq və ya hamar ayaqqabıların geyilməsinə qadağa qoyub. Bu qaydaların pozulması 2500 avroya qədər cərimə ilə nəticələnə bilər.
Eyni zamanda, rəsmilər piyadaların bu tələbə əməl etmələri üçün xüsusi patrulların yoxlamalar aparacağı ilə bağlı xəbərdarlıq ediblər.
Bundan əlavə, ən məşhur Cinque -Terre cığırlarından bir neçəsi bu il birtərəfli sistemə tabe olacaq.
Xüsusilə, regionun ən çox ziyarət edilən iki şəhəri arasında keçən Monterosso-Vernatsa cığırı mövsümün ən işlək günlərində - 19-21 aprel, 25-27 aprel, 1, 29, 31 may və 1-2 iyun tarixlərində saat 9:00-dan 14:00-dək birtərəfli olacaq.
"Artıq 2023 və 2024-cü illərdə uğurla sınaqdan keçirilmiş bu tədbir, xüsusilə dar və dik cığırda təhlükəli kəsişmələrdən və sıxlığın qarşısını almaqla cığırdan istifadəni yaxşılaşdırmaq və ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır", - Cinque -Terre Milli parkı idarəsinin rəhbərliyi bildirib.
Bu arada, Riomadjore və Manarola şəhərləri arasında məşhur "Sevgi yolu"nu gəzmək istəyən turistlər əvvəlcədən bilet bron etməli olacaqlar. Bunu onlayn və ya kassada 12,50 avroya etmək olar və marşrutda saatda 400-dən çox ziyarətçiyə icazə verilməyəcək.
Eyni zamanda, Cinque-Terre administrasiyası turistləri bölgədəki az tanınan bəzi marşrutları araşdırmağa təşviq etdi. Məsələn, Sentiero Verde Azzurro və ya Mavi cığır hər iki istiqamətdə məhdudiyyətsiz açıq olacaq.